Məhkəmə qərarları › İş №2(003)-599/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-599/2024

31.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-599/2024 31.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bolluq yaşayış massivi sahə 2 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, 19 avqust 1991-ci il tarixdə Abşeron Rayon XDS İcrayyə Komitəsinin xx.xx.1991-ci il tarixli 47 saylı qərarına və Həmkarlar İttifaqınının savxoz Həmkarlar Komitəsinin (protokol No 7, Vİİİ,1991-ci il) qərarına uyğun olaraq fərdi ev tikmək üçün 0,08 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzrə bütün səlahiyyətlər 115841 saylı etibarnamə üzrə ona verilmişdir. Qeyd olunan torpaq sahəsi üzərində fərdi ev tikmişdir. Ev tam təmirli və istifadəyə tam yararlıdır. Bütün Komunal xidmətlər mövcuddur. Bu günə qədər müəyyən səbəblərdən Dövlət Əmlak Komitəsinin Dövlət Reyestr Xidmətindən Çıxarış ala bilməmişdir. 2011-ci il tarixdə cavabdehin yaşayış yeri olmadığına görə ona ailəsi ilə birlikdə müvəqqəti olaraq yaşamaq üçün icazə vermişdir. Cavabdeh bu qeyri-rəsmi razılaşmadan istifadə edərək həmən fərdi evə tam yerləşmişdir. Cavabdeh həmən yaşayış sahəsindən 12 ildən artıq müddətdir ki, istifadə edir. 2020-ci ildə evin boşaldılması zərurəti yaranmışdır. 2020-ci il tarixdə cavabdehə evi ona məxsus əşyalarla birlikdə tərk etmək üçün xahiş etmişdir. Hər dəfə qısa müddətdə evi tərk edəcəyini bildirsə də, müxtəlif bəhanələr gətirmişdir. Bu günədək evi tərk etmək istəmir və bu səbəbdən ona kifayət qədər maddi və mənəvi zərər dəymişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən məcburi çıxarılma” tələbinə dair iddia tələbi tam əsassızdır, bu səbəbdən də təmin edilməməlidir. İlk öncə iddia ərizəsi iddia müddətinin ötürülməsi ilə verilmişdir. Belə ki, o, 07 mart 2010-cu ildən bu günə kimi qeyd olunan mənzildə yaşayır. Mənzilin bütün kommunal xidmətlərinin ödənişləri də həmin vaxtdan bu günə kimi onun tərəfindən ödənilmişdir. Məlum olduğu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti 10 (on) il müəyyən edilmişdir. Belə olduğu halda, iddia müddətinin axımı, 07 mart 2010-cu ildən başlamışdır və iddia müddəti üçün mülki qanunvericlikdə müəyyən olunmuş 10 (on) illik müddət 07 mart 2020-ci il tarixdə bitmişdir. Onun qeyd olunan ünvanda 07 mart 2010-cu ildən yaşamağını da İddiaçı çox yaxşı bilirdi. Lakin, İddiaçı heç bir üzürlü səbəb göstərmədən iddia müddətinin bitməsindən 3 (üç) ildən çox vaxt keçəndən sonra, yəni 2023-cü ilin son aylarında məhkəməyə müraciət etmişdir. Beləliklə də, açıq aydın görünür ki, İddiaçı iddia müddətini ötürmüşdür və bu əsasla da onun iddiası tam rədd edilməlidir. Ümumi iddia müddəti 10 (on) il olmaqla, barəsində xüsusi iddia müddəti tətbiq edilməyən və ümumiyyətlə, iddia müddəti tətbiq edilməyən hüquq münasibətləri istisna olmaqla, bütün hüquq münasibətlərinə tətbiq edilir. Mülkiyyətçinin özgə şəxsin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi zamanı ümumi iddia müddəti tətbiq edilir. İddiaçı belə bir iddia qaldırmaq hüququna malik olan şəxs deyildir. Çünki onun adına heç bir hüquqi rəsmi sənədlər yoxdur. Yalnız onun adına etibarnamə var, etibarnamə də mənzillə bağlı hüquqi əhəmiyyəti olan sənəd deyildir. Bu halları iş materiallarında olan bütün arxiv sənədləri də tam təsdiq edir. Arxiv sənədlərinə əsasən qeyd olunan ərazinin torpaq sahəsi X1 ayrılmışdır. Belə bir iddia ilə yalnız X2 çıxış edə bilərdi. Ən əsası da İddiaçı qeyd olunan torpaq sahəsinə və ya mənzilə heç bir mülkiyyət sənədi yoxdur. İddiaçı X2 olsa belə İddiaçı qanunvericiliyin tələblərinə əsasən onu nümayəndə kimi məhkəmədə təmsil edə bilməz. X3 heç bir qohumluq əlaqəsi yoxdur. Mərdan da vəkil deyildir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Abşeron Rayon Donuzkökəltmə Sovxozu üzrə xx.xx.1991-ci il tarixli 108 saylı əmrdən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, X1 0,08 ha torpaq sahəsi ayrılmışdır. -Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsinin iddiaçıya ayrılmasına dair hər hansı bir sənəd məhkəməyə təqdim olunmamışdır. Odur ki, həmin torpaq sahəsi üzərində inşa edilmiş mübahisəli fərdi yaşayış evinin məhz iddiaçıya ayrılan torpaq sahəsi üzərində inşa olunması sübuta yetirilmir. Qeyd olunanlara əsasən bildirilir ki, iddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüquqa malik deyil. Çünki, o, qeyd olunan torpaq sahəsində tikilmiş mübahisəli fərdi yaşayış evinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişdir. Belə ki, Abşeron Rayon Donuzkökəltmə Sovxozu üzrə xx.xx.1991-ci il tarixli 108 saylı əmri ilə qeyd olunan torpaq sahəsinin X1 ayrılması qeyd edilmişdir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" 02 saylı, 14 fevral 2003-cü il tarixli qərarına əsasən “Torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Qeyd edilsin ki, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatlı, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Torpaq Məcəlləsinin 48.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.” Həmin Məcəllənin 48.4-cü maddəsinə əsasən “Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir.” Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən “Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən “Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.” Həmin Məcəlləsinin 65-ci maddəsinə əsasən “Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Məhkəmə cavabdehin iş üzrə iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə qeyd edir ki, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar