Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-609/2021 02.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Avtandil oğlunun iştirakı ilə İddiaçı Səmədər oğlunun Cavabdeh qarşı “evdən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Səmədər oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Ə.Vahid küçəsində yerləşən ½ A saylı evə istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçının oğlu X3 ilə cavabdeh X1 14 sentyabr 2016-cı il tarixdə resmi nikaha daxil olmuşlar. Nikahdan sonra cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən 1/2 A saylı evə köçmüş və yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Xəzər rayon Məhkəməsinin 2(003)-1498/2020 saylı, 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının oğlu X3 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Artıq 1 ilə yaxındır ki, cavabdeh iddiaçıya məxsus mənzili tərk etmiş və orada yaşamır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Avtandil oğlu iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri araşdıraraq və işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən FM seriyalı, 040551 nömrəli çıxarışın notarial təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Ə.Vahid küçəsində yerləşən ½ A paylı mülkiyyət hüququ üzrə İddiaçı Səmədər oğlunun mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surıtindən görünür ki, Cavabdeh Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Ə.Vahid küçəsində yerləşən ½ A ünvanında pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10.11.2020-ci il tarixli 2(003)-1498/2020-ci il tarixli qətnamənin surətindən görünür ki, X3 ilə Cavabdeh arasında 14 sentyabr 2016-cı il tarixdə 5 saylı Bakı ASAN Xidmət mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 4874 sayla qeydə alınmış nikah pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Əlavə Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, məhkəmə araşdırması gedişində müəyyən olunmuşdur ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Ə.Vahid küçəsində yerləşən ½ A paylı mülkiyyət hüququ üzrə İddiaçı Səmədər oğlunun mülkiyyətindədir. Hazırkı mülki iş üzrə Cavabdeh iddiaçının gəlinidir. Cavabdeh iddiaçının oğlu ilə 2016-cı ildə rəsmi nikaha daxil olmuş və nikahdan sonra iddiaçıya məxsus mübahisəli mənzilə gəlin köçmüşdür. Həmçinin Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Ə.Vahid küçəsində yerləşən ½ A ünvanında pasport qeydiyyatına alınmışdır. İddiaçı cavabdehin istifadə hüququnun itirilməsini tələb etsə də, cavabdehin mübahisəli mənzilində istifadə hüququ müəyyən edilmir. Belə ki, həmin hüququn yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində, əvvəlki Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələrində, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslar mövcud deyildir. Hər hansı hüquqa xitam verilməsi və ya itirilmiş hesab edilməsi üçün əvvəlcə hüququn olması müəyyən edilməlidir. Cavabdehlərin mənzilə istifadə hüququnun olması müəyyən edilmədiyindən istifadə hüququnun itirilməsi barədə tələb də təmin edilə bilməz. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda olması isə evə istifadə hüquqlarının olması kimi qəbul edilə bilməz. Belə ki, “Yaşayış yeri və oluğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunvericilikdə yaşayış yeri üzrə qeydiyyatın istifadə hüququ kimi hüquqi nəticə doğurması nəzərdə tutulmayıb. Ona görə də cavabdehlərin mənzildən istifadə hüququnun olması müəyyən edilmədiyindən iddiaçının istifadə hüququna xitam verilməsi barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Səmədər oğlunun Cavabdeh qarşı “evdən istifadə hüququnun itirilmiş hesab edilməsi”nə dair iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Səmədər oğlunun Cavabdeh qarşı Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Ə.Vahid küçəsində yerləşən ½ A saylı evə istifadə hüququnun itirilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-609/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-609/2021
02.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver