Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-397/2024 08.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 56000 manat və ödənilmiş dövlət rüsumuna görə 258 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, iddiaçı Cavabdeh1 əvvəllər tanımışdır. Onunla birlikdə iş görmüşlər. Cavabdeh1 oğlanlarına Sumqayıt şəhərində iki yanacaq doldurma məntəqəsi məxsusdur. Həmin yanacaqdoldurma məntəqələri övladlarının adına rəsmiləşdirilsə də, həmin məntəqələrə Cavabdeh1 rəhbərlik etmişdir. 2018-ci ilin aprel ayında Cavabdeh1 ona məxsus olan Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinə iddiaçını dəvət edərək birgə işləməyi təklif etmişdir. O, iddiaçıya təklif etmişdir ki, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində və Sumqayıt şəhəri Dənizkənarı park ərazisində yerləşən hər iki yanacaqdoldurma məntəqəsinə rəhbərlik etsin. İddiaçının işlədiyi həmin müddətdə Cavabdeh1 yanacaqdoldurma məntəqəsinin kassasından 25000 manata yaxın pul götürmüşdür. Sonrakı vaxtlarda Cavabdeh1 kassadan ayrı-ayrı vaxtlarda cəmi 45000 manat pul götürmüşdür. Digər Cavabdeh2 iddiaçıya yanacaqdoldurma məntəqəsinin işinin aparılması və təşkili üçün xx.xx.2018-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə etibarnamələr vermişdir. 2021-ci ilin noyabr ayında iddiaçının səhhətində yaranmış problemlə əlaqədar olaraq o, işləməmişdir. İddiaçı öz şəxsi vəsaiti hesabına və yaxınlarının köməyi ilə yanacaqdoldurma məntəqəsinin işinin davam etməsi üçün 100000 manat pul xərcləmişdir. İşdən çıxdıqdan sonra o, yaxınlarına olan borcun ödənilməsi üçün ayrı-ayrı vaxtlarda kredit götürmək üçün banklara müraciət etmişdir. İddiaçıya məxsus əmlakları "xxxx" ASCyə, "xxxx" ASC-yə və "xxxx" ASC-yə girov qoymuşdur. Girov müqabilində "xxxx" ASC-dən 50000 manat, "xxxx" ASC-dən 15000 manat və "xxxx" ASC-dən 30000 manat kredit götürmüşdür. İddiaçı götürülən kreditləri Sumqayıt şəhərində fəaliyyət göstərən və etibarnamə əsasında idarə etdiyi YDM-nin borclarının ödənilməsinə sərf etmişdir. İddiaçı ayrı-ayrı banklardan cəmi 95000 manat kredit götürmüş və həmin pulu YDM-nin borcuna sərf etmişdir. Hal-hazırda Cavabdeh1 iddiaçıya olan borcu 56000 manatdır. O, bu pulu yanacaqdoldurma məntəqəsinin kassasından götürərək öz şəxsi məqsədləri üçün istifadə etmişdir. İddiaçı dəfələrlə 56000 manat məbləği Cavabdeh1 istəsə də, o heç kimə borcu olmadığını bildirmişdir. Cavabdeh2 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq orada göstərmişdir ki, İddiaçı Xəzər Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehə məxsus Sumqayıt şəhərində və Qaradağ rayonu Lökbatan Qəsəbəsində yerləşən “TOSOİL” yanacaqdoldurma məntəqəsində şərik işlədiyini, həmin yanacaqdoldurma məntəqəsinin işlərin inkşafı və davam etdirilməsi məqsədi ilə Yanacaqdoldurma Məntəqəsinə 100,000 manat pul xərclədiyini, pulun bir hissəsinin ödənildiyi və hazırda ona cavabdehin 56,258 manat borclu olduğunu bildirmişdir. Eyni zamanda, iddiaçı iddia ərizəsində bildirmişdir ki, Cavabdeh1 onu Yanacaqdoldurma Məntəqəsinə şərik işləməyə dəvət etmişdir. İddia tam əsassızdır və heç bir sübutu yoxdur. Aşağıda qeyd olunanlara əsassən iddia əsassız hesab edilməlidir. 1. H.Z.Tağıyev qəsəbəsində yerləşən Yanacaqdoldurma məntəqəsinə o rəhbərlik edir və bu məntəqə ona məxsusdur. İddiaçı atası Cavabdeh1 yaxın dostu olub və atasının xahişi ilə ona Yanacaqdoldurma məntəqəsinin işlərində ona kömək etmək məqsədi ilə 120425 saylı etibarnamə vermişdir. İddiaçı bu etibarnamə əsasında ona kömək etmiş və bu işlərin müqabilində zəhmət haqqı olaraq pul vermişdir. Qərənizadə X2 məntəqəsində heç zaman rəsmi işçi kimi işləməmiş və aralarında heç bir əmək haqqı müqaviləsi bağlanmamışdır. Etibarnamə üzrə iddiaçı 3 il fəaliyyət göstərmiş və gördüyü işlər qarşılığında pulunu almışdır. 2. İddiaçı 2021-ci il tarixdə Yanacaqdoldurma məntəqəsinin kassasından Məntəqənin vergi borcları və “SOCAR”-a yanacaq almaq üçün ümumilikdə 58.000 manat nağd pul götürmüş, lakin pulu şəxsi istifadəsinə xərcləmiş və təyinatı üzrə ödəməmişdir. İddiaçı etibardan sui-istifadə etmiş və pulları mənimsəmişdir. Cavbdehin əməlləri nəticəsində məntəqənin borcu yaranmış və onun tərəfindən həmin borclar ödənilmişdir və beləliklə onlara xeyli miqdarda maddi ziyan dəymişdir. Cavabdeh səhhətində ciddi problemlər olduğunu bildirmiş, pulu şəxsi istifadəsinə xərclədiyini və borcu qısa müddətdə ödəməsinə soz vermiş, lakin bu günə qədər heç bir ödəniş etməmişdir. 3. Cavabdehin Yanacaqdoldurma Məntəqəsinə heç bir maddi dəstəyi olmamışdır və buna zərurət yaranmamışdır. X1 Dəstək Proqramı çərçivəsində Beynəlxalq Bankın Sumqayıt filialından kreditlər götürmüş, iddiaçı krediti ödəmək üçün Yanacaqdoldurma məntəqəsindən pul götürmüş, lakin iddiaçı həmin kreditləri ödəməmişdir. Bu səbəbdən də onlara xeyli miqdarda maddi ziyan dəymişdir. Məhkəməyə təqdim olunacaq Cavabdeh2 vergilər üzrə VÖEN:********** saylı şəxsi hesab vərəqəsi və “Azərbaycan Beynəlxalq Bank”-ının Sumqayit filialının bank Hesabından çıxarışı məhkəməyə təqdim olunacaqdır. İddiaçının mülki tələbi tam əsassızdır, qeyd olunanlar fakta və iddia ərizəsində göstərilənlər heç bir sübuta istinad olunmur. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və etiraz ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirdi ki, o, həmin YDM-də növbə rəisi işləmişdir. YDM-nin pul və maliyyə məsələlərindən xəbəri olmamışdır. YDM-nin mülkiyyətçisi Vasifdir. Onu da işə Vasif qəbul etmişdir. Hər gün yığılan pulu növbə rəisinə təhvil vermişdir. Novruz YDM-də icarəçi kimi oranı işlətmişdir. O, Novruzun icazəsi ilə dəfələrlə Vasifə pul vermişdir. Məhkəmə iclasında şahid X5 ifadəsində bildirdi ki, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən “Tosoil” YDM-də operator kimi işləmişdir. Təxminən 7 ilə yaxın orada işləmişdir. Onu işə Vasif götürmüşdür. Novruzu oranın müdiri kimi tanımışdır. O, hər gün pulu yığaraq növbə rəisinə vermişdir. Novruz oranı işlədən zaman başlıca növbə rəisi Ataxan olmuşdur. Novruz oranı işlədərkən Vasif oraya gəlib-getmişdir. Novruz icarəçi olsa da, mülkiyyətçi Vasif idi. Məhkəmə iclasında şahid X9 ifadəsində bildirdi ki, o, qeyd edilən YDM-də mühasib kimi işləmişdir. Novruzu da Vasifi də iş yoldaşı kimi tanıyır. YDM-nin hər ikisi Sumqayıt şəhərində yerləşir. Onlardan biri Qalibin, digəri isə Vasifin mülkiyyətindədir. Novruz qeyrirəsmi olaraq orada işləmişdir. Vasif Novruza etibarnamə vermişdir ki, sonuncu pulu aparıb bankda “SOCAR”-ın hesabına köçürsün. Əvvəlcədən “SOCAR”-ın hesabına pul ödənilir, daha sonra məntəqə yanacaqla təmin edilir. Yanacağın alınması işləri ilə Novruz məşğul olmuşdur. İlk əvvəl Vasif dolu çən vermişdir. Daha sonra Novruz benzin satıldıqca çəni doldurmuşdur. Novruz heç vaxt 85000 manat məbləğində krediti öz adına götürə bilməzdi. Həmin krediti Vasif götürmüşdür. Kredit götürülən zaman YDM girov qoyulmuşdur. Novruz yanacağın gediş-gəlişi və pulun yığılmasına cavabdeh idi. YDM sənədlə Vasifin adına idi. Novruz oranı icarə müqaviləsi əsasında işlədirdi. Gündəlik ümumi dövriyyə 3500-4000 manat olurdu və pul Novruza çatırdı. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirdi ki, o, qeyd edilən YDM-də operator kimi işləmişdir. Novruzun orada nə işlədiyini bilmir. Maaşı gah kart vasitəsilə, gah da əlbəəl almışlar. Pulu onlara növbə rəisi vermişdir. Təhvil-təslimi növbə rəisi ilə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkilinin və cavabdehin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1.-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh2 məxsus olan yanacaqdoldurma məntəqəsində icarəçi qismində orada işləmişdir. İddiaçı yanacaqdoldurma məntəqəsinə yaxşılaşdırmalar edərək oraya 100000 manat məbləğində pul xərclədiyini, həmin pulu öz şəxsi vəsaiti və qohumları vasitəsilə topladığını, daha sonra isə borcunu qaytarmaq üçün müxtəlif banklardan kreditlər götürdüyünü iddia edir. Həmçinin iddiaçı tərəf bildirir ki, Cavabdeh1 borcdan müəyyən qədərini qaytarmış, 56000 manat məbləğində borc qalmışdır. Lakin, iddiaçı iddiasının əsasını təşkil edən halları sübut edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddia ərizəsinə əlavə edilmiş kredit müqavilələrinin iddiaçı tərəfindən hansı məqsədlə istifadə edildiyi müəyyən edilmir. Məhkəmə tədqiq olunmuş sənədlərə, şahid ifadələrinə məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən iddia ərizəsi heç bir dəlilə, sübuta əsaslanmadan verildiyinə görə təmin edilə bilməz. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-397/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-397/2024
08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver