Məhkəmə qərarları › İş №2(003)-4151/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4151/2023

25.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4151/2023 25.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti maraqlı şəxs qismində cəlb edilməklə "torpaq sahəsindən istifadə faktının müəyyən edilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti maraqlı şəxs qismində cəlb edilməklə "torpaq sahəsindən istifadə faktının müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Abşeron rayonu ərazisində yerləşən, əvvəllər Donuzkökəltmə sovxozuna məxsus olan, Binə qəsəbəsində yerləşən, 0,08 ha torpaq sahəsinə onun faktiki mülkiyyətçi hüququ ilə 32 il fasiləsiz və etirazsız sahiblik etmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ona ev tikmək üçün Abşeron rayon Donuzkökəltmə sovxozunun 12 iyul 1990-cı il tarixli əmri əsasında Abşeron rayonunun ərazisindən 0,08 ha torpaq sahəsi ayrılmışdır. Bu barədə Abşeron rayon Donuzkökəltmə sovxozunun 12 iyul 1990-cı il tarixli, 13* saylı əmri var. O, bu yaxınlarda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə müraciət edərək ona istfadəsində olan torpaq sahəsi üçün çıxarış verilməsini xahiş etmişdir. Ona idarədə həmin əmr sənədin əsli olmadığına və əmrdə onun adının qeyd edilmədiyinə görə həmin əmr əsasında çıxarış verilmədiyi bildirilmişdir. Sovxoz çoxdan ləğv olunduğu üçün o, əmrdə onun adının olmamasının səbəbini öyrənə bilmir. O, əmrin əslini itirdiyi üçün həmin sənədin əslini əldə edə bilmir. O, artıq 32 ildən çoxdur ki, Binə qəsəbəsində yerləşən, sovxo tərəfindən ev tikmək üçün ona verilən torpaq sahəsindən faktiki mülkiyyətçi kimi istifadə edir. Həmin torpaq sahəsində o, ev də tikmişdir. Həmin torpaq sahəsinə 32 illik fakti istifadə faktının müəyyən edilməsi ona həmin torpaq sahəsinə rəsmi sənəd almaq üçün lazımdır. O, 12 iyul 1990-cı il tarixli sənəddən çıxarış almaq üçün Abşeron rayonunda yerləşən arxiv idarəsinə müraciət etmişdir. Həmin idarədən ona rəsmi cavabla əmrdə onun adının olmadığı bildirilmişdir. Daha sonra o, Milli Arviv İdarəsinə müraciət etmişdir. Həmin idarədə ona Donuzkökəltmə sovxozunun arxiv sənədlərinin Azərbaycan Respublikasının dövlət arxivinə dövlət arxivinin Bakı filialına mühafizə üçün təhvil verilmədiyi bildirilmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi və vəkili X2 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, həmin torpaq sahəsi ilə bağlı Bakı Şəhəri İcra Hakimiyyətinə, Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə və Bakı şəhəri Xəzər rayon Binə Bələdiyyəsinə sorğular göndərilmişdir. Bakı Şəhəri İcra Hakimiyyətinin cavab məktubunda həmin məsələ ilə əlaqədar sənədləşmə işlərinin aparılmaması, Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin cavab məktubunda həmin torpaq sahəsinin dövlətin balansına aid olan ərazidə yerləşməsi, Bakı şəhəri Xəzər rayon Binə Bələdiyyəsinin cavab məktubunda həmin torpaq sahəsinin kimin balansında olub-olmaması barədə bələdiyyədə heç bir məlumatın mövcud olmadığı göstərilmişdir. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq ərizəçi məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs qismində cəlb olunmuş oğlu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin 28 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, Abşeron rayon “Donuzkökəltmə” sovxozunun 12 iyul 1990-cı il tarixli, 13* saylı əmrində vətəndaş Ərizəçi adı aşkar edilməmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 09 dekabr 2022-ci il tarixli, 4/2418 nömrəli məktubundan görünür ki, Abşeron rayon “Donuzkökəltmə” sovxozunun arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.6-cı maddəsinə əsasən əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 30*.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.6-cı maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki işin materiallarından görünür ki, ərizəçi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinə aid olan sənədləri əldə edə bilməmişdir. Göründüyü kimi, hüquqi əhəmiyyəti olan faktlar ərizənin verildiyi hər bir halda deyil, ərizəçiyə lazım olan faktları təsdiq edən lazımı sənədlərin başqa qaydada alınmasının, o cümlədən itirilmiş sənədlərin bərpasının mümkün olmadığı halda məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsasən ərizənin rədd edilməsi qənaətinə gələrək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Ərizəçi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinə fasiləsiz və etirazsız 32 il sahiblik etməsi iş materialları ilə təsdiq edilməmişdir və həmin fakt məhkəmədə sübuta yetirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti maraqlı şəxs qismində cəlb edilməklə "torpaq sahəsindən istifadə faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar