Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-515/2025 27.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi ilə, İddiaçı, Cavabdeh1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdehlərlə birgə ata mülkü olan – Bakı şəhəri, Buzovna qəsəbəsi, 8 Mart küçəsi, döngə 1, 7 saylı evə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə mərhum atası X1 mülkündə yaşamışlar. Sonradan ailə həyatı qurmuş və həmin həyət evində özünə aid əşyaları qalmaqla müvəqqəti başqa ünvanda yaşamış və hərdən bir həyətə gələrək özünə aid otaqda qalaraq həyətdə qurduğu istixanada əkin işləri ilə məşğul olmuşdur. Bir müddət əvvəl ata mülkünə gəldikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onu həyətə buraxmamışlar, başqa ünvanda həyəti olmasını bildirərək ata mülkündən artıq ona pay düşməməsini bildirmişdirlər. Bununla əlaqədar Xəzər RPİ nin 2-ci PŞ-nə müraciət etmiş, lakin ona cavab olaraq mübahisənin mülki xarakterli olduğunu və bununla əlaqədar məhkəməyə müraciət etməyi tövsiyə etmişdirlər. Əlavə olaraq bildirir ki, Buzovna qəsəbəsi, 8 mart küçəsi döngə 1 ev 7-də qeydiyyatdadır və həmin ünvan ata mülküdür, ailə üzvləri arasında həmin mülkün bölgüsü olmamışdır, cavabdehlərin həmin mülk üzərində onun kimi hüquqları vardır lakin cavabdehlər onu həyətə buraxmırlar, onu evdən qovurlar. Göstərilənləri nəzərə alaraq onun Bakı şəhəri, Buzovna qəsəbəsi 8 Mart küçəsi döngə 1, 7 saylı evə köçürülməyinə dair qətnamə çıxarılmalıdır. Eyni zamanda, evdən istifadə qaydası da müəyyən olunmalıdır. O, həyətdə öz vəsaitindən istifadə edərək istixana düzəltdirmişdir və qaraj tikmişdir. Cavabdehlər isə öz aralarında həyəti və evi 2 hissəyə bölüblər. Əvvəl evin birinci mərtəbəsində o yaşamış, ikinci mərtəbəsində isə qardaşı Şakir yaşamışdır. Daha sonra isə qardaşı İlhamla öz aralarında birinci mərtəbəni bölmüşlər və İlham evin digər hissəsindən özü üçün giriş açmışdır. Hal-hazırda isə yaşayış evini hissələrə bölərək cavabdehlər yaşamaqda davam edir. Onun isə həmin evdə ayrıca otağı var idi. Ona görə də evdən istifadə qaydası müəyyən olunarkən əvvəlki bölgü əsas götürülməlidir. Bundan başqa qeyd edir ki, mərhum atası X2 adına olan ünvan 1 ünvanın sənədləri qardaşları tərəfindən gizlədilərək ona təqdim olunmadığından aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi dairəsinə müraciət olunmuş və oradan alınmış xx.xx.2024-cü il tarixli məktuba əsasən mərhum atası Əliyev Mansur oğlunun adına ünvan 1 fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportun idarənin arxivində mövcud olması göstərilmişdir. Xəzər rayon icra hakimiyyətinin Buzovna qəsəbə inzibati ərazi ərazi dairəsindən alınmış arayışda isə qeydiyyat ünvanı - Buzovna qəsəbəsi, 8 Mart küçəsi döngə 1, ev 7 olaraq qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, cavabdehlərlə birlikdə hazırda mübahisələndirilən evdə uzun müddət birlikdə yaşamışlar. Daha sonra isə həmin ünvandan köçmüş və 13 il olar ki qaynatası tərəfindən ona verilmiş torpaq sahəsində inşa etdiyi evdə yaşayır. Bununla belə aradabir mübahisəli ünvana gedibgəlmişdir. Belə ki, Buzovna qəsəbəsi, 8 Mart küçəsi döngə 1, ev 7 ünvanında öz vəsaiti hesabına qaraj tikmişdir. Lakin son 3-4 ildir qardaşları onu həmin evə gəlməsinə icazə vermirlər. Mübahisəli ev 1955-ci ildə alınmışdır, atası isə 1988-ci ildə vəfat etmişdir, evin sənədləri barəsində də məlumatı yoxdur. Təxminən 2012-ci ilə qədər mübahisəli evdə yaşamışdır. Hazırda yaşadığı evi oğlu üçün tikmişdir və ata evində olan payını tələb edir. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf iddia ərizəsinə etiraz təqdim edərək izahatında əlavə olaraq bildir ki, mübahisəli ev və torpaq sahəsi mərhum atası Mansur Əliyevə məxsus olmuşdur. Atası 1988-ci ildə vəfat etmişdir. Atasının sağlığında ev və torpaq sahəsi dövlət qeydiyyatına alınmamışdır. Lakin torpaq sahəsinin ayrılmasına dair ilkin hüquqmüəyyənedici sənədlər atasının adına olmuşdur. Bununla belə həmin sənədlər qeyri-müəyyən şəraitdə itmişdir. Qeyd edir ki, mübahisəli ev atası tərəfindən inşa edilmişdir. Ev 2 mərtəbədən və 4 otaqdan ibarətdir. Birinci və ikinci mərtəbələrin girişləri ayrıdır. 1989-cu il bacısı ailə həyatı quraraq ailəsi ilə birlikdə başqa ünvanda yaşamağa başlamışdır. 1993-cü ildə isə böyük qardaşı İlqar ailə qurduqdan sonra ikinci mərtəbədəki 2 otağa köçmüşdür. 1997-ci ildə iddiaçı - qardaşı Əliheydər ailə həyatı qurmuş və birinci mərtəbədəki 1 otaqda yaşamağa başlamışdır. 1997-ci ildə ailənin vəsaiti hesabına iddiaçıya Buzovna qəsəbəsində 850 m2 torpaq sahəsi almışlar və həmin torpaq sahəsində 3 otaqlı ev inşa etmişlər. Həyətin ətrafına daş hasar çəkdirmişlər. Evini təmiri davam etdiyi üçün iddiaçı onlarla birlikdə qalmışdır. 1997-ci ildə böyük qardaşı İlqar Buzovna qəsəbəsində ev almış və ailəsi ilə birlikdə mübahisəki evdən çıxmışdır. 1998-ci ildə kiçik qardaşı Faiq ailə həyatı qurmuş və ikinci mərtəbəyə köçmüşdür. İddiaçı isə mübahisəli evdə qaldığı müddət ərzində anaları ilə tez-tez mübahisə edirdi. Anası isə tələb edirdi ki, iddiaçı öz evinə köçsün. 2010-cu ildə isə o (Cavabdeh1) da ailə həyatı qurmuşdur. Ev çox darısqal idi. İddiaçının isə anaları ilə mübahisələri davam edirdi. İddiaçı hətta evdə olan əşyaları da sındırırdı. Bundan sonra anası polis orqanlarına şikayət etmiş və nəticədə iddiaçı məcburi qaydada mübahisəli evdən çıxarılaraq öz evinə köçürülmüşdür. 2011-ci ildə qardaşı Faiq də Buzovna qəsəbəsində özünə ayrıca ev almış və mübahisəki evdən çıxmışdır. Bundan sonra digər cavabdeh Şakir də ailə həyatı qurmuş və anasının təklifi ilə evin ikinci mərtəbəsinə köçmüşdür. Anası isə evin birinci mərtəbəsində onunla (Cavabdeh1) birlikdə qalmışdır. 2015-ci ildə anası vəfat etmişdir və hazırda evin birinci mərtbəsədinə o (Cavabdeh1) ailəsi ilə birlikdə, ikinci mərtəbəsində isə digər cavabdeh Şakir ailəsi ilə birlikdə yaşayır. İddiaçı isə 13 ildir özünə məxsus 3 otaqlı evə yaşayır. Bundan başqa iddiaçı evinin yerləşdiyi torpaq sahəsinə əlavə olaraq 1 otaq da inşa etmişdir. Beləlikdə iddiaçı özünə məxsus dörd otağın ikisini kirayəyə vermişdir. Onlar isə dörd otaqda yeddi nəfər olmaqla iki ailə yaşayırlar. İddia ərizəsində qeyd edilənlər isə həqiqəti əks etdirmir. Belə ki, mübahisəli evin həyətindəki istixana və qaraj öz vəsaitləri hesabına inşa edilmişdir. Bunun əski olaraq isə iddiaçının yaşadığı ev ailələrinin hesabına inşa edilmişdir. Həmçinin torpaq sahəsi də onların vəsaiti hesabına alınmışdır. Eyni zamanda iddiaçının həyətindəki daş hasarı şəxsən onun (Cavabdeh1) tərəfindən inşa edilmişdir. Bundan başqa iddiaçı öz evinə köçdükdən 13 il ərzində mübahisəli evi iki dəfə öz vəsaitləri hesabına təmir etdirmişlər. Bundan başqa iddiaçının mübahisəli evə cəmi 1 şkafı qalmışdır ki, onu da istənilən vaxt götürə bilər. Eyni zamanda iddiaçının mübahisəli evə olan pasport qeydiyyatı formal xarakter daşıyır. Belə ki, iddiaçı məqsədyönlü şəkildə qeydiyyatdan çıxmır. Hazırda iddiaçı özünə məxsus üç və bir otaqdan ibarət olmaqla iki evinin olmasını və evinin iki otağını kirayəyə verməsini gizlədir. Guya müvəqqəti olaraq başqa ünvanda yaşayır. Göründüyü kimi iddiaçının tələbi əsassızdır. İddiaçı tələbində hər hansı maddi hüquq normasına istinad edə bilməmişdir. Belə ki, iddiaçı qanunun hansı normasının onun mübahisəli evə köçürülməsinə əsas ola biəcəyini bildirməmişdir. Atasına və mübahisəli evə dair sənədlərin onlarda olması barədə iddiaçının bildirdikləri isə yanlış məlumat olmaqla hər hansı bir əsasa söykənmir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddiaya etiraz edərək onun rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil təqdim edilmiş etirazın dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, iddiaçı 13 ildir mübahisəli evdən çıxmış və özü üçün başqa yaşayış yeri seçmişdir. Hazırda isə mübahisəli evə köçürülməsini xahiş etsə də bunun üçün hansı əsasların olmasını bildirməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 05 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, mərhum Mansur Əliyevin adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 8 Mart küçəsi, döngə 1, 7 saylı fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasport İdarənini arxivində mövcuddur. Sözügedən texniki pasportun surətinin əldə edilməsi ilə bağlı hüquqi vərəsələr dairəsinin müəyyən edilməsi haqqında notariat ofisindən məktubun təqdim edilməsi məqsədəmüvafiqdir. İş materialları ilə həmçinin müəyyən edilir ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən mübahisəli evin eləcə də evin yerləşdiyi torpaq sahəsinin hüquqi vəziyyəti, mülkiyyətçiləri (əvvəlki və hazırki) barədə məlumatları əks etdirən sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətlərinin təqdim edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq sorğu ünvnalanmışdır. Həmin İdarənin 28 yanvar 2025-ci il tarixli məktubu ilə mübahisəli evə dair texniki pasportun təsdiq edilmiş surəti təqdim edilmişdir. Beləliklə işin faktiki halları ilə müəyyən edilir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 8 Mart küçəsi, döngə 1, 7 saylı fərdi yaşayış evi müvafiq qaydada dövlət qeydiyyatına alınmamışdır. Bununla belə evə dair tərəflərin mərhum atası Mansur Əliyevin adına tərtib edilmiş texniki pasport mövcud olmuşdur. Həmçinin müəyyən edilir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 8 Mart küçəsi, döngə 1, 7 saylı fərdi yaşayış evi iki mərtəbədən ibarətdir və hazırda həmin evdə cavabdehlər yaşayırlar. Hazırda iddiaçı bildirir ki, başqa ünvanda yaşasa da, mübahisəli ünvanda qeydiyyatdadır, həmin üvanda tərəfindən müxtəlif tikililər inşa edilmişdir. Bununla belə təxminən 2012-ci ildən həmin evdən çıxsa da, ata mülkindən payı mövcuddur və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 8 Mart küçəsi, döngə 1, 7 saylı fərdi yaşayış evinə köçürülməsini tələb edir. Cavabdehlər isə iddia tələbinə etiraz edərək, etirazı onunla əsaslandırmışlar ki, iddiaçı 13 ildir mübahisəli evdən çıxmış və özü üçün başqa yaşayış yeri seçmişdir. Hazırda isə mübahisəli evə köçürülməsini xahiş etsə də bunun üçün hansı əsasların olmasını bildirməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə ilk öncə qeyd edir ki, qanunvericilik mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırkı mübahisə üzrə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsi tətbiq olunmalıdır. Belə ki, iddiaçı 2012-ci ildən mübahisəli evdən çıxmasını bildirsə də, işin faktiki halları ilə iddiaçının həmin mənzil üzrə qeydiyyatı məhz 2009-cu ildən əvvəlki tarixə aid olmuşdur. Həmçinin tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçı 2012-ci il tarixədək mübahisəli mənzildə yaşamışdır. Bununla yanaşı iş materialları ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlak dövlət reyestrində qeydiyyatdan keçməmişdir, bu baxımdan mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsi deyil, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi tətbiq edilməlidir. Münasibətlər yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”. Qeyd olunan qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Qanunverici yuxarıda göstərilən qaydaları təsbit edərkən hüquqları pozulması ehtimal olunan icarədarın və ya onun ailə üzvlərinin həmin qanundan irəli gələn hüquqlarının tam və hərtərəfli təmin olunmasını əsas götürmüşdür. Məhz ona görə də, bu kateqoriyadan olan iddialar yalnız məhkəmə qarşısında qaldırıla bilər. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Göründüyü kimi (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Bununla belə tərəfin yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, mənzildən istifadə, mənzil hüquq münasibətlərinin tərkib hissəsi olaraq, mənzildə faktiki yaşamaqla ifadə olunan, qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda mənzilə olan ehtiyacın ödənilməsinə yönəlmiş, əldə edilməsi və itirilməsi qanunla müəyyən olunan və məhkəmə müdafiəsi təminatlarını özündə ehtiva edir. Hazırki işin faktiki hallarında isə göründüyü kimi iddiaçı 2012-ci ildən mübahisəli evdən çıxmış və uzun müddət özünə daimi yaşamaq üçün başqa yaşayış məntəqəsi seçmişdir ki, bununla da mübahisəli evdən istifadə etmək ehtiyacı aradan qalxmışdır. Göründüyü kimi iddiaçı Bakı şəhəri, Buzovna qəsəbəsi, 8 Mart küçəsi, döngə 1, 7 saylı evə köçürülməsini tələb etsə də, işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı daimi yaşamaq üçün başqa ünvana köçmüş və mübahisəli evə köçürülməsi üçün əsaslar olmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının mübahisəli evə istifadə hüququ itirilmiş hesab edildiyindən o, Bakı şəhəri, Buzovna qəsəbəsi, 8 Mart küçəsi, döngə 1, 7 saylı evə köçürülə bilməz. Bununla yanaşı məhkəmə qeyd edir ki, qanunvericilik mənzilə köçürülməsi və ya istifadə hüquqlarının tanınması faktını şəxsin mənzilin yerləşdiyi ünvana qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Başqa sözlə şəxsin yaşayış sahəsinin yerləşdiyi ünvana pasport qeydiyyatının olub-olmaması birmənalı şəkildə onun mənzilə köçürülməsi və ya istifadə hüquqlarının olması üçün əsas deyildir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Məhkəmə qeyd edir ki, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə daha sonra qeyd edir ki, edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Bu baxımdan məhkəmə belə nəticəyə gəlir ki, iddianın dəlilləri əsassız olmuşdur. Çünki iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (MPM 76.2) Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(003)-515/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-515/2025
27.02.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver