Məhkəmə qərarları › İş №2(003)-607/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-607/2021

06.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-607/2021 06.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Bağlar massivi, R.Cəfərov küçəsində inşa edilmiş evə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh oğli ilə 20.09.2014-cü il tarixində ailə həyatı qurmuşdur və toydan sonra Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Bağlar massivi Rəfail Cəfərov küçəsində yerləşən 77E nömrəli evə gəlin köçmüşdür. Bütün cehiz əşyalarını həmin evə aparmışdır və 2020-ci ilin fevral ayına qədər həmin evdə azyaşlı uşaqları X1 və X2 ilə birlikdə yaşamışdır. Onun azyaşlı uşaqları da həmin evdə dünyaya gəlmişdir. Son vaxtlar cavabdehlə ailə münasibətləri pozulmuşdur. Buna görə də o, həmin evdən çıxmağa məcbur olmuşdur. Hesab etmişdir ki, onun uşaqlarının həmin evdə yaşamaq hüququ var. Buna görə də o, azyaşlı uşaqları ilə birlikdə həmin ecə köçürülməlidir. O, evdən çıxmağa məcbur olandan sonra, cavabdeh, həmin evə kirayənişin gətirib, onun cehiz əmlakını onun icazəsi olmadan kirayənişinlərin istifadəsinə verib, nəticədə də ona məxsus şəxsi istifadəsində olan cehiz əmlakı yararsız vəziyyətə gəlmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun övladları 06.07.2015ci il təvəllüdlü X1 və 31.07.2018-ci il təvəllüdlü X2 ilə birgə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Bağlar massivi, R.Cəfərov küçəsində inşa edilmiş evə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, sözügedən torpağı onun atası almışdır nə torpağın, nə də evin sənədi yoxdur. İddiaçı həmin evə gəlin köçəndən sonra orada yaşamışlar. Sonradan kirayə evə getmişlər. Ev 4 otaqdan ibarətdir. İddiaçı ilə ilə 2 otağında yaşamışlar. İddiaçı anası ilə yola getmədiyindən otaqlara ayrıca giriş açmalı olmuşlar. Kirayə qaldıqdan sonra yenə evə qayıtmışlar. Bir müddət sonra isə iddiaçı ilə münasibətləri pozulmuş evdən çıxıb getmişdir. Hazırda həmin otaqlarda heç kim yaşamır kğçməsinə etiraz edirəm. Belə ki, heç iddiaçı orada yaşamaq istəmir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materialarından görünür ki, tərəflərin nikah münasibətlərindən 06.07.2015-ci il təvəllüdlü X1 və 31.07.2018-ci il təvəllüdlü X2 doğulmuşdur. Mübahisənin müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçı 2014-cü ildə cavabdehlə ailə qurduqdan sonra mübahisəli ünvan 1 ünvanda inşa edilmiş evə özünə məxsus əşyaları ilə birlikdə köçərək orada daimi və birgə təsərrüfat aparmaqla yaşamışdır. Aralarında baş vermiş mübahisə nəticəsində evdən çıxmışdır. İddiaçıya aid əşyalar da hazırda həmin evdədir. İddiaçının köçürülməsini tələb etdiyi ev dövlət reyestrində qeydiyyatdan keçmədiyindən hüquqi statusu etibarilə özbaşına tikili hesab edilir. İddia tələbinə qarşı cavabdehin bildirdiklərindən isə görünür ki, o iddiaçının evə köçürülməsinə iki əsas səbəblə qarşı çıxır. Birincisi ondan ibarətdir ki, tərəflər arasında münasibətlər normal olmadığından onların artıq bir yerdə yaşamaları qeyri-mümkündür. İkinci əsasa görə isə həmin ev onun atasının vəsaiti hesabına başa gəldiyindən iddiaçının həmin evə köçürülməsi əsassızdır. Halbuki, ev mülkiyyətdə deyil, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb. Məhkəmə ilk növbədə nəzərə alır ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evə köçürülmə tələbinə dairdir. Ona görə də, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlər oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlə 2014-cü ildə nikah münasibətlərinə girməklə ailə qurduqlarından tərəflər arasındakı münasibətlər 2000-ci ilin sentyabr ayından sonra yaranmışdır. Ona görə də, mübahisəyə onların münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş qanunvericilik normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 228.1 və 228.2-ci maddələrini tətbiq etməklə məhkəmə belə qənaətə gəlir ki, özbaşına tikintiyə əmlak hüquqlarının əldə edilməsi qeyri-mümkün olduğundan, cavabdehin də evə dair sərəncam vermək hüququ olmadığından, iddiaçı mübahisəli evə köçürülməlidir. Bundan başqa, cavabdehin iddiaya etirazının dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Bu səbəbdən iddiaçının özbaşına inşa edilmiş həmin tikililərə köçürülməsi üçün qanuni maneə yoxdur. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlə eyni şərtlər daxilində əvvəllər yaşadığı özbaşına tikilidən yararlanmaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının həmin hissəyə köçürülməsindən onun özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhz buna görə də məhkəmə hesab edir ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olubolmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Həmçinin nəzərə alınmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Bundan əlavə, müəyyən olunur ki, iddiaçı evi könüllü surətdə deyil, cavabdehlə münasibətlərinin gərginləşməsi səbəbindən tərk etmişdir. İddiaçıya məxsus cehiz əşyalarının evdə qalması ona dəlalət edir ki, iddiaçının geri qayıtmaq niyyəti olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı 06.07.2015-ci il təvəllüdlü X1 və 31.07.2018-ci il təvəllüdlü X2 ilə birlikdə cavabdehlə faktiki nikah münasibətləri olan dövründə inşa etdikləri ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı 06.07.2015-ci il təvəllüdlü X1 və 31.07.2018-ci il təvəllüdlü X2 ilə birlikdə cavabdehlə faktiki nikah münasibətləri olan dövründə inşa etdikləri ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar