Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4126/2023 27.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 tərəfindən ona məxsus torpaq sahəsinin, yəni Buzovna qəsəbəsi, Maştağa yolunun sol istiqamətində yerləşən 0,10 ha torpaq sahəsinin onun istifadəsinə qaytarılması və onun tərəfindən həmin ərazidə inşa edilmiş tikilinin cavabdehin öz vəsaiti hesabına sökülməklə əvvəlki vəziyyətə gətirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 11 saylı qərarı ilə Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində 1000 kv.m. fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmışdır. Mülkiyyətinə torpaq sahəsinin verilməsi ilə bağlı alqı-satqı müqaviləsi və akt barədə rəsmi sənəd vardır və hazırda həmin sənədlər Bələdiyyə arxivində qeydiyyatdadır. İddiaçı ona məxsus torpaq sahəsinə keçdikdə, yəni 2018-ci ilin avqust ayında cavabdehin Buzovna qəsəbəsi, Maştağa yolunun sol istiqamətində yerləşən 0.10 ha torpaq sahəsinin kilidini sındıraraq, oranı zəbt etdiyini və həmin torpaq sahəsində tikinti işlərinin apardığını görmüş və o, cavabdehə ona məxsus torpaq sahəsində heç bir tikinti işləri aparmamağı xəbərdarlıq etmişdir. Buna baxmayaraq, cavabdeh ona məxsus torpaq sahəsində müəyyən tikinti işləri aparmışdır. Bununla əlaqədar Polis orqanlarına müraciət etmiş, cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilərək, bu məsələ ilə bağlı mülki qaydada məhkəməyə müraciət edilməsi bildirilmişdir. Sonradan İddiaçı ərizə ilə müraciət edərək Cavabdeh2 iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-90/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı müstəqil tələb irəli sürməyən Sabunçu rayonu Maştağa Bələdiyyəsi olmaqla zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması tələbinə dair mülki iş müstəsna aidiyyat qaydasında baxılması üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etməyərək həmin torpaq sahəsini Emil adlı şəxsdən aldığını, torpaq sahəsində 6 ay müddətində ev tikdirdiyini və darvaza, arakəsmələr inşa etdirdiyini, torpaq sahəsinin Bakı şəhəri Xəzər rayon Bələdiyyəsi tərəfindən əri Fuad Abışovun adına rəsmiləşdirildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etməyərək həmin torpaq sahəsində 7 il müddətində zəhmət çəkdiyini, torpaq sahəsində ev tikdirdiyini bildirmişdir. Cavabdeh əlavə olaraq qeyd etmişdir ki, torpaq sahəsini əldə etmək üçün pul ödəmişdir. Mübahisə edilən torpaq sahəsi Sabunçu rayonunun deyil, Xəzər rayonunun ərazisində yerləşir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan: Bakı şəhəri Xəzər RPİ-nin 2-ci PŞ-nin xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Yerli (bələdiyyə) büdcəsinin vergi ödəyicisi olan fiziki şəxslərin uçota alınması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yerləşən 1000 kv.m torpaq sahəsinin vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 11 saylı qərarının surətindən görünür ki, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində 1000 kv.m. torpaq sahəsi İddiaçı fərdi yaşayış evi tikintisi üçün ayrılması və ayrılmış torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. Torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 11 saylı qərarı ilə ona ayrılmış torpaq sahəsinin müqabilində ******* (səkkiz milyon səkkiz yüz manat (AZM)) manat haqq ödənilmişdir. Bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsi ilə İddiaçı arasında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində 1000 kv.m. torpaq sahəsinin ayrılması barədə müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, mübahisə predmeti olan və iddiaçının naturada göstərdiyi torpaq sahəsi hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (H.Z.Tağıyev adına NQÇİ-nin Qala bloku) daimi istifadəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşməklə sənaye təyinatlı dövlət mülkiyyəti torpağıdır. Mübahisə predmeti olan torpaq sahəsi xüsusi mülkiyyətə verilməmişdir, əvvəldən də dövlət mülkiyyətində olmuşdur. Mübahisə predmeti olan torpaq sahəsinin əvvəllər Maştağa Bələdiyyəsinin mülkiyyətində olması barədə məlumat aşkar edilməmişdir. Mübahisə predmeti olan torpaq sahəsinə dair iş üzrə Cavabdeh1 adına hər hansı bir hüquq müəyyənedici sənəd aşkar edilməmişdir. Mübahisə predmeti olan torpaq sahəsinə dair iş üzrə İddiaçı adına hər hansı bir hüquq müəyyənedici sənəd aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 01/18/213 nömrəli smetadan görünür ki, həmin dövlət orqanı tərəfindən 121,60 manat ekspertiza xərci çəkilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətindədir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilindədir. (H.Z.Tağıyev adına NQÇİ) Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Göstərilən torpaq sahəsi Xəzər rayonu, Buzovna qəsəbəsinin sərhədləri daxilində yerləşir. Arxiv məlumatlarına əsasən İddiaçı adına hər hansı bir hüquqmüəyyənedici sənəd aşkat edilməmişdir. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırki iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki, o, mübahisəli torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməsinə dair sənəd təqdim etməmişdir. İddiaçı yalnız torpaq sahəsinə qanunla müdafiə olunan hüquq əldə etdiyini sübut edə bildiyi halda hazırki iddia tələbi ilə çıxış edə bilər. Hazırki halda isə sözügedən torpaq sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hüquq əldə etməsini təsdiq edən hər hansı bir sübutu olmadığından məhkəmənin qənaətinə görə, iddiaçı irəli sürdüyü tələbə münasibətdə ümumiyyətlə subyektiv hüquqa malik şəxs deyildir və həmin tələbə məhz bu kontekstdə qiymət verilməlidir. Həmçinin iş materiallarından da görünür ki, mübahisə edilən torpaq sahəsi nə iddiaçının, nə də ki cavabdehlərin mülkiyyətində deyil. Həmin torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsinə ayrılmışdır və dövlət mülkiyyətindədir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının məhz mübahisəsini etdiyi torpaq sahəsinə dair qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidr. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc 121,60 manat İddiaçı tutulub dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd edilənlərə əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması” tələbi rədd edilməli, mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc 121,60 manat İddiaçı tutulub dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması” tələbi rədd edilsin. Mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc 121,60 (yüz iyirmi bir manat, altmış qəpik) manat İddiaçı tutulub dövlət büdcəsinə ödənilsin. (hesab: "xxxx" ASC-nin 1 saylı Xətai filialı, kod:200071 VOEN (bank) **********, müxbir hesab:AZ37NABZ********************, svvift: AİİBAZ2X, kadastr və yerquluşu layihətədqiqat Mərkəzi MMC VOEN:**********, hesab N: AZ23AİİB********************). Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-4126/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4126/2023
27.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver