Məhkəmə qərarları › İş №2(003)-53/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-53/2023

20.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-53/2023 20.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçının vəkili Nümayəndə, Cavabdeh, eyni zamanda Cavabdeh1 nümayəndəsi Cavabdeh2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tikililərin sökülməsi, bağ sahəsinin təhvil verilməsi, maddi zərər, əldən çıxmış fayda və mənəvi zərər tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xəzər rayonu, Şüvəlan bağlar səhəsindəki 0,11 ha ərazisi olan 800b nömrəli zəbt olunmuş bağ sahəsində tikilmiş ev və həyatyani tikililərin, eləcə də daş hasarın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəsaiti hesabına sökülməsi və bağ sahəsinin boşaldılaraq İddiaçı verilməsi, bağ sahəsində tikilmiş ev və həyətyanı tikililərin cavabdehlərin vəsaiti hesabına sökülüb torpaq sahəsinin iddiaçıya verilməsi mümkün olmadıqda 110 000 manat maddi zərərin cavabdehlərdən alınaraq iddiaçıya verilməsi, məhkəmədə iddia qaldırılması və prosesin aparılması üçün vəkillə bağlanan müqavilə xərci olan 350 manatın, eləcə də məhkəmə işlərinin aparılması üçün əlavə çəkiləcək xərclərin dəyəri olaraq cavabdehlərdən 1000 manat pulun alınaraq iddiaçıya verilməsi, bağ sahəsinin zəbt olunması nəticəsində 10000 manat həcmində əldən çıxmış faydanın cavabdehlərdən alınaraq iddiaçıya verilməsi, 5000 manat mənəvi zərərin cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1990-cı il tarixdə Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin (indiki Bakı Şəhər İcra Hakimiyyəti) Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən Şüvəlan bağlar səhəsindəki 51 nömrəli kooperativin nəzdində 0,12 ha ərazisi olan 800b nömrəli bağ sahəsi həmin qurumun 15/558 saylı Qərarına əsasən X2 ayrılmışdır. Torpaq sahəsinin həqiqətən X1 adına olmasını təsdiq edilməsi üçün İddiaçı tərəfindən 1 saylı Bakı “Asan Xidmət” Mərkəzinə müraciət olunmuş və həmin qurum müraciəti aidiyyəti üzrə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı filialına göndərmişdir. Dövlət Arxivinin Bakı filialının xx.xx.2018-ci il tarixli, H-42 saylı müşayiət məktubu ilə Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 15/558 saylı Qərarından təsdiq edilmiş Çıxarışı İddiaçı təqdim olunmuşdur (Dövlət Arxivinin Bakı filialı tərəfindən təqdim olunan məktubun və çıxarışın surəti əlavə olunur). Hazırda iddiaçın atası dünyasını dəyişmişdir. Hələ atasının sağlığında ərizə ilə Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinə müraciət edilmiş, sözügedən qurumun xx.xx.2006-cı il tarixli Qərarına əsasən - Şüvəlan bağlar sahəsindəki 51 saylı kooperativin nəzdində 0,11 ha sahəsi olan 800b saylı torpaq sahəsi 03 saylı orderlə hazırda İddiaçı adına rəsmləşdirilmişdir (Orderin surəti əlavə edilir). Hazırda həmin bağ sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt olunmuş, orada qanunsuz ev tikmişlər. Bu iş üzrə tərəflərindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə 800b saylı bağ sahəsinin kordinatlarının müəyyən olunması barədə 2 dəfə müraciət olunmuşdur. Bakı Şəhər Ərazi İdarəsinin xx.xx.2016-ci il tarixli və xx.xx.2018-ci il tarixli cavab məktublarında qeyd edilir ki, həmin bağ sahəsi fiziki şəxs tərəfindən zəbt edilərək hasarlanmış, üzərində bağ evi və həyət tikililəri inşa edilmişdir. Yalnız elektron kadastr baza məlumatlarına və sxematik xəritəyə əsasən müəyyən edilir ki, zəbt olunmuş torpaq sahəsi 800b saylı sahədir. Həmin qurumun məktublarını işə əlavə edərək bildirirlər ki, torpağın zəbt olunması faktı həmin məktublarla təsdiq edilir. Yaranmış vəziyyətlə bağlı İddiaçı və onun oğlu X6 dəfələrlə Cavabdeh2la görüşmüş və bağ sahəsinin onlara məxsus olduğunu bildirmiş, torpaq sahəsini boşaldaraq onlara təhvil verilməsini tələb etmişlər. Lakin Cavabdeh2 oğlu bildirmişdir ki, ...... “o buranı zəbt etmiş, bağ təsərrüfatının işçilərinə pul verib oturmuşdur burda”. Başqa sözlə rüşvətlə həmin bağ sahəsini zəbt etmiş Cavabdeh2 könüllü olaraq bağ sahəsini tərk etmək istəmir. Digər tərəfdən sözügedən bağ sahəsi hazırda 0,11 ha olmaqla iddiaçının mülkiyyətindədir. Həmin ərazidə bir sot torpağın qiyməti 10000-12000 manat civarındadır. Başqa sözlə dəyəri 10000 manatla götürsək minimum 110000 manat dəyərində olan torpaq sahəsi cavabdehlər tərəfindən zəbt olunmuşdur. Torpağın zəbt olunması səbəbindən iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə mülkiyyət hüququnun tanınması üçün müraciət edə bilmir. Çünki ərazi zəbt olunubsa mübahisəli ərazi olduğundan Çıxarışın verilməsindən imtina edilir. Torpağı zəbt etməklə cavabdehlər tərəfindən iddiaçıya həm maddi, həm də mənəvi zərər vurulmuşdur. Torpağın zəbt olunması nəticəsində iddiaçıya minimum 5000 manat həcmində mənəvi ziyan dəymişdir. Bundan başqa məhkəmədə iddia qaldırılması və prosesin aparılması üçün vəkillə müqavilə bağlanılmış və müqavilə xərci olaraq 350 manat ödənilmişdir. Əlavə olaraq məhkəmə işlərinin aparılması üçün əlavə xərclər də çəkiləcəkdir. Buna uyğun olaraq cavabdehlərdən 1000 manat əlavə pulun alınaraq iddiaçıya qaytarılması zəruridir. Digər tərəfdən əgər iddiaçıya məxsus bağ sahəsi zəbt olunmasa idi həmin bağ sahəsindən səmərəli istifadə oluna bilərdi. Hazırda iddiaçı həmin torpaq sahəsində heç bir əkin-biçin, yaxud tikinti işləri apara bilmir. Təkcə bir halı qeyd etmək kifayətdir ki, torpaq zəbt olunmasa iddiaçı tərəfindən həmin bağ sahəsində kiçik ölçülü evlər tikilə və ən azı kirayəyə verilə bilərdi. Bu baxımdan əldə çıxmış fayda kimi ən azı 10000 manat vəsaitin də cavabdehlərdən alınması vacibdir. Daha sonra işə baxılması zamanı iddiaçı, iddia tələbinin həcmini artıraraq Xəzər rayonu, Şüvəlan bağlar səhəsindəki 0,11 ha ərazisi olan 800b nömrəli zəbt olunmuş bağ sahəsində tikilmiş ev və həyatyani tikililərin, eləcə də daş hasarın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəsaiti hesabına sökülməsi və bağ sahəsinin boşaldılaraq İddiaçı verilməsi, bağ sahəsində tikilmiş ev və həyətyanı tikililərin cavabdehlərin vəsaiti hesabına sökülüb torpaq sahəsinin iddiaçıya verilməsi mümkün olmadıqda 110000 manat maddi zərərin cavabdehlərdən alınaraq iddiaçıya verilməsi, məhkəmədə iddia qaldırılması və prosesin aparılması üçün vəkillə bağlanan müqavilə xərci olan 350 manatın, 30 manat dövlət rüsumunun, 760 manat ödənilmiş ekspertiza xərclərinin, eləcə də məhkəmə işlərinin aparılması üçün əlavə çəkiləcək xərclərin dəyəri kimi 1000 manat pulun cavabdehlərdən alınaraq iddiaçıya verilməsi, bağ sahəsinin zəbt olunması nəticəsində 10000 manat həcmində əldən çıxmış faydanın cavabdehlərdən alınaraq iddiaçıya verilməsi, 5000 manat mənəvi zərərin cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili Nümayəndə iddia tələbinin təmin olunmasını xahiş etməklə izahatında bildirdi ki, iddiaçıya məxsus torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilmişdir. Boş torpaq sahəsi olmuş və iddiaçı daimi olaraq 2014-2015-ci il tarixədək gedib-gəlmişdir. 2015-ci ilin sonunda müəyyən etmişlər ki, cavabdehlər tərəfindən orada tikili tikilmişdir. Ona görə də iddia tələbinin əsaslı hesab edir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, cavabdehlərin istifadəsində olan torpaq sahəsi iddiaçıya məxsusdur. Bu barədə iddia ərizəsinə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş məktublardan da müəyyən etmək olar. Hazırda cavabdehlər qanunsuz olaraq torpaq sahəsini zəbt etmişlər və orada tikililər tikmişlər. Məhkəmə iclasında cavabdeh, eyni zamanda Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iddia tələbini etiraf etməyərək onun təmin edilməməsini xahiş etdi və izahatında bildirmişdir ki, həmin torpaq sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənədir yoxdur, lakin 70 ildir ki həmin torpaq sahəsində yaşayırlar. Belə ki, torpaq sahəsi 1950-ci ildə qayınatasına verilmişdir. O, öləndən sonra miras kimi qızı, onun arvadı Məlahətə qalmışdır. Qeyd etmişdir ki, onun tərəfindən iddiaçının torpaq sahəsi zəbt edilməmiş, torpaq sahəsində olan tikililər isə onlar tərəfindən inşa edilmişdir. Həmçinin izahatında bildirmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi başqa yerdə yerləşir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia tələbini etiraf etməyərək onun təmin edilməməsini xahiş etdi və izahatında bildirmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi mümkün deyil. İddiaçıya məxsus torpaq sahəsi başqa yerdə yerləşir. Bununla da iddia əsassızdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu xx.xx.1990-cı il tarixli, 15/558 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışı ona təqdim edilmişdir. -yuxarıda qeyd olunan məktuba əlavə edilmiş Bakı şəhər X8 İcraiyyə komitəsinin xx.xx.1990-cı il tarixli 15/558 nömrəli qərarından görünür ki, X2 Şüvəlan qəsəbəsi Bağ tikinti koperativinin 51 nömrəli massivində bağ sahəsinin ayrılması qərara alınmışdır. -Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatınının inkişafı və istismarı birliyi Şüvəlan bağlar sahəsindəki 51 nömrəli kooperativdə B/S nömrəli orderin surətindən görünür ki, X2 Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1990-cı il tarixli, 15/558 nömrəli qərarına əsasən Şüvəlan bağlar sahəsində 51 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 800b nömrəli bağ ayrılmışdır. -Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinə ünvanlanmış X3 tərəfindən ünvanlanmış xx.xx.2006-cı il tarixli ərizəsinin surətindən görünür ki, o, həmin ərizə ilə adına Şüvəlan qəsəbəsində olan 800b nömrəli bağ sahəsini oğlu İddiaçı adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. -notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra hakimiyyəti Aparatının Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyinin 03 saylı orderinin surətindən görünür ki, həmin order İddiaçı verilir ondan ötrü ki, Bakı şəhər icra hakimiyyətinin xx.xx.2006-cı il tarixli, P2:2B B.T.B saylı qərarına əsasən ona Şüvəlan bağlar sahəsində 51 saylı BTK nəzdində 0.11 ha torpaq sahəsi olan 800b saylı bağ ayrılmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanında yerləşən 800b saylı bağ sahəsinin koordinatlarının müəyyənləşdirilməsi barədə iddiaçının nümayəndəsi Ağasəf Hacıyevin müraciətinə cavab olaraq bildirmişdir ki, göstərilən bağ sahəsi digər fiziki şəxs tərəfindən hasarlanmış, üzərində bağ evi və həyət tikililəri mövcuddur. Mütəxəssis tərəfindən texniki baxış keçirilməsinə şərait yaradılmadığından naturada bağ sahəsinin koordinatlarını və sərhədlərini təyin etmək mümkün olmamışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinin xx.xx.2016-cı il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanında yerləşən 800b saylı bağ sahəsinin sərhədlərinin və döngə nöqtələrinin koordinatlarının müəyyən olunması barədə iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, göstərilən 800b saylı bağ sahəsi digər fiziki şəxslər tərəfindən zəbt edilərək hasarlanmış, Bakı şəhər Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına və sxematik xəritəyə əsasən sözügedən bağ sahəsi 800b saylı bağın ərazisidir. Mübahisə bağ sahəsinin istifadə edilməsində məhkəmə baxış predmetinin olmasını nəzərə alaraq aidiyyəti üzrə müraciət etməsi məqsədəuyğun hesab etmişlər. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, mütəxəssis rəyinin verilməsi üçün 311 manat ödənilməlidir. -xx.xx.2022 və xx.xx.2022-ci il tarixli qəbzlərdən görünür ki, yuxarıda qeyd olunan məktub əsasında iddiaçı tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin "xxxx" MMC-nin hesabına 311 manat pul ödənilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin "xxxx" MMC-nin xx.xx.2022-ci müşayiət məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, 1 saylı Bakı Ərazi İdarəsinin xidməti məlumatına əsasən Bakı şəhəri İcra Hakimiyyəti Aparatının əhaliyyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin xx.xx.2006-cı il tarixli, 03 saylı orderinə əsasən İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağlar sahəsində ayrılmış 800b saylı 0.11 ha torpaq sahəsinin arxiv qovluğunda cizgisi olmadığından, bağ sahəsinin naturada yerini (dəqiq kordinatlarını), həmçinin cavabdehlərin istifadələrində olan bağ sahəsi ilə üst-üstə düşüb-düşməmələrini müəyyən elmək mümkün olmamışdır. Ümumi iddia olunan 1824 kv.m ərazi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 800a, 800b və 800v saylı bağların bir hissəsi ilə uyğun gəlir. -məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, həmin rəy yuxarıda qeyd olunan mütəxəssis rəyi əsasında verilmiş və nəticə həmin rəylə uyğunluq təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. -Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-121/2022 saylı qərardadına əsasən iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Bakı şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyinin xx.xx.2006-cı il tarixli 03 saylı orderinə əsasən İddiaçı Bakı şəhəri Xəzər rayonu Şüvəlan bağlar sahəsində 51 saylı BTK nəzdində ayrılmış 0,11 ha torpaq sahəsi olan 800b saylı bağın elektron kadastr baza məlumatlarına və sxematik xəritəyə əsasən naturada yeri müəyyən edilsin. (kordinatları göstərilməklə).

2. Cavabdeh1 və Cavabdeh2 faktiki istifadələrində olan torpaq sahəsi birinci sualda qeyd olunan 800b saylı bağın hüdudları daxilində yerləşirmi (üst-üstə düşürmü)? Üst-üstə düşdüyü halda hansı hissədə və ölçüdə yerləri göstərilməklə sxematik plan tərtib edilsin. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, mütəxəssis rəyinin verilməsi üçün 95 manat ödənilməlidir. -xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, yuxarıda qeyd olunan məktub əsasında iddiaçı tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin hesabına 100 manat pul ödənilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci müşayiət məktubu ilə məhkəməyə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin Texnik-invertarlaşdırıcısı X5 tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, 800b saylı bağ sahəsinin arxiv qovluğunda cizgisi olmadığından bağ sahəsinin dəqiq koordinatlarını təyin etmək mümkün olmamışdır. İddia olunan 1824 kv.m ərazi digər fiziki şəxslər tərəfindən ümumi hasara alınmışdır. Həmin ərazidə bağ evi, köməkçi və həyət tikililəri inşa olunmuşdur. Bundan əlavə sxematik xəritəyə əsasən 800a, 800b və 800v saylı bağların bir hissəsinə uyğun gəlir. -məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, həmin rəy yuxarıda qeyd olunan mütəxəssis rəyi əsasında verilmiş və nəticə həmin rəylə uyğunluq təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. -“X9 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyinin 21.07 2006-cı il tarixli 03 saylı orderinə əsasən İddiaçı Bakı şəhəri Xəzər rayonu Şüvəlan bağlar sahəsində 51 saylı BTK nəzdində ayrılmış 0,11 ha torpaq sahəsi olan 800 b saylı bağ torpaq sahəsinin bağların sxematik xəritəsinə əsasən naturada yeri müəyyən edilmiş, koordinatları rəyə əlavə edilmiş sxemdə qeyd edilmişdir. Cavabdeh1 və Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi 800 b saylı bağın tam olaraq hüdudları daxilində yerləşir. - “X9 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş 673463 saylı xx.xx.2023-cü il tarixli kassa mədaxil orderindən görünür ki, xidmət haqqına görə iddiaçı tərəfindən 350 manat pul ödənilmişdir. -məhkəmə iclasında dindirilmiş iş üzrə mütəxəssi rəyi vermiş Daşınmaz Əmlakın Dövlət Reyesrti Xidmətinin 1 saylı Ərazi İdarəsinin Texnik-invertarlaşdırıcısı X5 bildirmişdir ki, 800b nömrəli bağ sahəsina dair arxiv qovluğunda kordinatları barədə cizgisi olmadığına görə həmin bağ sahəsinin dəqiq yerləşməsi yeri barədə rəyin verilməsi mümkün olmamışdır. Belə ki, həmin torpaq sahəsi X4 və İstismarı Birliyi tərəfindən verilmiş bağ sahəsidir. Bağ qovluğundan bağların yerləşmə yerlərinə dair xəritə var, həmin xəritədə bağ sahələri ardıcıllıqla yerləşməklə nömrələnmiş, lakin həmin xəritədə bağların yerləşməsi barədə miqyasları qeyd olunmamışdır. Rəy verilən zaman Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin müvafiq şöbələri tərəfindən araşdırma aparılır və ümumi nəticə əsasında rəy verilir. Hazırki iş üzrə mübahisə predmeti olan torpaq sahəsinin xəritəyə əsasən 800a, 800b və 800v saylı bağların bir hissəsinə uyğun olması müəyyən edilmişdir. Həmçinin bildirmişdir ki, əgər qonşu bağlara dair çıxarış verilibsə, onda həmin bağlara dair müvafiq cizgi də mövcud olmuşdur. Belə ki, bağların bir hissəsinin arxivdə cizgiləri var, digər hissələrinin isə yoxdur. -Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-53/2023 saylı qərardadına əsasən iş üzrə təkar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Bakı şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyinin xx.xx.2006-cı il tarixli 03 saylı orderinə əsasən İddiaçı Bakı şəhəri Xəzər rayonu Şüvəlan bağlar sahəsində 51 saylı BTK nəzdində ayrılmış 0,11 ha torpaq sahəsi olan 800b saylı bağın, X4 və istismarı Birliyi tərəfindən verilmiş bağların sxematik xəritəsinə əsasən (həmin xəritədə bağ sahələrinin yerləşmə yerləri və nömrələri nəzərə alınmaqla) naturada yeri müəyyən edilsin.(kordinatları göstərilməklə) a) Cavabdeh1 və Cavabdeh2 faktiki istifadələrində olan torpaq sahəsi birinci sualda qeyd olunan 800b saylı bağın hüdudları daxilində yerləşirmi (üst-üstə düşürmü)? Üst-üstə düşdüyü halda hansı hissədə və ölçüdə yerləri göstərilməklə sxematik plan tərtib edilsin. b) Cavabdehlərin istifadələrində olan torpaq sahəsi iddiaçıya məxsus 0,11 ha torpaq sahəsi olan 800b saylı bağın hüdudları daxilində yerləşdiyi halda sökülməsi tələb olunan tikililər (ev, həyətyanı tikililər və hasar) iddiaçıya məxsus torpaq sahəsində yerləşirmi? Yerləşdiyi halda hansı hissədə və ölçüdə yerləri göstərilməklə sxematik plan tərtib edilsin. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 800b saylı bağ sahəsinin arxiv qovluğunda cizgisi olmadığından bağ sahəsinin dəqiq koordinatlarını təyin etmək mümkün olmamış, iddia olunan ərazi digər fiziki şəxslər tərəfindən ümumi hasara alınaraq üzərində bağ evi və köməkçi tikililər inşa olunmuş, vahid elektron kadastr baza məlumatlarına və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən iddia olunan bağ sahəsi “800b” saylı bağın ərazisidir. “800b” saylı bağ sahəsinin dəqiq koordinatlarını təyin etmək mümkün olmadığından üstüstə düşmənin, ümumi hasar daxilində hansı hissədə və ölçüdə olduğunu təyin etmək mümkün olmamışdır. Bu səbəblərdən mütəxəssis rəyinin verilməsi tərəflərindən mümkün olmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Teymur Məmmədovun ekspertizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, ekspert qarşısında qoyulmuş sualların həlli üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən qərardadda qoyulmuş suallarla əlaqədar tədqiq olunan torpaq sahəsinə dair faktiki kordinatların, baza məlumatlarının və mütəxəssis rəyinin Mərkəzə təqdim edilməməsi səbəbindən ekspertizanın keçirilməsi mümkün olmamışdır. -xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 350 manat ödəniş edilmişdir. -781451473 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.2, 152.3 və 152.4-cü maddələrinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. - 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. - 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: -66-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. -68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. -111-ci maddəsinin əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iş üzrə cavabdehlərin istifadələrində olan torpaq sahəsinin bir hissəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən Bakı şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin xx.xx.2006-cı il tarixli 03 saylı orderinə əsasən İddiaçı ayrılmış “800b” saylı bağın ərazisidir. Belə ki, iş üzrə cavabdeh tərəf iddiaçıya məxsus bağ sahəsinin başqa yerdə yerləşməsini bildirsə də iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məktublarından, həmin İdarə tərəfindən verilmiş mütəxəssis rəylərindən görünür ki, cavabdehlərin istifadəsində olan torpaq sahəsinin bir hissəsi iddiaçıya məxsus torpaq sahəsindən ibarətdir. Həmçinin işin araşdırılmış hallarından müəyyən olunur ki, iş üzrə cavabdehlərin istifadələrində olan torpaq sahəsinə dair hər hansı bir hüquqi nəticəyə səbəb olan sənədləri mövcud deyil. Bu halla bağlı cavabdeh tərəfdən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Bununla da müəyyən olunur ki, cavabdehlərin istifadələrində olan torpaq sahəsi özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələrindən ibarətdir və torpaq sahəsində bağ evi və köməkçi tikililər inşa olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -99.2-ci maddəsinə əsasən ekspertiza məhkəmə ekspertizası idarəsinin ekspertləri və ya özəl məhkəmə ekspertləri tərəfindən keçirilir. Ekspertizanın keçirilməsi bir neçə ekspertə həvalə edilə bilər. -101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə iş üzrə sübutları qiymətləndirərkən hesab edir ki, iş üzrə mübahisə predmeti olan torpaq sahəsinin yerləşmə yerinə (koordinatlarına) dair sübut kimi “X9 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi əsas götürülməlidir. Belə ki, həmin rəydən görünür ki, mübahisə predmeti olan 800b saylı bağ sahəsinin naturada yerinin müəyyən edilməsinə əsas olmuş sənəd bağların sxematik xəritəsi olmuşdur. Həmin rəyə zidd olan hər hansı bir sübut isə məhkəməyə təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyləri həmin rəyin əsaslı olmasına dəlalət edir. Eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəylərinin mübahisə predmeti olan 800b saylı bağ sahəsinin dəqiq koordinatlarının müəyyən edilməsinin mümkün olmaması hissəsində əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş 800b saylı bağ sahəsinin əks olunduğu sxematik xəritənin surətindən görünür ki, 800b saylı bağ sahəsi 800a və 800v saylı bağ sahələrinin ortasında yerləşir. 800v sahəsindən sonra 801 saylı bağ sahəsi gəlməklə həmin sıra 801 saylı bağ sahəsi ilə yekunlaşır. Məhkəmə hesab edir ki, həmin sxematik xəritədə bağ sahələrinin yerləşmə yerləri, onların ölçüləri, sıra nömrəli, başlanğıc və bitmə nöqtələri barədə hallar nəzərə alınmadan yalnız 800b saylı bağ sahəsinin arxiv qovluğunda cizgisi olmadığından bağ sahəsinin dəqiq koordinatlarını təyin edilməsinin mümkün olmaması qənaətinə gəlinməsi əsassızdır. Belə ki, qeyd olunan hallar, müvafiq sxematik xəritədə ardıcılıqla yerləşən torpaq sahələrinin koordinatlarının müəyyən edilməsi mümkünsüzlüyünü istisna edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağlar sahəsində yerləşən 0.11 ha ərazisi olan 800 “b” nömrəli bağ sahəsində inşa edilmiş (“X9 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin yerləşmə cizgisində olan koordinatlar daxilində inşa edilmiş) ev və yəhətyanı tikililər, eləcə də daş hasar cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülməli və həmin bağ sahəsi (“X9 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin yerləşmə cizgisində olan koordinatlar daxilində yerləşən torpaq sahəsi) boşaldılaraq İddiaçı təhvil verilməlidir. Belə ki, iş üzrə araşdırılmış bütün hallardan müəyyən olunur ki, iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağlar sahəsində yerləşən 0.11 ha ərazisi olan 800 “b” nömrəli bağ sahəsi cavabdehlərin istifadəsindədir, həmin torpaq sahəsi qanunsuz olaraq onlar tərəfindən özbaşına tutulmuş və həmin torpaq sahəsində ev və yəhətyanı tikililər, eləcə də daş hasar inşa edilmişdir. Məhkəmə iddia tələbinin ikinci hissəsinə, yəni “bağ sahəsində tikilmiş ev və həyətyanı tikililərin cavabdehlərin vəsaiti hesabına sökülüb torpaq sahəsinin iddiaçıya verilməsi mümkün olmadıqda 110000 manat maddi zərərin cavabdehlərdən alınaraq iddiaçıya verilməsi” hissəsinə qiymət verərək qeyd edir ki, iş üzrə mübahisə predmeti olan torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldılaraq iddiaçıya verilməsi müəyyən olunduğundan iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bundan başqa məhkəmə, iddia tələbinin “məhkəmə işlərinin aparılması üçün əlavə çəkiləcək xərclərin dəyəri kimi 1000 manat pulun, bağ sahəsinin zəbt olunması nəticəsində 10000 manat həcmində əldən çıxmış faydanın və 5000 manat mənəvi zərərin cavabdehlərdən alınaraq iddiaçıya verilməsi” hissələrini əsassız hesab edir. Belə ki, “məhkəmə işlərinin aparılması üçün əlavə çəkiləcək xərclərin dəyəri kimi 1000 manat pulun” cavabdehlərdən tələb olunsa da həmin xərclərin nədən ibarət olması, hansı əsaslarla cavabdehdən tələb olunması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin bağ sahəsinin zəbt olunması nəticəsində əldən çıxmış fayda kimi 10000 manat vəsaitinin cavabdehlərdən tələb olunsa da iddiaçı tərəfindən həmin bağ sahəsində hər hansı bir fayda əldə edilməsi üçün işlərin aparılması niyyətində olmasına, bu halla bağlı cəhdlərin edilməsinə və həmin cəhdlərə cavabdehlər tərəfindən maneçilik törədilməsinə, eyni zamanda həmin bağ sahəsindən bəhrələnməklə cavabdehlər tərəfindən gəlir əldə edilməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İddiaçı, iddia ərizəsində torpağın zəbt olunması nəticəsində ona minimum 5000 manat həcmində mənəvi ziyan dəydiyini bildirsə də bu barədə də hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər dəyməsi hissəsində də əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağlar sahəsində yerləşən 0.11 ha ərazisi olan 800 “b” nömrəli bağ sahəsində inşa edilmiş (“X9 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin yerləşmə cizgisində olan koordinatlar daxilində inşa edilmiş) ev və yəhətyanı tikililər, eləcə də daş hasar cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülməli və həmin bağ sahəsi (“X9 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin yerləşmə cizgisində olan koordinatlar daxilində yerləşən torpaq sahəsi) boşaldılaraq İddiaçı təhvil verilməli, qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30 manat, vəkilin etdiyi kömək üçün ödədilmiş 350 manat, iş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mütəxəsis rəylərinin verilməsi üçün ödənilmiş xərclərə görə 210 manat, ümumilikdə 590 manat pul müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iş üzrə mütəxəsis rəylərinin verilməsi üçün ödənilmiş xərclərə görə 200 manat hissəsi İddiaçı özünə aid edilməlidir. Həmçinin iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 150 manatın 100 manat hissəsi müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 50 manatı isə İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -115.0.1 və 115.0.6-cı maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qeyd edir ki, məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi məsələsinə qiymət verərkən aşağıdakı halları: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mütəxəsis rəylərinin verilməsi üçün ödənilmiş cəmi məbləğin 410 manat olması və həmin məbləğin iddiaçı tərəfindən ödənilməsi, -iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 30 manat məbləğində rüsumun ödənilməsi və iddiaçı tərəfindən vəkilə kömək üçün ödənilmiş 350 manat məbləğin ağlabatan məbləğdə olması, -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatlarının cəmi dəyərinin 150 manat təşkil etməsi, - və iddia tələbinin qismən təmin edilməsi barədə halları nəzərə almışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağlar sahəsində yerləşən 0.11 ha ərazisi olan 800 “b” nömrəli bağ sahəsində inşa edilmiş (“X9 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin yerləşmə cizgisində olan koordinatlar daxilində inşa edilmiş) ev və yəhətyanı tikililər, eləcə də daş hasar cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülsün və həmin bağ sahəsi (“X9 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin yerləşmə cizgisində olan koordinatlar daxilində yerləşən torpaq sahəsi) boşaldılaraq İddiaçı təhvil verilsin. İddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30 manat, vəkilin etdiyi kömək üçün ödədiyi 350 manat, iş üzrə mütəxəsis rəylərinin verilməsi üçün ödənilmiş xərclərə görə 210 manat, ümumilikdə 590 manat pul müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilsin. İş üzrə mütəxəsis rəylərinin verilməsi üçün ödənilmiş xərclərin 200 manat hissəsi İddiaçı özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 150 manatın 100 manat hissəsi müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 50 manatı isə İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar