Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-463/2021 19.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh, qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4000 manat məbləğində borc pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun nəvəsinin kirvəsidir. 2019-cu ilin aprel ayının 23-də qızının baldızı Məftunə onlara qonaq gəlmişdir. Söhbət əsnasında ona bildirmişdir ki, Xətai rayonunda olan evinə çıxarış almaqla oranı satmaq istəyir. Xahiş etmişdir ki, bu işi həyata keçirmək üçün bir adamın tapılmasında ona köməklik göstərsin. Həmin vaxt Anar onlarda olmuş və söhbətin şahidi olmuşdur. Anar Məftunəyə ona köməklik göstərəcəyinə söz vermişdir. Anar bildirmişdir ki, sənədləşdirmə işlərinin aparılması üçün 4000 manat məbləğində pul lazımdır. Məftunə də həmin pulun onda olduğu təqdirdə Anar verilməsini xahiş etdi. O, da öz növbəsində Anara inanaraq qohumu Məftunənin işinin düzəlməsi naminə ona 4000 manat pul vermişdir. Sonradan cavabdeh aldığı pulun müqabilində evin sənədləşməsi üçün heç bir iş görməmiş eləcə də aldığı pulu geri qaytarmamışdır. Dəfələrlə bu barədə ona edilən müraciətlərə baxmayaraq, müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınır. Bu məsələ ilə əlaqədar o, tədbir görülməsi üçün Nizami RPİ-nin 24-cü Polis Bölməsinə müraciət etmişdir. Polisdən ona bildirmişlər ki, bu məsələ mülki xarakterli olduöundan iddia qaydasında məhkəməyə müraciət etsin. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin izahatında bildirdi ki, iddia etdiyi puldan 2000 manat birbaşa Anarın özünə, qalan 2000 manatı isə Anara çatdırılması üçün Məftunəyə vermişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən etiraf etdi və izahatında bildirdi ki, iddiada qeyd olunan kimi 4000 manat deyil, iddiaçı tərəfindən ona qızının baldızının sənədlərinin qaydaya salınması üçün 2000 manat pul verilmişdir. Lakin qeyd edilən sənədləri qaydasına sala bilməmişdir. Həmin pulu birdəfəlik qaytara bilməyəcəyi üçün hissə-hissə qaytara bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas vəya müqaviləəsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hazırki iddia tələbinin pulun tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıdan pul alınması işin araşdırılmış halları ilə öz təsdiqini tapır. Lakin iddiaçı tərəf 4000 manat pulun verilməsini qeyd etsə də, cavabdehin 2000 manat alması ilə bağlı yazılı etirafından başqa hər hansı bir sübut mövcud olmamaqla məhkəmə araşdırması zamanı da təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında 2000 manat pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, cavabdeh tərəfin özünün yazılı və şifahi izahatları həmin məbləğlərin sonuncuya verilməsini təsdiq təsdiq edir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə 2000 manat pul məbləğini ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2000 manat tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2000 (iki min) manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-463/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-463/2021
19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver