Məhkəmə qərarları › İş №2(003)-395/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-395/2021

18.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-395/2021 18.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri ünvan 1 ünvanına istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi (Qələbə küç) Rasim İmanov küçəsi ev 2a, 23 saylı mənzil mənim xüsusi mülkiyyətindir. Həmin mənzilə dair Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Müdafiəsi İdarəsi tərəfindən tərtib edilmiş ÖM seriyalı 191167 saylı Qeydiyyat vəsiqəsi onun adınadır. Bir müddət əvvəl müəyyən sənədləşdirmə işlərindən ötəri Yaşayış yeri üzrə qeydiyyat haqqında arayış alınması ilə əlaqədar 5 saylı Asan xidmətə müraciət etdikdə ona məlum olmuşdur ki, mənzilində tanımadığı şəxslər olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeydiyyatdadırlar. Lakin o həmin cavabdehləri tanımır və onlar heç zaman onun ailə üzvləri olmamışlar. Bildirir ki, cavabdehlər bir gün də olsun onun evində yaşamamışlar. O onların mənzilində pasport qeydiyyatına alınmasına dair heç vaxt razılıq verməmişdir. Hazırda formal olaraq cavabdehlərin qeydiyyatı mənzilimdə qalmışdır. Onların mülkiyyətçisi olduğu mənzildə pasport qeydiyyatında qalmaları onun üçün bir çox çətinliklər yaradır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəm iclasına gəlməmişlər. Məhkəmə mülki işə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tiddiaçının izahatını dinləyərək, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən 30.04.2004-cü il tarixdə verilmiş 191167 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri ünvan 1 tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Xəzər RPİ QvŞV şöbəsi tərəfindən 29.09.2020ci il tarixdə verilmiş ******* nömrəli arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Əlavə Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri ünvan 1 İddiaçı mülkiyyətindədir. İddiaçı cavabdehlərin istifadə hüquqlarının itirilməsini tələb etsə də, cavabdehin mübahisəli mənzilində istifadə hüququ müəyyən edilmir. Belə ki, həmin hüququn yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində, əvvəlki Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələrində, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslar mövcud deyildir. Hər hansı hüquqa xitam verilməsi və ya itirilmiş hesab edilməsi üçün əvvəlcə hüququn olması müəyyən edilməlidir. Cavabdehlərin mənzilə istifadə hüququnun olması müəyyən edilmədiyindən istifadə hüququnun itirilməsi barədə tələb də təmin edilə bilməz. Cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda olması isə evə istifadə hüquqlarının olması kimi qəbul edilə bilməz. Belə ki, “Yaşayış yeri və oluğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunvericilikdə yaşayış yeri üzrə qeydiyyatın istifadə hüququ kimi hüquqi nəticə doğurması nəzərdə tutulmayıb. Ona görə də cavabdehlərin mənzildən istifadə hüququnun olması müəyyən edilmədiyindən iddiaçının istifadə hüququna xitam verilməsi barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində ondan Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar