Məhkəmə qərarları › İş №2(003)-41/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-41/2021

31.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-41/2021 31.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı nümayəndəsi X3 oğlunun iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək SOCAR-ın “Azneft” (İB) neft və qaz əməliyyatlarının aparılması məqsədilə daimi istifadəsinə verilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna - Maştağa magistral yolunun sağ tərəfində H.Z.Tagıyev adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 3 saylı neft və qaz çıxarma sahəsində (39 T 0418962, ******* koordinatda) yerləşən mədən ərazisinin bir hissəsində vətəndaş Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin İddiaçı istifadəsinə qaytarılması və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 03.10.2009-cu ildə təsdiq edilmiş topoqrafik plana əsasən SOCAR-ın İddiaçı neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsinin - Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna - Maştağa magistral yolunun sağ tərəfində H.Z.Tagıyev adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 3 saylı neft və qaz çıxarma sahəsində (39 T 0418962, ******* koordinatda) yerləşən mədən ərazisinin bir hissəsində Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu İcra Hakimiyyətinin 30.12.1999cu il tarixli 2740 nömrəli sərəncamına əsasən fərdi ev tikintisi üçün Cavabdeh 1200.m2 torpaq sahəsi ayrılmışdır. Neft-qaz əməliyyatlarının aparılması üçün yuxarıda göstərilən ünvanda Cavabdeh tərəfindən özbaşına tikinti işləri aparılmışdır. Dəfələrlə cavabdehdən özbaşına tikinti işlərinin dayandırılması və ərazinin boşaldılması tələb olunsada, o tikinti işlərini davam etdirmişdir. Cavabdeh tərəfindən qanunsuz tikinti işləri aparılan torpaq sahəsi SOCAR-ın “Azneft” İB-nin neft və qaz əməliyyatlarının aparılması məqsədilə daimi istifadəsinə verilmiş torpaq sahələrinin hüdudlarından daxilindədir. Aparılan bu tikinti işləri nəticəsində İddiaçı ona aid olan neft və qaz əməliyyatları aparmaq imkanından faktiki olaraq məhrum olmaqla yanaşı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydaları kobud surətdə pozulmuşdur. Neft quyularında hər hansı bir qaz sızması baş verərsə bu da həmin evdə və ətrafda yaşayan sakinlərin həyatı üçün təhlükəlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 oğlu iddia ərizəsini müdafiə edərək izahatında iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, ərizə vilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı ona qarşı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna- Maştağa magistral yolunun sağ tərəfində olan torpaq sahəsində onun tərəfindən inşa edilmiş tikilinin sökülməsi ərazinin boşaldılması və zəbt edilmiş ərazinin İddiaçınə qaytarılması tələbi ilə Xəzər rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, sözü gedən torpaq sahəsi keçmiş Əzizbəyov (indiki Xəzər) rayon Hakimiyyətinin 30.12.1999-cu il tarixli, 2740 nömrəli sərəncamına əsasən Buzovna qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Həmin sərəncam əsasında uzun illər öncə qeyd olunan torpaq sahəsində hasarlama işləri aparılıb və müəyyən müddətdən sonra orada tikinti işləri aparılmışdır. Maddi durumunun aşağı olması ilə əlaqədar tikintimi tamamlaya bilməmişdir. 2018-ci ildə yarımçıq qalmış işlərini yekunlaşdırmaq məqsədi ilə işə başlamışdır. Həmin vaxt özlərini SOCAR-ın əməkdaşları kimi təqdim edən şəxslər yaxınlaşaraq sözü gedən torpaq sahəsinin SOCAR-a aid olunduğunu bildirmişlər. O da onlara sahəsi keçmiş Əzizbəyov (indiki Xəzər) rayon Hakimiyyətinin 30.12.1999-cu il tarixli, 2740 nömrəli sərəncamı təqdim edərək qeyd olunan torpaq sahəsi qanunu əsaslarla ona ayrıldığını və həmin sənəd əsasında tikinti işlərini apardığını bildirmişdir. Lakin 2018-ci ilin iyun ayında keçmiş 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi tərəfindən bildiriş gələrək məhkəməyə dəvət olunmuşdur. 01.05.2018ci il tarixdə İddiaçı cavabdeh Xəzər rayon İcra Hakimiyyətinə üçüncü şəxs olaraq ona qarşı Əzizbəyov Rayon İcra Hakimiyyətinin 30.12.1999-cu il tarixli 2740 nömrəli sərəncamın etibarsız hesab edilməsinə dair iddia ilə məhkəməyə müraciət edildiyi müəyyən olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11.06.2019-cu il tarixli 2-1(82)- 105/2019 nömrəli qərardadı ilə İddiaçı 30.12.1999-cu il tarixli 2740 nömrəli sərəncamın etibarsız hesab edilməsi tələbi barədə iddiası mümkün sayılmamışdır. Qeyd olunanları nəzərə alaraq qeyd edir ki, İddiaçı tərəfindən verilmiş iddia əsasızdır. Yuxarıda qeyd olunan hallar bunu tam təsdiq edir. Belə ki, sözü gedən torpaq sahəsi keçmiş Əzizbəyov (indiki Xəzər) rayon Hakimiyyətinin 30.12.1999-cu il tarixli, 2740 nömrəli sərəncamı əsasında ona ayrılıb və həmin torpaq sahəsi bu günədək istifadəsindədir. Qeyd olunan sərəncam bu günədək qüvvədədir və İddiaçı tərəfindən İnzibati Məhkəməyə verilmiş iddia tələbi mümkün sayılmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Azneft” İstehsalar Birliyinin mənə qarşı Bakı şəhəri, Xəzər rayonu, Buzovna gəsəbəsi, Buzovna-Maştağa magistral yolunun sağ tərəfində olan torpaq sahəsində onun tərəfindən inşa edilmiş tikilinin sökülməsi ərazinin boşaldılması və zəbt edilmiş ərazinin İddiaçınə qaytarılması tələbinə dair iddiası yuxarıda qeyd olunan halları əsas götürərək iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və cavabdehin ərizəsini, təqdim edilmiş sübutları və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır və aşağıdakılara görə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış və təsdiq olunmuş 03 iyul 2009-cu il tarixli xəritədən görünür ki, mübahisələndirilən torpaq sahəsi İddiaçı «H.Z.Tağıyev» adına NQÇİ-nin daimi istifadəsindədir. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 30.12.1999-cu il tarixli, 2740 saylı vətəndaş Cavabdeh Buzovna qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında sərəncamı ilə Buzovna qəsəbəsində 5-407 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m. torpaq sahəsi ayrılması qərara alınmışdır. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11.06.2019-cu il tarixli 2-1(82)-105/2019 nömrəli qərardadı ilə İddiaçı Bakı Şəhər Xəzər Rayon İcra Hakimiyyətinə qarşı 30.12.1999-cu il tarixli 2740 nömrəli sərəncamın etibarsız hesab edilməsi tələbi barədə iddiası mümkün sayılmamışdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə ünvanladığı 11.06.2019-cu il tarixli məktubdan aydın olur ki, 19.04.2021-ci il tarixli, 2(003)-41/2021 saylı sorğunuza cavab olaraq bildirirəm " iddiaçı SOCAR-ın “Azneft” İB-nin cavabdeh Bakı şəhəri Xəzər rayon İcra hakimiyyətinə (3-cü şəxs Cavabdeh) qarşı 30.12.1999-cu il tarixli, 2740 nömrəli sərəncamın etibarsız hesab edilməsi və torpaq sahəsinin qaytarılması tələbinə dair iş üzrə 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 11.06.2019-cu il tarixli, 2-1(112)-105/2019 saylı qərardadı qanuni qüvvəsini almışdır. Qərardaddan apelyasiya şikayəti verilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əsasən müəyyən olunur ki, iş üzrə mübahisəli, yəni Cavabdeh faktiki istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna - Maştağa magistral yolunun sağ tərəfində yerləşən torpaq sahəsi H.Z.Tagtyev adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 3 saylı neft və qaz çıxarma sahəsində (39 T 0413962, ******* koordinatda) yerləşən mədən ərazisində yerləşir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2021-ci il tarixli 10/317 nömrəli rəyindən aydın olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarət şöbəsinin məsləhətçisi S.Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyində qeyd olunur ki, iş üzrə mübahisəli, yəni Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa magistral yolunun sağ tərəfində yerləşən torpaq sahəsi H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 3 saylı neft və qaz çıxarma sahəsində (39 T 0413962, ******* koordinatda) yerləşən mədən ərazisində yerləşir. Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Tikilinin hüquqmüəyyənedici və texniki sənədlərinin mərkəzə təqdim edilməməsi səbəbindən bu sual üzrə tədqiqat aparılmadı. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İB-nin istismarında olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna - Maştağa magistral yolunun sağ tərəfində H.Z.Tagıyev adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 3 saylı neft və qaz çıxarma sahəsində (39 T 0418962, ******* koordinatda) yerləşən mədən ərazisinin bir hissəsində Cavabdeh tərəfindən Əzizbəyov (indiki xəzər) Rayon İcra Hakimiyyətinin 30.12.1999-ci il tarixli Sərəncamı ilə ona ayrılmış torpaq sahəsində tikili inşa edilmişdir. Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu İcra Hakimiyyətinin 30.12.1999-cu il tarixli 2740 nömrəli sərəncamına əsasən fərdi ev tikintisi üçün Cavabdeh 1200.m2 torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin tikilinin mühafizə zolağına düşdüyünə görə sökülməsini tələb edir. Bu baxımdan məhkəmə hesab edir ki, nə qədər ki, müvafiq icra hakimiyyəti orqanının cavabdehə tikinti aparılması üçün torpaq ayırması və tikintiyə icazə verilməsi barədə ləğv edilməmiş sərəncamı mövcuddur, həmin şəxsin tikililəri özbaşına tikili hesab edilərək sökülə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Bundan başqa Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (ilkin mətn) 55-ci maddəsində qeyd edilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66.1-ci maddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 66.2-ci maddəsinə əsasən Torpaq üzərində mülkiyyət hüququ və torpaqdan daimi istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarına əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən dövlət aktı (şəhadətnamə) ilə rəsmiləşdirilir. 67.1-ci maddəsinə əsasən Torpaq sahələri üzərində hüquqlar, o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyatdan keçirilməlidir. 68- ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Məcəllənin 139-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair ündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər. Məhkəmədə müəyyən olundu ki, Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 30.12.1999-cu il tarixli, 2740 saylı vətəndaş Cavabdeh Buzovna qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında sərəncamı ilə Buzovna qəsəbəsində 5-407 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m. torpaq sahəsi ayrılmışdır ki, bu da öz növbəsində yuxarıda sadalanan normalara əsasən mülkiyyət hüququnun ünsür elementlərindən olan sahiblik və istifadə hüququnun yaranması üçün əsasdır. Beləliklə məhkəmə hesab edir ki, qanunvericilikdə müəyyən edilmiş qaydada lazimi icazələr alaraq özü üçün fərdi yaşayış evi tikintisini həyata keçirən və 20 ildən çox müddət ərizəndə həmin torpaq sahəsinə, eləcə də tikintisini həyata keçirdiyi həmin torpaq sahəsində yerləşən tikiliyə sahiblik edən cavabdehin həmin torpaq sahəsinə və tikiliyə gözlənilən mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ isə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin tələbi baxımından toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Bu səbəbdən magistral neft kəmərinin mühafizə zonasında yerləşən cavabdehə məxsus olan fərdi yaşayış evi özbaşına tikili hesab edilərək sökülə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdehə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi ilə bağlı müvafiq icra hakiməyyəti orqanının sərəncamı mövcud olmqla hazırda qüvvədədir. Sözügedən sıərəncamın qanunvericiliyin müəyyən etdiyi qaydalara uyğun nə məhkəmə qaydasında ləğv edilməsi, nə də həmin sərəncamın hər hansı qərarla qüvvədən düşməsi müəyyən edilmir. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi, həmin sərəncamın etibarsız hesab edilməsi ilə bağlı müvafiq məhkəmədə iddia qaldırılmış, lakin həmin iddia tələbi mümkünsüz hesab edilməklə məhkəmənin qərarı qanuni qüvvəsini almışdır. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən torpaq sahəsinin ayrılmasına əsas olmuş sərəncam mübahisələndirilməməklə qüvvədə olduğu halda orada sərəncamda göstərilən qaydada təyinatı üzrə cavabdeh tərəfindən aparılmış tikintinin sökülməsi qanuni və əsasılı hesab edilə bilməməklə hazırki iddia tələbi bu baxımından da təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusuyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində isə qeyd olunub ki, «Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur». Bundan əlavə, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Bu Məcəllənin 108.2.-ci maddəsində isə göstərilib ki, «Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları,ödənilmə qaydaları və miqdarı qanuna müvafiq olaraq müəyyən edilir». İşə əlavə olunmuş qəbzdən görünür ki, hazırki işin məhkəmədə baxılması üçün iddiaçı 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən 10,0 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc rəyə əlavə edilmiş smetya əsasən 73,80 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən 73,80 manat məbləğində mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc iddiaçıdan tutularaq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə ödənilməlidir. İşəəlavə edilmişekspertiza xərclərinə dair bildirişdən aydın olur ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia rədd edildiyindən iş üzrə ekspertiza tədqiqatının dəyəri 50 manatməbləğində pul vəsaitiiddiaçıdan tutularaq AzərbaycanRespublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216– 220, 227, 233, 357– 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddiası təmin edilməsin. 73,80 manat məbləğində mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçındən tutularaq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə (Kapital Bank ASC, Xətai filialı. Filialın kodu: 200071, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, müxbir hesab: AZ37NABZ********************) ödənilsin. İşüzrəkeçirilmiş ekspertiza tədqiqatına görə 50 manat məbləğində pul iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçındən alınaraqDövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar