Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-471/2023 06.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı1 və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Xəzər rayonu, Yeni Qala qəsəbəsi, nömrəsiz fərdi yaşayış evinə köçürülməkləri, iş üzrə ödənilmiş 50,0 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. X3 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı1 Cavabdeh ilə Laçın rayonu Kamallı kənd icra nümayəndəliyinin 12 mart 2003-cü il tarixli 06 № ilə qeydə alınmış rəsmi nikaha daxil olmuşam. Birgə nikahlarından xx.xx.2004-cü il təvəllüdlü İddiaçı2 adlı bir övladı doğulmuşdur. Nikaha daxil olduqdan uzun müddət sonra ailə münasibətləri pozulduğuna görə “nikahın pozulması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsinə hal-hazırda Bakı şəhəri Xəzər rayon məhkəməsinin hakimi Ramilə Xəzri tərəfindən baxılır. Ailə münasibətləri pozulduqdan sonra o və qızı bacısının yanında yaşamağa məcbur qalmışlar. Belə ki, cavabdeh məni və İddiaçı2 evdən qovmuşdur. İddiaçı2 Azərbaycan Pedaqoji devlet unverisitetinin 2-ci kurs tələbəsidir. Bakı şəhəri, Xəzər rayonu, Yeni Qala qəsəbəsi, ünvanında yerləşən torpaq sahəsi 2004-cü ildə birgə nikah vaxtı alınmışdır. Lakin torpaq sahəsi alqı-satqı olunan zaman qaynanasının adına rəsmiləşdirilmişdir. Təxminən 2012-ci ildə qaynanası vəfat etdiyi üçün torpaq sahəsi və fərdi yaşayış evi baldızı X1 adına keçirildiyini söyləmişlər. Həmçinin, torpaq sahəsi və fərdi yaşayış evinə dair dövlət reyestrindən çıxarışı yoxdur. Torpaq sahəsinə dair bələdiyyə sənədi vardır. O, 1993-cü il tarixdən orta məktəbdə ibtidai sinif müəlliməsi işləyir. Bakı şəhəri, Xəzər rayonu, Yeni Qala qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinin tikintisinə sərf olunan pulların böyük qismini təmin etmişdir. Belə ki, müəllim maaşını toplayıb evin tikintisinə sərf olunması üçün Cavabdeh vermişdir. Eyni zamanda, bankdan kredit götürüb tam məbləği evin tikintisi üçün Cavabdeh vermişdir. X12 dövlət tərəfindən verilən evi satmış və həmin məbləği ona Bakı şəhəri, Xəzər rayonu, Yeni Qala qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinin tikintisinə sərf olunmaq üçün pay verilmişdir. Hətta ailəsinə dəstək olmaq üçün hər dəfə maddi sıxıntılar olduğu zaman bankdan kredit götürərək Cavabdeh vermişdir. Bu günə kimi ailəsinə həm maddi, həm də mənəvi dəstək olmuşdur. Həmin evin tikintisində və evin içərisinə alınan əşyaların hamısı onun zəhməti və maddi dəstəyi nəticəsində ərsəyə gəlmişdir. Bütün qohumları və yaxın insanlar hamısı bunun şahididir. Evin tikintisindən sonra alınan soyuducu, paltar yuyan maşın, soba, ütü, dvd, kombi sisteminin çəkilməsi və alınması, mikrovalnovka, divan dəsti, xalça onun tərəfindən alınmışdır. Həmin əşyalar ona məxsusdur. 2013-cü ildə Cavabdeh vərəm xəstəliyinə düşdüyü üçün 2 il müddətində onun maddi dəstəyi ilə mülaicə olunmuşdur. Ona və qızına aid qızılları da satıb cavabdehin müalicəsinə sərf etmişlər. Halhazırda Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Yeni Qala qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evində mənə və İddiaçı2 yaşamaq üçün şərait yaratmır. Cavabdeh mütəmadi olaraq mənə və İddiaçı2 qızma qarşı təziqlər göstərir. Belə ki, onu təhqir edərək şiddətə məruz qoyur. Hesab edir ki, övladı İddiaçı2 gələcək təminatı kimi və yaşayış yerlərinin etibarlı olması məqsədilə birgə nikah dövründə alınmış Bakı şəhəri, Xəzər rayonu, Yeni Qala qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə köçməkləri daha məqsədəmüvafiqdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o hal-hazırda öz qızı ilə bacısının evində yaşayır. Yaşamağa başqa yerləri yoxdur. Mübahisəli ev 3 yataq otağı, bir qonaq otağı, mətbəx və dəhlizdən ibarətdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədi və etirazını onunla əsaslandırdı ki, iddia tamamilə əsassız və qanunsuz olduğundan təmin edilə bilməz. Belə ki, İddiaçı1 ilə 2003-cü ildə ailə qurmazdan xeyli əvvəl iddiaçının atası özünə məxsus Xəzər rayonun Yeni Qala qəsəbəsində yerləşən fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini onlara verəcəyini vəd etmiş, lakin 2002-ci iyun ayında qəflətən vəfat etdikdən bir müddət sonra iddiaçının bacıları həmin evi və torpaq sahəsini onlardan aldılar və onları oradan qovdular. İddiaçıların köçmək istədikləri fərdi yaşayış evinin ona və onlara heç biı aidiyyəti yoxdur. Həmin evin yerləşdiyi heç bir sənədi olmayan torpaq sahəsini anası 2006-cı ildə özünə məxsus 300 baş heyvanı sataraq almış, anası, həmin vaxt sağ olan qardaşı və bacısı Dilbər adı çəkilən torpaq sahəsindəki fərdi yaşayış evini 2007-cı ildə tikdikdən sonra Ağcabədi qış yataqlarından ora köçüb yaşamağa başlamış, həmin evin tikilməsində onun yalnız mənəvi dəstəyi olmuş, lakin iddiaçıların və onun vəsaiti olmamışdır. Adı çəkilən torpaq sahəsinin bir hissəsinin anası 2010-cu ildə əslən Şəki şəhərindən olan bir şəxsə 4000 ABŞ dollarına satmış, əldə olan vəsait hesabına tikilinin inşasını tam olaraq başa çatdırmışlar. Həmin torpaq sahəsi anasının adına olduğundan bütün kommunal xidmətləri (qaz, işıq, su və s.) anasının adına olmuş, anasının ölümündən sonra bacısının adına keçirilmişdir. İddiaçı1 atasının onlara vəd etdiyi torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün onları ora buraxmadığından sonra, bacısı Lena anası tərəfindən alınıb onlara verilmiş torpaqda ev tikmək istəyirdilər, lakin sonuncu həmin torpaq sahəsini də onlardan alıb sataraq oğluna toy etmişdir. Ona görə də onlar evsiz qaldığından bacısının razılığı ilə və bacısına məxsus hazırkı mübahisənin predmetini təşkil edən fərdi yaşayış evində müvəqqəti olaraq yaşamaqlarına və əşyalarını orada yerləşdirməklərinə icazə vermiş, lakin Gülyaz da daxil Laçın rayonunun Kamanlı kənd icra nümayəndəliyində ayrı təsərrüfatdadırlar, köç başlayan kimi rayona qayıdacaqlar. İddiaçı1 iddia ərizəsində qeyd edir ki, bankdan kreditlər götürmüş və mübahisəli evin tikintisinə sərf etmişdir. Həqiqət tamamilə başqadır, belə ki, adı çəkilən evin tikintisi tam olaraq 2011-ci ildə başa çatmış, o, isə krediti 2018-ci ildə götürmüş, lakin pulu həmin vaxt məhkəmədə olan işinə görə borca düşən qardaşının tələbatına və xəstə bacısına xərcləmiş, qohum olduqlarından isə o, buna etiraz etməmişdir. O, 2008-ci ildən Akkordda, sonra “Yeni Həyat” şirkətində mühafizəçi işləmişdir, 2014-cü ildən isə Yeni Qala qəsəbəsindəki məktəbdə gözətçi vəzifəsində işləmişdir, cavabdeh isə əmək haqqı aldığından onların əlavə kredit almağa ehtiyacları olmamışdır. Hesab edir ki, iddiaçı öz etirazlarının və tələblərinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etmək əvəzinə ümumi sözlərlə kifayətləndiyindən iddia rədd edilməlidir. Bu, onu göstərir ki, tələb həm əsassız, həm də qanunsuzdur, qərəzçilik və şantaj xarakteri daşıyır, iddiaçı onun üzərinə məhkəmə yolu ilə qanusuz olaraq hansısa öhdəlik qoymaq məqsədi daşıyır. Yuxarıda qeyd etdiyi kimi adı çəkilən fərdi yaşayış evinin ona aidiyyəti yoxdur, həmin ev bacısı X2 məxsusdur, evin bütün kommunal xidmətləri bacısının adınadır. Əlavə etdi ki, Mübahisəli ev 3 yataq otağı, bir qonaq otağı, mətbəx və dəhlizdən ibarətdir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil iddianı qəbul etmədi və iddianın təmin edilməməsini xahiş etdi. Bildirdi ki, ev cavabdehin anasına məxsusdur. Ana evi öz qızına bağışlamışdır. İddiaçılar həmin evə müvəqqəti köçürülüb və yaşamışlar. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 izahatında bildirdi ki, adı çəkilən fərdi yaşayış evinin iddiaçılara və cavabdehə heç bir aidiyyəti yoxdur, bu evin yerləşdiyi torpaq sahəsi anasının vəsaiti hesabına alındıqdan sonra orada tikinti işləri aparılmış və yaşayış üçün ev inşa edilmişdir. Həmin torpaq sahəsinin əldə olunmasında və tikinti işlərinin aparılmasında iddiaçıların və cavabdehin heç bir rolu, iştirakı və vəsaiti olmamışdır, evin kommunal xidmətləri onun adınadır. Məhkəmə iclasında şahid qismində iştirak edən X13 ifadəsində göstərdi ki, iddiaçı ilə 2007-ci ildən eyni məktəbdə işləyir. Mübahisəli evə bir neçə dəfə yas və digər səbəbdən gedib. Evi kimin aldığını bilmir, lakin Gülyaz həmin evin təmiri üçün iş yoldaşları ilə lotoreya oynayırdı. Digər şahid X14 ifadəsində göstərdi ki, iddiaç Gülyaz ilə 2007-ci ildən bir məktəbdə işləyir və bir qəsəbədə yaşayırlar. O, mübahisəli evə 2 dəfə yas mərasiminə gedib. Gülyaz həmin evin tikintisi üçün kredit götürüb. Yaxın iş yoldaşı kimi bundan xəbəri olmuşdur. İddiaçı kredit götürüb evə avadanlıq alırdı. Onlar həmin evdə yasda olanda evə təzə suvaq vurulduğunu demişlər. Digər şahid X9 ifadəsində göstərdi ki, tərəflərin Qala qəsəbəsində qonşusudur. O, 2000-ci ildən oradan yaşayır, tərəfləri həmişə bir yerdə görüb. İddiaçı onun nəvələrinin müəllimi olub. İddiaçı Gülyaz və cavabdehin ailəsi birlikdə gəlib həmin evə köçüblər. Digər şahid X10 ifadəsində göstərdi ki, Gülyaz ilə 2007-ci ildən eyni məktəbdə işləyir. Həmçinin, qonşu küçələrdə yaşayırlar. Müəllimlər lotoreya oynayırdılar həmişə. Gülyaz deyirdi ki, həmin pulla evin qapı-pəncərəsini alır. O, Dilbəri də tanıyır, həmin ünvanda görüb. Digər şahid X4 ifadəsində göstərdi ki, o, cavabdehin bacısının əridir. Gülyaz özü evdən çıxıb getmişdir. O da bir ağsaqqal kimi arvadı ilə birlikdə gedib Gülyazdan qayıtmasını xahiş etsə də, qayıtmamışdır. Gülyaz əri Mürşüdlə başqa evdə yaşayırdılır. Mürşüdün anası torpaq sahəsində ev tikidikdən sonra Gülyazla Mürşüdü mübahisəli evə yanlarına köçürmüşdür. 2007-ci ildən mübahisəli evdə yaşayırlar. Digər şahid X5 ifadəsində göstərdi ki, Mürşüdün qardaşıdır. 2006-cı ildə mal-qara ilə İmişli bazarına getmişlər, heyvanı satıb Bakıya gətirib evi tikiblər. O, həmin vaxt kirayədə qalırdı. Şahin evi tikdirdi. Əvvəllər anası, bacısı, ölən qardaşı və Mürşüd fermada yaşayırdılar. Gülyaza atası Qala qəsəbəsində ev vermişdi. Sonradan anası Gülyazgili də həmin evdə yaşamağa çağırdı. 2007-ci ildən hamısı həmin evdə yaşayırdılar. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara, şahid ifadələrinə hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 atası Cavabdeh, İddiaçı1dır. İş materiallarında olan Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin arayışından görünür ki, İddiaçı1 Laçın rayonundan məcburi köçkün düşməklə Xəzər rayonu Qala qəsəbəsi Yeni sahə ərazisində müvəqqəti məskunlaşmışdır. İş materiallarına abonent X3 tərəfindən "xxxx" ASC, "xxxx" ASC-yə ödənilmiş pul vəsaitinin qəbzləri, həmçinin “Azəriqaz” İB tərəfindən verilmiş bildiriş xəbərdarlıq əlavə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3759/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı1 ilə Cavabdeh arasında xx.xx.2003-cü il tarixdə Laçın rayonu Kamallı kənd icra nümayəndəliyində 06 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı1 xx.xx.2007ci il tarixdən 323 nömrəli orta məktəbdə müəllim işləyir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı1 nikahına xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin arayışlarından görünür ki, Cavabdeh və X3 məcburi köçkün düşməklə Xəzər rayonu Qala qəsəbəsi ünvanında müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, X3 xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən DOST Tech mağazasından bir ədəd televizor almışdır. İş materiallarında ödəniş cədvəllərindən görünür ki, X3 Azərbaycan Beynəlxalq Bankı ASC-dən xx.xx.2019-cu il tarixdə 500,0 manat, xx.xx.2020-ci il tarixdə 2300,0 manat, xx.xx.2021-ci il tarixdə 2000,0 manat, xx.xx.2022-ci il tarixdə 3750,0 manat kredit götürmüşdür. İş materiallarında olan Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, İddiaçı1 xx.xx.2007-ci il tarixdən Bakı şəhəri 323 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsinə qəbul olunmuşdur və hal-hazırda həmin təhsil müəssisəsində işləyir.Onun aylıq əməkhaqqı 959,30 manat təşkil edir. İşin halları ondan ibarətdir ki, İddiaçı1 Cavabdeh ilə xx.xx.2003-cü il tarixdə ailə qurmuş, onların birgə nikahından bir uşağı, İddiaçı2 dünyaya gəlmişdir. 2007-ci ildən hazırkı iş üzrə tərəflər, həmçinin cavabdehin digər ailə üzvləri birlikdə bir ailə kimi hazırkı iş üzrə mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Yeni Qala qəsəbəsi ünvanında yaşamağa başlamışlar. Onlar həmin evdə birgə təsərrüfat aparmış, lakin sonradan ailə münasibətlərinin kəskinləşməsi nəticəsində onların münasibətləri pozulmuş və iddiaçılar həmin evi tərk etməli olmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3759/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı1 ilə Cavabdeh arasında nikah pozulmuşdur. Eyni zamanda, məhkəmə iclasında müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Yeni Qala qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evi müvafiq icazə sənədləri alınmadan inşa edilmişdir və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməmişdir. Həmin evin hər hansı bir hüquqmüəyyənedici sənədi olmadığından özbaşına tikili sayılır. Belə ki, iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlıdır və ölkə qanunvericiliyində özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması mövcud deyildir. Bununla belə qeyd olunmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur - həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Hazırki mübahisə isə özbaşına tikiliyə köçürülmə və ondan istifadə hüququnun tanınması ilə bağlı tələblərdir ki, Mülki Məcəllənin qeyd edilən normasında həmin münasibətləri tənzimləyən normalar yoxdur. Özbaşına tikilidən bir iqtisadi dəyər kimi yararlanmanı tənzimləyən norma(lar)ın mövcud olmadığına istinad etməklə, iddiaçının qeyd edilən evə köçürülməsi tələbinin rədd edilməsi mübahisə predmeti olan fərdi yaşayış evində yaşamış, həmin evdə faktiki sahibi ilə birlikdə təsərrüfat işləri aparmış və həmin evə münasibətdə artıq iqtisadi marağı formalaşmış iddiaçılar İddiaçı2 və İddiaçı1 münasibətdə ədalətli məhkəmə araşdırması hüququnu məhdudlaşdıra bilər. Bu hal isə qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır və yolverilməzdir. Mübahisə, dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evə köçürülmə tələbinə dairdir. Ona görə də, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Analoji mübahisələrin həlli ilə bağlı vahid məhkəmə təcrübəsinin yaranmasına zərurət var və Azərbaycan Respublikası Ali Məhkəməsinin bənzər işlərlə bağlı formalaşdırdığı mövqeyə görə, bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibətləri 2007-ci də yaranmışdır. Belə ki, iddiaçılar həmin tarixdə həmin tarixdə mübahisəli fərdi yaşayış evinə köçmüşdür. Buna görə də, mübahisəyə Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin müddəaları tətbiq edilməlidir. İşin mübahisələndirilməyən halı ilə müəyyən edilmişdir ki, mübahisəli yaşayış evi özbaşına tikilidir və həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə olan halda həmin evə dair yaşayış sahəsindən istifadə hüququnun yaranması ilə bağlı iddiaçı ilə cavabdehlər arasında notarial qaydada razılaşmanın bağlanması, o cümlədən istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mümkün ola bilməzdi. Ona görə də mübahisəyə, hüquq mübahisəsinin yarandığı vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin (2009-cu ilin oktyabr ayınadək qüvvədə olan) normaları tətbiq edilməlidir. Münasibətlər yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Baxılan işdə iddiaçılar cavabdehin anasının razılığı ilə mübahisəli evə köçmüş və onların ailə üzvü kimi 15 il müddətində həmin evdə yaşamış və onlar birgə təsərrüfat aparmışlar. Məhkəmə iclasında iddiaçı ilə Cavabdeh arasında nikahın pozulması bildirilsə də, istinad edilən normanın məzmununa əsasən yaşayış sahəsinə köçürülmüş şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. İşin mübahisə edilməyən halları ilə iddiaçının həmin evdə 15 il yaşaması, cavabdehlə birgə təsərrüfat aparması, mübahisəli evi cavabdehin anasına məxsus olması və onun razılığı ilə iddiaçıların həmin evə köçürülməsi, Mübahisəli evdə müəyyən təmir işləri aparılarkən iddiaçıların həmin evdə yaşaması, iddiaçıya məxsus cehiz əşyalarının hazırda da həmin evdə olması və hazırda iddiaçıların bacının evində yaşayaraq yaşayış sahəsinə ehtiyacının olmasıdır. Cavabdeh bu halları mübahisələndirmirlər. İddiaçılar 15 il müddətində mübahisəli evdə cavabdehlərlə birgə yaşamaqla birgə təsərrüfatın aparılmasında iştirak etmişdir. İşin mübahisəli halları isə mübahisəli evin cavabdehin anasına məxsus olması, sonuncu tərəfindən qızına (Dilbər Fərmanova) bağışlanması, cavabdehin həmin evə hərhansı aidiyyətinin olmaması və iddiaçı Gülyazın həmin evdə hər-hansı yaxşılaşdırma aparmamasıdır. İddiaçının Cavabdehla mübahisə yaranması səbəbindən mübahisə predmeti olan evdən müvəqqəti olaraq getməsi onun yaşayış yerini itirməsi üçün əsas olmamışdır. Belə ki, iddiaçıya məxsus əşyaların hələ də mübahisəli evdə olması, onun həmin evdən daimi olaraq getməsi faktını istisna edir. Bundan başqa yuxarıda qeyd olunduğu kimi, iddiaçı Gülyazın köçdüyü evin yaxşılaşdırılmasında iştirak etdiyini irəli sürmüş, Cavabdeh isə onun orada Gülyazın orda hər-hansı yaxşılaşdırma aparmadığını bildirmişdir. Özbaşına tikili hesab olunan evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. Məhkəmənin qənaətinə görə, mübahisəsi gedən tikilidə 15 il ərzində fasiləsiz yaşamış iddiaçı Gülyazın evin cari təmirində və qorunub saxlanmasında iştirak etmədiyini qəbul etmək ağlabatan mühakimə əsasında mümkün deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçı Gülyaz 2007-ci ildə məktəbdə müəllimə işləmiş həmin tarixdən dəfələrlə bankdan kreditlər götürmüşdür Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçılar köçmək istədiyi evdə yaşamış, Cavabdehla münasibətlərinin pozulması nəticəsində evdən çıxmaq məcburiyyətində qalmışlar, sonradan qayıtmaq istəsələr də cavabdeh və üçüncü şəxs Dilbər Fərmanova buna imkan verməmişlər. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçılara qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuş, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı uşağı ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir. Kollegiya onu da qeyd edir ki, mübahisəsi gedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçıların da həmin şərtlər daxilində 15 il ərzində yaşadığı və əşyalarının yerləşdiyi bu evdə yaşamaq hüququ vardır. İddiaçıya həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğu işin halları ilə sübut olunur. Buna görə də mübahisəli ev iddiaçıların yaşayış yeri hesab edilməklə onların həmin evə köçürülməsi barədə iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Bakı şəhəri, Xəzər rayonu, Yeni Qala qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 Bakı şəhəri, Xəzər rayonu, Yeni Qala qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsünlər. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-471/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-471/2023
06.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver