Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-491/2022 01.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 6000 manat məbləğində borcun və 80 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun keçmiş qudası olmuşdur. 2018-ci ildə övladı X1 Ələsgər Kamal oğlu ilə rəsmi nikaha daxil olmuş, lakin bu nikahdan övladları olmamışdır. Həmçinin nikahları ümumilikdə 9 ay çəkmiş, aralarında xoşa gəlməz mübahisələr olmuşdur. Eyni zamanda qaynanası Arzu heç bir halda qızını yola verməmiş və qızı da problemlər olduğuna görə saxlamamışdılar. Lakin bu gün şikayət etməsinə səbəb 2018-ci ildən bu vaxta kimi sonuncular ondan müxtəlif səbəblərə görə borc pul istəmişdilər. O, cavabdehlərə 6000 manat pul vermişdir. Hazırda isə pulun qaytarılması üçün dəfələrə müraciət etsə də onun zənglərinə cavab vermirlər. O, polisə müraciət etmişdir. Lakin, cinayət işinin başlanılması rədd edilərək, məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Qeyd etmişdir ki, cavabdehə pulları ayn-ayrı vaxtlarda vermişlər. Cavabdehin pulu ondan alması barədə sübutları var. Bu pulları verdiyi zaman bunu görən şahidlər də var. Cavabdeh polisdə izahat verərkən, guya tək 600 manat borc aldığını və onu da qaytardığını bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, borcdan 1000 manat məbləğini hissə hissə, qalan məbləğin 800 manatını qızının cegiz əşyasının daşınması üçün 166 yükdaşıma xidmətinə ödəmiş, qalan məbləğ isə onun yaxın qohumları tərəfindən cavabdehlərin təşkil etdiyi toy mərasimində pul şəklində hədiyyə etmişdirlər. Pulun verilməsinə dair cavabdehlə aralarında hər hansı bir müqavilə bağlanmamışdır. Odur ki, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf etməyərək, onun təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, iddiaçıdan pul almamışlar. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini etiraf etməyərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib və işi araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış münasibətlər borc münasibətləri kimi qiymətləndirilə bilməz. Tərəflər arasında belə münasibətlərin olduğuna istinad edən tərəf həmin halı da sübut etməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iddia tələbi ilə bağlı olaraq iş üzrə sübut etmə yükünün tərəflər arasında bölüşdürülməsini qanunverici aşağıdakı qaydada həll etmişdir. İddiaçı Mülki Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsinin şifahi bağlanılmasının mümkünlüyünə istinadla tərəflər arasında şifahi borc müqaviləsinin bağlanıldığını bildirdiyindən bu halı sübut etməlidir. İddiaçı isə bildirməsinə baxmayaraq bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən isə başqa hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda yalnızca iddiaçının şifahi bildirdiklərinə əsasən bu qənaətə gəlmək mümkün deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Azərbaycan Respublikasının 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respubplikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-491/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-491/2022
01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver