Məhkəmə qərarları › İş №2(003)-453/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-453/2024

06.02.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-453/2024 06.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «X1» MMC-yə qarşı “işə bərpa və sair” tələbinə dair mülki işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh «X1» MMC-yə qarşı “işə bərpa, əmrin ləğvi və ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1” MMC-nin direktoru Elşad Kərimovun 08 avqust 2023-cü il tarixli 01 saylı əmrini yəni İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsası ilə işdən azad edilməsi barədə xx.xx.2023-cü il tarixli 01 saylı əmrinin ləğv edilməsi, İddiaçı yenidən “X1” MMC-nə mühafizəçi vəzifəsinə işə bərpa edilməsi, xx.xx.2023-cü il tarixdən işə bərpa oldunduğu vaxtadək aylıq əmək haqqının hesablanaraq ona ödənilməsi, həmçinin məhkəmə xərclərinin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, iddia tələbinin əsas hissəsinin cavabdeh tərəfindən təmin edilməsini nəzərə alaraq yalnız ödənilmiş mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə cavabdeh «X1» MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. «X1» MMC-nin Xəzər Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan aydın olur ki, İddiaçı adına “əmək və məşğulluq” altsistemində əmək müqaviləsi bildirişinə səhvən əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə daxil edilmiş bildiriş xx.xx.2023-cü il tarixində düzəldilmişdir. Bundan başqa İddiaçı istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilmiş, həmçinin avqust ayının 9-dan sentyabr ayının 27-dək (işə bərpa dövrü) əmək haqqı və 5 gün əlavə məzuniyyətə görə vəsait ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, «X1» MMC-nin nümayəndəsi təyin edilmiş ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı isə iştirak edərək 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir (mediator: M.Ə.Əhməd). Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh iddia tələbində göstərilənləri məhkəmə prosesinin gedişatı zamanı məhkəmədən knar qaydada həll etsə də, iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya proseduru keçmiş və müvafiq rüsum ödəməklə cavabdehin səhvi nəticəsində xərcə düşmüşdür. Bu səbəbdən də Ödənilmiş mediasiya xərcinə görə 50 (əlli) manat məbləğində pul cavabdeh «X1» MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Ödənilmiş mediasiya xərcinə görə 50 (əlli) manat məbləğində pul cavabdeh «X1» MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar