Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3946/2021 05.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin ünvan 1 yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər ona məxsus ünvan 1 ünvanında hal-hazırda qeydiyyatdadır. Lakin cavabdehlər həmin ünvanda uzun illərdir yaşamırlar. Cavabdehlərin həmin mənzildə qeydiyyatı formal xarakter daşıyır və faktiki olaraq həmin yaşayış sahəsindən istifadə etmirlər. Uzun müddətdir ki, cavabdehlər könüllü olaraq həmin mənzildən köçmüşlər və harada yaşamaqlarından məlumatları yoxdur. Qeyd olunanlara əsasən, cavabdehlərin ünvan 1 yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-5121/2017 saylı 03.11.2017-ci il tarixli qətnaməsinə əsasən, ünvan 1 ünvanına istifadə hüququ tanınmışdır. Evin mərhum sahibi, onun yoldaşının nənəsi Hacıyeva Tükəzban onlara ayrılan mənzilin bir otağının yoldaşı X3 adına çıxarış alınması məqsədilə özü və evdəkilər notarial qaydada razılıq ərizələri vermişdir. Hazırda evin çıxarışı mərhumun adınadır. Həmin mənzildə ailəsi və azyaşlı uşaqları ilə qalır. Qarşı tərəfin vermiş olduğu iddia ilə 6000 manat kompensasiya ödənildiyi halda razıdır. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, iddiaçının qardaşı Vidadi ilə 1992-ci ildə nikaha daxil olmuş, 1997-ci ildə boşanmışlar. 1997ci ildən mübahisəli ünvanda qeydiyyatdadır, orada yaşayır. Onun hüququ vardır ki, kompensasiya tələb etsin. Qızları Səbinə və Zeynəb də həmin evdə doğulub və yaşayırlar. Qarşı tərəfin vermiş olduğu iddia ilə 5000 manat kompensasiya ödənildiyi halda razıdır. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbinin əsassız hesab edilərək rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 17.07.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 X1 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında 19.10.2020-ci iltarixli arayışdan görünür ki, hazırkı iş üzrə tərəflər İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 932/2020 saylı 11.06.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X1 cavabdehlər X4, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı ünvan 1 ünvanına olan istifadə hüquqlarının itirilməsi və mənzildən çıxarılmalarına dair iddianın rədd edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 5121/2017 saylı 03.11.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanına istifadə hüququ tanınmışdır. İş materiallarına əlavə edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 01.02.2021-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, X2 ünvan 1 ünvanında yerləşən mənzilini İddiaçı miras qoymuşdur. İşin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, Cavabdeh1 məhkəmə qətnaməsi ilə, digər cavabdehlər isə iddiaçının keçmiş ailə üzvü olmaqla mübahisəli evdən istifadə hüququ əldə etmişdir. Həmçinin, cavabdehlər həmin ünvanı həmişəlik tərk etməmiş, müntəzəm olaraq oraya gəlib-getməkdədirlər. Hazırda iddiaçı cavabdehlərin mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbinə qiymət vermək üçün ilk öncə onun bu barədə iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmadığını müəyyən etmək vacibdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İşin hallarından görünür ki, iddiaçı cavabdehlərin istifadə hüququna xitam verilməsini xahiş etsə də, mübahisəli ünvana dair özünün mülkiyyət hüquqlarını təsdiq edən hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələblə müraciət etmək üçün subyektiv hüququ olmamışdır. Bundan əlavə, cavabdehlər iddiaçı tərəfindən kompensasiya ödənildiyi təqdirdə istifadə hüquqlarına xitam verilməsinə razı olduqlarını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 21.10.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 09.01.2018-ci il tarixdə, Cavabdeh2 13.08.2004-cü il tarixdə, Cavabdeh3 14.06.2016-cı ildə, Cavabdeh4 23.02.2012-ci il tarixdə ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmışdır. İşin qeyd olunan hallarına əsasən məhkəmə hesab edir ki, hüquq münasibətləri 2000-ci ildən sonra yarandığı üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsi tətbiq edilməklə iddia bu hissədə öz hüquqi həllini tapmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarından görünür ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7. maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Hazırkı işdən görünür ki, cavabdehlər mübahisəli evdən istifadə hüququ əldə etmişlər, iddiaçı isə qanunvericiliyə müvafiq qaydada cavabdehlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi üçün kompensasiya təklif etməmiş, onların kompensasiya təklifini isə qəbul etməmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, yuxarıda sadalanan maddənin tələbindən də göründüyü kimi, mülkiyyətçi yalnız bazar qiymətilə müəyyən edilmiş kompensasiya məbləğini təklif etməklə istifadə hüququna xitam verilməsini tələb edə bilər. Beləliklə, məhkəmə, tərəflərin izahatlarını, işin məhkəmə iclasında araşdırılan hallarını, həmçinin qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə alaraq, hazırkı iş üzrə aparılan məhkəmə araşdırmasına əsasən qeyd edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsindən görünür ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3 maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-3946/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3946/2021
05.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver