Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-503/2024 21.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları ilə birlikdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ünvanında 3 sot torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, İddiaçı 25 aprel 2001-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 3 övladları, xx.xx.2000-ci il tarixdə X5, xx.xx.2001-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 dünyaya gəlmişdir. Cavabdehlə birgə nikahda olarkən 2007-2008-ci illərdə Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində 3 sot torpaq sahəsi alıb, 2 mərtəbəli fərdi yaşayış evi tikdirmiş və 2009-cu ildə həmin fərdi yaşayış evinə köçüb yaşamağa başlamışlar. Sözügedən evin bütün kommunal xərcləri iddiaçının adına olmuş və torpaq vergisi də, iddiaçının adından ödənilmişdir. Cavabdehlə rəsmi nikahları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Hazırda, Cavabdeh sözügedən fərdi yaşayış evində iddiaçı və övladlarının yaşamaqlarına imkan vermir. Halbuki, o, həmin evin mülkiyyətçisi deyil və iddiaçı ilə eyni hüquqa malikdir. İddiaçı isə övladları ilə birlikdə kirayə yaşamağa məcbur qalmışdır. Bu səbəbdən də, iddiaçının övladları ilə birlikdə Xəzər rayon, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində 3 sot torpaq sahəsi üzərində yerləşən, 2 mərtəbədən ibarət olan fərdi yaşayış evinə köçürülməyinə dair iddia tələbi ilə məhkəməyə müraciət edir. İddiaçı hazırda heç yerdə işləmir. Maddi vəziyyəti yaxşı deyil. Hazırda övladları ilə kirayədə yaşayır və kirayə haqqını ödəməkdə çətinlik çəkir. Torpaq və evin hər hansı sənədi yoxdur. Rəsmi alqı-satqı müqaviləsi yoxdur. Tərəflər arasında şifahi razılaşma ilə torpaq alınmışdır. Fərdi yaşayış evi özbaşına tikinti statusuna malik evdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etmiş və izahatında göstərmişdir ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ünvanında 3 sot torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli fərdi yaşayış evində 2009-cu il tarixdən yaşamışlar. Torpaq və üzərində yerləşən fərdi yaşayış evi ona məxsus deyil. Təxminən 10 il orada yaşamışlar. Uşaqlar Binə qəsəbəsi Sovxoz ərazisində yerləşən məktəbə getmişlər. Ev onun əmisi oğlunundur. Evin və torpağın hər hansı bir sənədi mövcud deyildir. Evi o təmir edərək yaşayış üçün yararlı hala saldığına görə işıq, qaz və su sayğacları da onun adınadır. 2021-ci il tarixindən etibarən həmin evdən çıxmışlar. Hazırda da evdə yaşayış yoxdur. Evə köçən ilk zamanlarda evin təmiri yaxşı səviyyədə olmamışdır. Onun evi və işi olmadığına görə əmisi oğlu ona və ailəsinə həmin evdə yaşamağa icazə vermişdir. Məhkəmə işdə iştirak edən şəxlərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Xəzər (Əzizbəyov) Rayon Binə Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli 100464 saylı qəbzdən görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ünvanında yerləşən torpaq sahəsi üçün X2 tərəfindən həmin tarixdə 31,8 manat torpaq vergisi ödənilmişdir. -Bakı şəhəri Xəzər Rayon Binə Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 130103 saylı qəbzdən görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ünvanında yerləşən torpaq sahəsi üçün X2 tərəfindən həmin tarixdə 3,6 manat torpaq vergisi ödənilmişdir. -Bakı şəhəri Xəzər Rayon Binə Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 232357 saylı qəbzdən görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ünvanında yerləşən torpaq sahəsi üçün 2011-2013-cü illərə görə X2 tərəfindən həmin tarixdə 5,5 manat torpaq vergisi ödənilmişdir. -Bakı şəhəri Xəzər Rayon Binə Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli **********4406 saylı tədiyyə bildirişindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ünvanında yerləşən daşınmaz əmlaka görə X2 tərəfindən 2021-ci il üçün əmlak vergisinə görə 19,2 manat, torpaq vergisinə görə 1,8 manat ödənilməlidir. -Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2022-ci il tarixli MŞB/6-5149 saylı arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə saat 12:00-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmiş, X2 isə iştirak edərək 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir (mediator: Mirzəyeva N.Nüşabə) -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)- 1641/2020 saylı qətnamənin surətindən görünür ki, iddia təmin edilməklə Cavabdeh ilə X2 arasında xx.xx.2001-ci il tarixdə Nərimanov rayon qeydiyyat şöbəsində 227 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. -Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 371299 saylı nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X2 arasında olan nikaha xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 53 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Həsənova soyadı verilmişdir. İşin araşdırılmış hallarından müəyyən edilmişdir ki, iş üzrə iddiaçı ilə cavabdeh 2001- 2020-ci illər arasında rəsmi nikahda olmuşlar. 2009-cu il tarixdən etibarən mübahisə predmeti olan evə köçərək orada yaşamağa başlamışlar. İddiaçı övladları ilə birlikdə 2021ci ilədək həmin evdə yaşamışdır. Tərəflər mübahisə predmeti olan evə birgə nikah dövründə köçmüşlər, həmin ev birgə nikah dövründə tikilərək yaşayış üçün təmir edilmişdir. Mübahisə predmetinə daxil olan tikilinin hüquqmüəyyənedici sənədi yoxdur, tikili- özbaşına tikilidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1-ci maddəsinə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-cı maddəsi baxımından tətbiq etməklə məhkəmə belə qənaətə gəlir ki, özbaşına tikintiyə əmlak hüquqlarının əldə edilməsi qeyri-mümkün olduğundan, cavabdehin də evə dair sərəncam vermək hüququ olmadığından, iddiaçı mübahisəli evə köçürülməlidir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Bu səbəbdən iddiaçının özbaşına inşa edilmiş həmin tikiliyə köçürülməsi üçün qanuni maneə yoxdur. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlə eyni şərtlər daxilində əvvəllər yaşadığı özbaşına tikilidən yararlanmaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının həmin hissəyə köçürülməsindən onun özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhz buna görə də məhkəmə hesab edir ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olubolmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Həmçinin nəzərə alınmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Eyni zamanda məhkəmə hesab edir ki, on dörd yaşına çatmamış yetkinlik yaşına çatmayan şəxslərin yaşayış yeri onların valideynlərinin yaşayış yeri hesab edildiyindən, iddiaçı mübahisə predmeti olan fərdi yaşayış evinə köçürüldüyündən xx.xx.2010-cu il təvəllüdlü X1 da oraya köçürülməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Lakin, xx.xx.2000-ci il təvəllüdlü X5 və xx.xx.2001-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatdıqlarından, tam fəaliyyət qabiliyyətli şəxs olduqlarından onlar mülki məhkəmə icraatında müstəqil tərəf kimi iştirak etməlidirlər. Bu səbəbdən, onlar mübahisə predmeti olan fərdi yaşayış evinə köçürülmələri barədə müstəqil tələb irəli sürməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, İddiaçı övladı xx.xx.2010-cu il təvəllüdlü X1 ilə birgə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda 3 sot torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə köçürülməlidirlər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı övladı xx.xx.2010-cu il təvəllüdlü X1 ilə birgə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda 3 sot torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə köçürülsünlər. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-503/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-503/2024
21.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver