Məhkəmə qərarları › İş №2(003)-450/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-450/2022

31.03.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-450/2022 31.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqla birlikdə özbaşına tikili olan Xəzər rayonu, Binə qəsəbəsi, X6 yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh X1 ilə 21 yanvar 2014-cü il tarixində ailə həyatı qurmuşdur. Birgə nikahdan X3 və 27 iyun 2013-cü il təvəllüdlü X2 doğulmuşdur. Aralarında Xəzər rayon Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 44 sayla qeydə alınmış nikahımız Xəzər rayon məhkəməsinin 27 fevral 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikahları pozulduqdan bir müddət sonra cavabdeh onu uşağlarında birlikdə yaşadıqları evdən qovmuşdur. Hal-hazırda iki uşağla birlikdə Binə qəsəbəsində kirayələdiyi evdə yaşayırlar. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onun azyaşlı övladları ilə birlikdə Xəzər rayonu, Binə qəsəbəsi, X6 yerləşən (əvvəllər cavabdehlə birgə yaşadığı) 4 otaqdan, mətbəx və sanitar qovşaqdan ibarət olan 1 mərtəbəli evə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf edərək izahatında bildirdi ki, iddiaçının mübahisə predmeti olan evdə köçüb yaşamasına etirazı yoxdur. Tikiliyə dair hər hansı bir sənədi də yoxdur. Məhkəmə işdə iştirak edən şəxlərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materialarından görünür ki, tərəflər xx.xx.2014-cü il tarixində nikahlarını bağlamışlar, birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 doğulmuşdur. İş materialarından görünür ki, tərəflər arasında olan nikah Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi pozulmuş, birgə nikahdan doğulmuş uşaqlarının analarının yanında saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1-ci maddəsinə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-cı maddəsi baxımından tətbiq etməklə məhkəmə belə qənaətə gəlir ki, özbaşına tikintiyə əmlak hüquqlarının əldə edilməsi qeyri-mümkün olduğundan, cavabdehlərin də evə dair sərəncam vermək hüququ olmadığından, iddiaçı mübahisəli evə köçürülməlidir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Bu səbəbdən iddiaçının özbaşına inşa edilmiş həmin tikiliyə köçürülməsi üçün qanuni maneə yoxdur. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlərlə eyni şərtlər daxilində əvvəllər yaşadığı özbaşına tikilidən yararlanmaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının həmin hissəyə köçürülməsindən onun özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhz buna görə də məhkəmə hesab edir ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olubolmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Həmçinin nəzərə alınmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli İddiaçı xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 adlı uşaqları ilə birlikdə Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, X6 yerləşən (əvvəllər cavabdehlə birgə yaşadığı) 4 otaqdan, mətbəx və sanitar qovşaqdan ibarət olan 1 mərtəbəli evə köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 adlı uşaqları ilə birlikdə Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, X6 yerləşən (əvvəllər cavabdehlə birgə yaşadığı) 4 otaqdan, mətbəx və sanitar qovşaqdan ibarət olan 1 mərtəbəli evə köçürülsün. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar