Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4388/2021 24.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi maraqlı şəxs qismində cəlb edilməklə) işdən çıxarılma əmrinin dəyişdirilməsi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi maraqlı şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən qəbul edilmiş 13 iyul 2017-ci il tarixli, 165/k nömrəli əmrin ləğv edilməsi, son iş yerindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən azad olunmağı barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ADORE Kompani MMC, 2017-ci ildə İdeal MMC adı ilə fəaliyyət göstərən şirkətdən 13.07.2017-ci il tarixli 165/k saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndi ilə işdən azad edilmişdir. İşdən azad edilməyinə dair əmri qanunsuz sayır. Belə ki, 23.06.2017-ci ildə İdeal MMC-nin kommersiya departamentinə tərcüməçi vəzifəsinə təyin olunmuş, lakin həmin gün onunla əmək müqaviləsi bağlanmamışdır. 11.07.2017-ci ildə kadrlar üzrə mütəxəssis tərəfindən bu tarixdən etibarən şirkətdə işləmədiyi birdirilmiş və iclas otağında qanunsuz saxlanaraq, hədə-qorxuyla, təzyiqlə 23.06.2017-ci il tarixinə aid sənədləri ona imzalatmışlar. Ona öncədən heç bir xəbərdarlıq edilməmişdir. 11.07.2017-ci ildə işdən çıxarkən ona heç bir sənəd verilməmiş və bu tarixdən sonra şirkətə bir daha buraxılmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun 18 gün əmək müqaviləsiz işlədiyini düzgün araşdırmayıb, imzalanan sənədlərin hansı vəziyyət və şəraitdə imzalandığını nəzərə almayaraq düzgün qərar verməmişdir. İşçi işdən çıxan gün keçmiş tarixə məxsus sənədləri imzalatmaqları qanunla qadağandır, amma sözügedən nazirlik bunu nəzərə almamışdır. Zamanında ona məlumat verilməli, ədalətli araşdırma aparılmalı idi. Məlumatsızlığı nəticəsində 4 ildir ki işsizdir. Qeyd olunanlara əsasən, Cavabdeh MMC tərəfindən qəbul edilmiş 13 iyul 2017-ci il tarixli, 165/k nömrəli əmrin ləğv edilməsi, son iş yerindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən azad olunmağı barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh və maraqlı şəxsin nümayəndələri məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı "xxxx" MMC-nin ticarət markaları ilə iş şöbəsinin tərcüməçi vəzifəsinə 23.06.2017-ci il tarixdə qəbul olunmuş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin d bəndinə əsasən (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) 13.07.2017-ci il tarixdə 165/k saylı əmrə əsasən xitam verilmişdir. İlk olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən işçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir, işəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının tərcüməçi vəzifəsində işlədiyi Cavabdeh MMC-dən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin d bəndinə əsasən (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı əmək müqaviləsinə həmin normaya əsasən xitam verilməsinin əsassız olduğunu irəli sürərək, 13 iyul 2017-ci il tarixli, 165/k nömrəli əmrin ləğv edilməsi və işdən azad olunmağının əsası kimi həmin Məcəllənin 68.2-ci maddəsinin “a” bəndinin göstərilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz tələbini ona qanunsuz olaraq keçmiş tarixə aid sənədlərin imzalatdırılması ilə əsaslandırmış, lakin öz dəlilini təsdiq edən hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İş məhkəmə iclasında araşdırılarkən, iddiaçının işə qəbul edilməsi və sınaq müddəti ərzində özünü doğrultmadığından işdən azad olunması zamanı qanunvericiliyin hər hansı normasının pozulması halı aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4cü maddələrində deyilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı İddiaçı Cavabdehnə qarşı işdən çıxarılma əmrinin dəyişdirilməsi barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi maraqlı şəxs qismində cəlb edilməklə) işdən çıxarılma əmrinin dəyişdirilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-4388/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4388/2021
24.12.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver