Məhkəmə qərarları › İş №2(003)-42/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-42/2021

30.03.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-42/2021 30.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X8, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X9 iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Türkan Bağlar sahəsindəki 182 nömrəli kooperativi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli 11 nömrəli orderə əsasən mərhum yoldaşı X1 ayrılmış ünvan sahəsinin ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı iddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan evi ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Türkan Bağlar sahəsindəki 182 nömrəli kooperativi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli 11 nömrəli Orderə əsasən mərhum yoldaşı X1 Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 15 saylı ümumi sahəsi 12 sot olan bağ sahəsi ayrılmışdır. Bağ sahəsinə gedib gəlmiş, orada abadlaşdırma işləri aparmış torpaq sahəsini taxta və məftillə hasara almışlar. Həyat yoldaşı X2 xx xxxx 2015-ci il tarixdə vəfat etdikdən sonra bağ sahəsinə demək olar ki, gedən olmamışdır və 2018-ci ilin noyabr ayında Türkan qəsəbəsində yerləşən 12 sot torpaq sahəsində olarkən həmin torpaq sahəsinin naməlum şəxslər tərfındən zəbt olunaraq, hasara alındığı və orada parnik əkildiyi məlum olmuşdur. Maraqlandıqda bilmişlər ki, həmin torpaq sahəsi cavabdeh X15 tərəfindən zəbt olunmuşdur. Faktla bağlı polisə şikayət olunmuş və Xəzər RPİ-nin 1ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Xəzər Yolçuyevin xx.xx.2019-cu il tarixli qərarına əsasən, İddiaçı müraciəti əsasında HK-1-1561 sayda qeydiyyata alınmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsi cavabdeh X15 tərəfindən zəbt edilərək istifadə edilir. Öncə cavabdeh torpaq sahəsinin dədə baba torpağı olduğunu bildirsə də, aparılmış təhqiqat araşdırması zamanı X15 izahat verərək, Türkan qəsəbəsində məhrum anası X4 adına Türkan qəsəbəsində ümumi sahəsi 25 sot olan 6 saylı bağ torpaq sahəsinin ayrıldığını, həmin torpaq sahəsinə dair xx.xx.1986-cı il tarixli müqavilə bağlandığını bildirmişdir. Bununla belə, müqavilədə göstərilən torpaq sahəsinin harada yerləşməsinə dair sənəd təqdim etməmiş, nəyə görə onun torpaq sahəsini hasarladığına aydınlıq gətirməmişdir. HK-1-1561 sayda qeydiyyata alınmış materiala əlavə olunmuş foto şəkilllərdən də görünür ki, ona məxsus torpağın yeri dəqiq məlumdur. Həmçinin DƏDRX-nin məktubuna əsasən ona məxsus torpaq sahəsinin kənar şəxsə məxsus torpaq sahəsinə qatıldığı bildirilmişdir. Əlavə olunmuş Azərbaycan Respublikası DƏDRX-nin 1 saylı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli **********31 saylı məktubuna əsasən elektron baza məlumatlarına əsasən ona məxsus Türkan qəsəbəsi 15 saylı, ümumi sahəsi 12 sot olan bağ sahəsinin digər fiziki şəxs tərəfindən hasarlanmış ərazinin hüdudlarında yerləşdiyi təsdiq edilmişdir. Dəfələrlə cavabdehə onun torpaq sahəsini qaytarması barədə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Odur ki, məsələnin məhkəmə yolu ilə həlli zərurəti yaranmışdır. Əlavə olunmuş Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Türkan Bağlar sahəsindəki 182 nömrəli kooperativi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli 11 nömrəli Orderə əsasən mərhum yoldaşı X1 Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 15 saylı ümumi sahəsi 12 sot olan bağ sahəsi ayrılmışdır. Həmçinin Milli Arxiv İdarəsinin xx xxx 2017-ci il tarixli 1320 saylı Arxivdən çıxarışa əsasən Bakı şəhər X14 İcraiyyə Komitəsinin xx xxxx 1990-cı il tarixli 4/143 saylı Qərarı ilə təsdiq olunmuş siyahıda 11-ci yerdə mərhum yoldaşının soyadının X2 olduğu halda əvəzinə səhvən X3 qeyd edilməklə torpaq sahəsinin ayrıldığı təsdiq olunmuşdur. Həmin səhv məhkəmə qətnaməsinə əsasən aradan qaldırılmışdır. Mərhum yoldaşı əmək veteranı adı ilə təltif edilmişdir. Əlavə olunmuş cavabdehin şəxsiyyət vəsiqəsinin surətinə əsasən Bakı şəhəri, Türkan qəsəbəsi Yenikənd küçəsi ev 19-da pasport qeydiyyatındadır. Qeyd olunanlara əsasən, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Türkan Bağlar sahəsindəki 182 nömrəli kooperativi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli 11 nömrəli orderə əsasən mərhum yoldaşı X1 ünvan sahəsinin ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X11 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi cavabdehin anasına məxsusdur. Onlar öz qanuni sahibliyində olan torpaqdan istifadə edirlər. İddiaçının mübahisə etdiyi ərazidə yerləşən torpaq sahəsi hazırda da cavabdeh tərəfindən istifadə edilir. Həmin sahə cavabdehin anasının adına verilib və cavabdehə məxsusdur. Ona görə də, hesab edir ki, iddia əsassızdır. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd eidlməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X12 məhkəməyə bildirmişdir ki, iddiaçıya sərəncamla ayrılmış torpaq sahəsinin çox hissəsi 15 saylı əraziyə, balaca hissəsi isə 16 saylı əraziyə daxildir. Cavabdehə sənədlə ayrılmış torpaq sahəsi isə 6 saylı bağın ərazisinə düşür, ona görə də tamamilə başqa yerdə yerləşir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X13 arasında xx xxxx 1979-cu il tarixdə nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Türkan Bağlar sahəsindəki 182 nömrəli kooperativi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli 11 nömrəli orderin surətindən görünür ki, X1 Türkan qəsəbəsi, Bağlar sahəsində 182 nömrəli BTK nəzdində 0.12 ha sahəsi olan 15 saylı bağ ayrılıb. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx xxxx 2015-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı bildirilmişdir ki, elektron baza məlumatlarına əsasən, sözügedən bağ sahəsi digər fiziki şəxs tərəfindən hasarlanmış ərazinin hüdudları daxilində yerləşir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 9474/2017 saylı xx xxxxxxx 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhər X14 İcraiyyə Komitəsinin xx xxxx 1990-cı il tarixli 4/143 saylı Qərarı ilə təsdiq edilmiş siyahıda qeyd olunmuş “X3”nun “X2” olması faktı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, İddiaçı ona məxsus bağ evinin naməlum şəxs tərəfindən zəbt olunması barədə şikayəti əsasında cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/72 nömrəli, xx xxxx 2020-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Türkan Bağlar sahəsindəki 182 nömrəli kooperativi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli 11 nömrəli orderə əsasən X1 ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 15 saylı bağın və bir hissəsi 16 saylı bağın ərazisidir. Həmçinin elektron kadastr baza məlumatlarına, bağların bölgüsünə dair sxematik xəritəyə və arxiv cizgisinə əsasən “xx.xx.1986-cı il tarixli 11488 saylı müqavilə əsasında X6 ayrılmış Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən ümumi sahəsi 25 sot olan 6 saylı bağın sözügedən 2291,0 kv.m. sahəyə heç bir aidiyyəti yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən irəli sürülən tələblər sübutlarla öz təsdiqini tapmış, ekspertiza təqdiqatının nəticəsi, iş materialları və işin məhkəmə iclasında müəyyən edilən hallarından görünür ki, Cavabdeh özünə məxsus olan torpaq sahəsindən tamamilə ayrı ərazidə yerləşən, İddiaçı mərhum həyat yoldaşı X1 Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Türkan Bağlar sahəsindəki 182 nömrəli kooperativi tərəfindən ayrılan torpaq sahəsini zəbt etməklə iddiaçının torpaq sahəsindən istifadəsinə maneə yaradır. Bununla da iddiaçı öz torpaq sahəsindən sərbəst istifadə imkanından məhrum olmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinə cavabdehin hüququ yoxdur, onun həmin torpaq sahəsindən istifadəsi iddiaçının maraqlarına toxunub, hüquqlarını pozduğundan, cavabdeh bağ sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.8. maddəsindən görünür ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2. maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndindən görünür ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 93-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, torpaq sahəsinə dair əqdlər yazılı formada, əqdləri bağlayan tərəflər və ya onların müvəkkilləri tərəfindən imzalanan sənədlərin tərtib edilməsi yolu ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilir. Torpaq sahəsinə və ya onun üzərindəki daşınmaz əmlaka dair bağlanan əqd müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh ünvan evi ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən çıxarılaraq, torpaq sahəsi İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh ünvan evi ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən çıxarılaraq, torpaq sahəsi İddiaçı təhvil verilsin. Cavabdeh 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X7, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar