Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-582/2022 10.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i̇ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10500 manat məbləğində pulun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2019-cu ilin dekabr ayında X3 məxsus “Opel-Corsa” markalı **-UP-*** dövlət nömrə nişanlı avtombili qarşılıqlı razılaşma əsasında aylıq kredit ödəmək şərti ilə ona satmışdır və aralarında qarşılıqlı razılaşma olduğundan avtomobili rəsmləşdirməmişlər. Cavabdeh ona avtomobili istifadə etmək üçün etibarnamə vermişdir. Belə ki, o, avtomobil almaq istəyirmiş və ona görə bu haqqda tanışlarına demişdir. İş yoldaşları ona tanıdıqları Cavabdeh münasib qiymətə avtomobilin olmasını demişlər və onları tanış etmişdilər. Cavabdeh da ona “Opel-Corsa” markalı **-UP-*** dövlət nömrə nişanlı avtombilin olmasını demişdir. Maşına baxandan sonra ilkin ödəniş 3000 manat ödəmək şərti ilə hər ay 640 (altı yüz qırx) manat kredit ödəmək razılığına gəlmişlər. O, 14 ay hər ay üçün 640 manat avtomobilin krediti üçün qarşı tərəfə pul ödəmişdir və 14 aydan sonra avtomobil alışaraq yanmışdır. Bundan sonra belə razılaşmışlar ki, müştərək avtomobili təmir edəcəklər, sonra yenə də aylıq kredit ödəməsini davam edəcək. Avtomobilin təmiri üçün 2000 (iki min) manat xərc çəkmişdir. Bundan sonra Rövşən ona təklif etmişdir ki, təmiri geçikdirir, versin maşını o, özü tez təmir etdirsin və sataraq hər kəs öz pulunu götürsün. Ona inanaraq avtomobili ona təhvil vermişdir. Bundan sonra ona bir neçə gün zəng etmişdir, əvvəl onunla danışmışdır ki, narahat olmasın, hər şey qaydasındadır. Bir necə gündən sonra ona zəng çatmamışdır. Sonra Rövşəni axtarmışdır və heç yerdə tapa bilməmişdir. Bundan sonra mən məcbur olub Xəzər RPİ-nin 1-ci Bölməsinə onun əməlləri barədə şikayət etmişdir, Bölmədən 02.06.2021-ci il tarixli məktubla ərizəsinə baxılaraq tədbir görülməsi və gələcəkdə aidiyyəti üzrə mülki qaydada məhkəməyə müraciət etməyinin zəruri olduğu bildirilmişdir. Ona görə də məhkəməyə müraciət edir və hesab edir ki, cavabdehə “Opel-Corsa” markalı **-UP-*** dövlət nömrə nişanlı avtombilin krediti üçün 8500 manat məbləğində pul və həmin avtomobilin təmiri ilə əlaqədar çəkdiyi 2000 manat məbləgində xərc və tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınıb ona verilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində məhkəmə bildirişi göndərilsə də, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işə cavabdehin iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Rövşən maşın almaq məqsədilə Rəsul ilə görüşməyə gəlmişdi, Rəsul ona məxsus olan “Opel- Corsa” markalı **-UP-*** dövlət nömrə nişanlı avtombili kreditlə Rövşənə satmağa onunla razılığa gəlmişdi və bu məqsədlə ondan ilkin olaraq 3000 manat ödəniş istəmişdi. Onlarla birlikdə avtomaşının cəriməsinin olub-olmamasını yol polisində yoxlamışdır. Avtomaşının cəriməsi yox idi. Bundan sonra birlikdə “28 may” metrosu tərəfdə yerləşən notariat kontoruna getmişlər və Rəsul Rövşənə sözügedən avtomaşına dair etibarnamə vermişdir. Aralarında olan danışıqdan belə başa düşmüşdür ki, avtomaşına dair icarə müqaviləsi bağlamaq hər iki tərəfə sərf etmir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ** UP *** qeydiyyat nişanlı avotmobil X2 məxsusdur. İşdə olan nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, Cavabdeh tərəfindən etibarnamə ilə etibar edilmiş ** UP *** qeydiyyat nişanlı avtomobil İddiaçı idarə edilməsi üçün verilmişdir. İşdən görünür ki, Cavabdeh məxsus bank hesab nömrəsinə müxtəlif vaxtlarda 2530 manat pul köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06.03.2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091-ci maddəsinə maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İddiaçı avtombilin satışı ilə əlaqədar 8500 manat məbləğində və həmin avtomobilin təmiri ilə əlaqədar çəkdiyi xərcə görə 2000 manat məbləgində borcun olduğunu iddia etsə də, buna dair tərəflərin iradə ifadəsi olaraq ilkin alqı satqı müqaviləsi və ya hər hansı bir öhdəliyə dair müqavilə kimi sübut məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə iclasında şahid qismində dindirilmiş olan X4 ödəniş zamanı biləvasitə iştirak etmədiyinə görə onun tərəfindən verilmiş olan ifadənin mötəbərliyi şübhə altına alınır. Ona görə də, məhkəmə şahid X1 ifadəsini mötəbər sübut kimi qəbul etmir. Bundan başqa məhkəmə ödəniş qəbzlərinə dair sübuta da qiymət verərək qeyd edir ki, ilk öncə ödənilmiş məbləğ iddiada əks olunan məbləğ həddində deyil, habelə həmin məbləğin kim tərəfindən və hansı məqsədə ödənildiyi sübuta yetirilmir. Qeyd edilənlərə əsasən məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı 10500 manat məbləğində pulun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i̇ : İddiaçı Cavabdeh 10500 manat məbləğində pulun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağiyev
Məhkəmə qərarları › İş №2(003)-582/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-582/2022
10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver