Məhkəmə qərarları › İş №2(003)-47/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-47/2022

26.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-47/2022 26.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, iddiaçı X3 iştirakı ilə, İddiaçı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Anatoliyeviçə qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi, cavabdehlərin mənzildən köçürülməsi və dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 27.07.2020-ci tarixdə qeydə alınmış ********** nömrəli çıxarışa əsasən mülkiyyətimdə olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, G.Məmmədov küçəsi, ev 6 “A”, mənzil 8-dən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 istifadə hüquqlarının xitam verilməsi və mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, G.Məmmədov küçəsi, ev 6 “A”, mənzil 8 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 27.07.2020-ci il tarixdə qeydə alınmış ********** nömrəli çıxarışa əsasən onun mülkiyyətindədir. Mülkiyyətində olan mənzil mərhum anası X4 məxsus olmuşdur. Mərhum anasının ölümündən sonra onun övladları X9, X6 və X10 hər biri qanun üzrə vərəsə hesab olunaraq 1/3 hissə payı olmaqla mülkiyyətçi olmuşlar və bu barədə onlara hüquqların qeydiyyatı ilə bağlı vəsiqə verilmişdir. Mənzil 4-cü mərtəbədə yerləşir. Qeydiyyat vəsiqəsi onunla bərabər mərhum qardaşı X1 paylı mülkiyyətində olmuşdur. Lakin qardaşı X6 vəfat etmişdir və hal hazırda onun mülkiyyətində qardaşının arvadı və onun uşaqları yaşayırlar. Cavabdehlər onu xüsusi mülkiyyətində olan mənzilinə buraxmırlar. Pozulmuş hüquqlarının bərpası ilə bağlı aidiyyəti qurumlara müraciət etdim və nəticədə Bakı Apellyasiya Məhkəməsinin 31.05.2019-cu il tarixində qüvvəyə minmiş 2 (103)-1368/2019 saylı qərarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, G.Məmmədov küçəsi, ev 6 “A”, 8 nömrəli, mənzil ikin satışi diyməti 45000,0 (qırx beş min) manat olmaqla açıq hərracda satılması və satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütanasib surətdə, yəni ikidə bir hissədə İddiaçı, ikidə bir hissədə isə X1 vərəsələri olan X2, Cavabdeh3 və Cavabdeh2 Anatolyeviç arasında bölüşdürülməsi qət edilmiş və qərara əsasən hərrac keçirilmişdir və hərracın yekununa əsasən mənzil nəticədə onun tam mülkiyyətindədir. Sözügedən mənzil onun tam mülkiyyətində olduqdan sonra cavabdehlər faktiki olaraq həmin ünvanda yaşamağa davam edirlər və qeydiyyatdadırlar. Cavabdehlər ona məxsus evdə yaşayırlar, əsassız olaraq onun mülkiyyətində olan evdə qeydiyyatdadırlar. Bu da mülkiyyətçi kimi iddiaçının bir sıra hüquqlarının məhdudlaşdırılmasına, mənzilə görə əlavə kommunal ödənişlərin həyata keçirilməsinə səbəb olur. Ümumiyyətlə, cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalmağı onu narahat edir, onların mənzilində əsassız qeydiyyatına son vermək və cavabdehlərin mənzildən köçürülməsi üçün hesab edirəm ki, məhkəmə qaydasında həmin mənzilə cavabdehlərin istifadə hüququna xitam verilməli və mənzildən köçürülməlidirlər. İddiaçı X9 sonradan ərizəsini dəqiqləşdirərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 27.07.2020-ci tarixdə qeydə alınmış ********** nömrəli çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, G.Məmmədov küçəsi, ev 6 “A”, mənzil 8-dən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 istifadə hüquqlarına xitam verilməsi, mənzildən Çıxarılma və ona dəymiş mənəvi ziyanın 3000 (üç min) manat həcmində cavabdehlər tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X9 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi X11 iddia tələbinin əsassız olduğunu və təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin əvvəliki iclasında iştirak edən Cavabdeh1 iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, onları hərracın keçirilməsindən xəbərləri olmamışdır. Mübahisəli mənzil dəyərindən çox aşağı satılmışdır. O, hərracın yekunları barədə 24.02.2020ci il tarixli protokolla və mənzilin alqı-satqına dair 24.02.2020-ci il tarixli müqavilə ilə razı deyil. Məhkəmənin əvvəliki iclasında iştirak edən Cavabdeh3 iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəliki iclasında iştirak edən Cavabdeh2 iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1368/2019 saylı, 24.05.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayəti təmin edilmiş və hazırki iş üzrə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 sentyabr 2018-ci il tarixli, 2(006)- 3074/2018 nömrəli qətnaməsi ləğv olunması və iddia təmin olunması, Bakı şəhəri, Buzovna qəsəbəsi, Pirməmməd (G.Məmmədov) küçəsində yerləşən 6 “A” nömrəli evin 8 nömrəli mənzili ilkin satış qiyməti 45.000 (qırx beş min) manat olmaqla açıq hərracda satılması, satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə, yəni ½ (ikidə bir hissədə) İddiaçı, ½ (ikidə bir hissədə) isə X1 vərəsələri olan X2, Cavabdeh3 və Cavabdeh2 Anatolyeviç arasında bölüşdürülməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş 24 nömrəli hərracın yekunları barədə protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, G.Məmmədov küçəsi, ev 6 “A”, 8 saylı mənzil 24.02.2020-ci il tarixdə hərraca çıxarılmış və ilkin satış qiyməti 31500,0 manat müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş 24 fevral 2020-ci il tarixli müqavilədən görünür ki, “X7” MMC ilə İddiaçı arasında ½ hissəsi İddiaçı, ½ hissəsi isə X5 vərəsələri (X2, Cavabdeh3 və Cavabdeh2 Anatolyeviç) məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, G.Məmmədov küçəsi, ev 6 “A”, 8 saylı mənzilə dair hərracın yekunları üzrə alqı-satqı müqaviləsi bağlanmış, və həmin mənzil X8 satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 27.07.2020-ci il tarixli, RX seriyalı, ********** nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, G.Məmmədov küçəsi, ev 6 “A”, 8 saylı mənzil X3 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş elektron notariat avtomatlaşdırılmış informasiya sistemindən çıxarışın surətindən görünür ki, X9, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Anatoliyeviç Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, G.Məmmədov küçəsi, ev 6 “A”, 8 saylı mənzildə qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2903/2021 saylı 20.08.2021-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh1 cavabdehlər “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti və Xəzər Rayon İcra Şöbəsinə qarşı, üçüncü şəxs İddiaçı cəlb edilməklə hərracın yekunları barədə protokolun və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10.01.2022ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2903/2021 saylı 20.08.2021-ci il tarixli qətnaməsi 21.09.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. İş materiallarına əlavə olunmuş 24.02.2020-ci il tarixli, TT**********62715750 saylı qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Xəzər rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına 15750,0 manat pul vəsaiti ödənmişdir. İş materialları və tərəflərin izahatı ilə müəyyən olunur ki, 24 fevral 2020-ci il tarixli “X7” MMC ilə İddiaçı arasında ½ hissəsi İddiaçı, ½ hissəsi isə X5 vərəsələri (X2, Cavabdeh3 və Cavabdeh2 Anatolyeviç) məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, G.Məmmədov küçəsi, ev 6 “A”, 8 saylı mənzilə dair hərracın yekunları üzrə alqı-satqı müqaviləsi bağlanmış, 24.02.2020-ci il tarixdə iddiaçı mənzilin dəyərinin ½ hissəsini (cavabdehlərin payına uyğun), yəni 15.750,0 manatı Xəzər rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına ödəmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı X9 mübahisəli mənzilə dair keçirilmiş hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin bağlanması ilə və mənzilin daşınmaz əmlakların dövlət reyestrində qeydə alınaraq, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, G.Məmmədov küçəsi, ev 6 “A”, 8 saylı mənzilinə dair ½ hissə X3 adına ½ hissə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Anatoliyeviçə məxsus olan qeydiyyat yazısının ləğv edilərək, həmin mənzilə dair iddiaçı X3 adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Anatoliyeviçin mülkiyyət hüququ və mülkiyyət hüququ ilə bağlı bütün hüquqları itirilmiş, iddiaçı X3 isə bu mənzil üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, müİkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Anatoliyeviçin adına olan qeydiyyat yazısının ləğv edilərək, həmin mənzilə dair iddiaçı X3 adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində cavabdehlərin hüquqlarına xitam verilmiş, iddiaçı X3 isə bu mənzil üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. Buna görə də cavabdehlərin mübahisəli mənzildə istifadə hüquqları qala bilməz. Odur ki, iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Anatoliyeviçin mübahisəli mənzilə istifadə hüquqları itirilməli, həmin mənzil boşaldılmalı və bütün ev əşyaları çıxarılmaqla boşaldılmış vəziyyətdə iddiaçıya təhvil verilməlidir. Məhkəmə iddia tələbinin "vurulmuş mənəvi zərərə görə” 3000,0 manat pul tələbi bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarında deyilir ki, mənəvi zərərin ödənilməsi iləəlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun və yaxın qohumlarının hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması və s. hallarda da özünü büruzə verə, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranmasıəsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansışəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi ziyanin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Kostitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 2-ci bəndinin 3-cü abzasında izah edilmişdir ki, Mənəvi zərərin ödənilməsi iləəlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 8-ci bənində izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə iclasında iş üzrə iddiaçıya bir daha iddia tələbində qeyd etdiyi halların təsdiq edilməsi üçün sübutların təqdim edilməsi təklif edilsə də, iddiaçı iş materiallarında olan sübutları iddianın tam təmin edilməsi üçün kifayət hesab edərək əlavə sübutların təqdim edilməsinə ehtiyac olmadığını bildirmişdir. Hazırki halda məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Anatoliyeviç tərəfindən iddiaçıya mənəvi zərər vurulmasına dair iddiaçının dəlilləri inandırıcı və iş hallarına uyğun deyil. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Anatoliyeviç tərəfindən iddiaçıya zərərin vurulması halı sübuta yetirilməməklə mövcud olmadığından iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin hər hansı qanunsuz hərəkətləri və ya hərəkətsizlikləri ilə bağlı olması halı müəyyən edilmədiyindən iddia tələbinin mənəvi zərərə aid hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin : 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Anatoliyeviçin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, G.Məmmədov küçəsi, ev 6 “A”, 8 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Anatoliyeviç Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, G.Məmmədov küçəsi, ev 6 “A”, 8 saylı mənzildən çıxarılsınlar. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar