Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-61/2023 19.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin geri qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Dübəndi- Böyükşor, Dübəndi-Suraxanı neft kəmərlərinin 23-cü km-də, 1-ci sırada kəmərdən təxminən 15 metr aralı məsafədə, kəmərin mühafizə zonasında Xəzər rayonu Binə qəsəbəsi “Südçülük sovxozu” yaşayış massivi ünvanında Cavabdeh tərəfindən qanunsuz tikinti işlərinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Dübəndi- Böyükşor, Dübəndi-Suraxanı neft kəmərlərinin 23-cü km-də, 1-ci sırada kəmərdən təxminən 15 metr aralı məsafədə, kəmərin mühafizə zonasında Xəzər rayonu Binə qəsəbəsi “Südçülük sovxozu” yaşayış massivi ünvanında Cavabdeh tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar olunmuşdur. Neft boru kəmərlərinin streteji əhəmiyyətli dövlət obeykti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər, ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Məhkəmə iclasında iddiaçı nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa oxşar izahat verdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək izahtında bildirdi ki, ona Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 005 nömrəli sərəncamı əsasında xx.xx.2000-ci il 01 N-li əmrdən çıxarışa əsasən Hövsan Südçülük sovxozunda 0.12 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi boş torpaq sahəsindən ibarətdir və heç bir tikinti işləri aparmamışdır. Torpaq sahəsi 2 tərəfdən yalnız hasara alınmışdır. Həmin hasarın bir hissəsi qonşuya aid hissədir. Torpaq sahəsinin balaca bir hissəsinə əvvələr hasar çəkmişdir. Həmçinin qeyd olunan torpaq ahəsində bir qisim mişar daşları vardır. Ona görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xəbərdarlığın surətindən görünür ki, Cavabdeh İddiaçı istismarında olan Dübəndi-Böyükşor, Dübəndi-Suraxanı neft kəmərlərinin 23-cü km-də kəmərin mühafizə zonasında Xəzər rayonu Binə qəsəbəsi “Südçülük sovxozu” yaşayış massivi tikinti işlərinin aparılmaması barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Təhlükəsizlik idarəsinin 23 saylı komanda üzrə əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2021-ci tarixində, 2 saylı qarovulun 1-ci iş növbəsində, saat 13:40-da 21 və 22 saylı (NKİ Dübəndi- Böyükşər, Dübendi-Suraxanı neft kəmərləri 0-27.34 km, avtomobildə səyyar) postların ərazisində DŞ 300 mm-lik neft kəmərinin 23-cü km-də, Xəzər rayonu, Binə qəsəbəsi, “Südçülük sovxozu” yaşayış massivində, 1-ci sırada, kəmərdən 15 metr aralı məsafədə 2 maşın mişar daşının əraziyə boşaldılması və həmin ərazidə xəttə paralel təxminən 2 metr uzunluğunda, xəttdən uzaqlaşmaqla təxminən 10 metr uzunluğunda otaq tikinti üçün nəzərdə tutulmuş bünövrə qazıntısı tərəflərindən aşkarlanaraq dayarıdırılmışdır. Tikintini aparan şəxs Cavabdeh mühafizə zonası daxilində tkinti işlərinin aparılmasının qanuna zidd olduğu izah olunmuş və yazılı xəbərdarlıq təqdim edilmişdir. Daha sonra tikinti aparan şəxslər kənarlaşdırılaraq ərazi nəzarətə götürülmüşdür. İş materiallarında olan Abşeron Rayon Hövsan Sovxozu üzrə xx.xx.2000-ci il tarixli xx.xx.2000-ci il 01 N-li əmrdən çıxarışın surətindən görünür ki, Cavabdeh 0.12 hektar torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/1773 saylı ekspert rəyindən görünür ki, Cavabdeh istifadəsində olan Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ünvanında yerləşən torpaq sahəsinə baxış zamanı torpaq sahəsində hər hansı tikilinin inşa edilmədiyi müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə iclasında tədqiq edilmiş iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsinə dair məhkəmənin xx.xx.2022-ci il tarixli 2(003)-170/2022 saylı qərardadı əsasında Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/4273 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ünvanında yerləşən mübahisə predmeti olan torpaq sahəsinin hüdudları daxilində hər hansı bir tikilinin mövcud olmadığı və hər hansı bir tikinti işlərinin aparılmadığı müəyyən olunur. Həmin torpaq sahəsinin cənub-qərb hissəsi ilə neft kəməri arasındakı məsafənin 8-33 metr təşkil etdiyi nəzərə alaraq həmin torpaq sahəsinin neft kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşdiyi müəyyən olunur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İşin məhkəmə iclasında araşdırılmış hallarından və iş üzrə verilmiş ekspert rəylərindən müəyyən olunur ki, mübahisə predmetinə daxil olan torpaq sahəsinin hüdudları daxilində hər hansı bir tikinti işləri aparılmamış, cavabdehin izahatına əsasən torpaq sahəsi yalnız iki tərəfdən hasara alınmış, torpaq sahəsinin cənub-qərb hissəsi ilə neft kəməri arasındakı məsafə 8-33 metr təşkil edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 1-ci bəndinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Həmin Məcəllənin 22-ci maddəsinin 2-ci bəndinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Həmin Məcəllənin 22-ci maddəsinin 3-cü bəndinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi haqqında qaydaların 4.1-ci maddəsinə əsasən İNBK-nın istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə İNBK-nin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası-boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. Çoxxətli İNBK xətləri (marşrutları) boyunca kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. Həmin Qaydaların 6.1-ci maddəsinə əsasən "Mühafizə Zonası"nda Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan bina və qurğuların tikintisi, ağac və kolların əkilməsi, quru otların və küləşin tayalanması, at bağlanan yerlərin təşkil edilməsi, mal-qara saxlanması, balıq saxlamaq üçün sahələrin ayrılması, balıq ovu və eləcə də başqa su heyvanlarının və bitkilərinin yetişdirilib istehsalının həyata keçirilməsi, heyvanların suvarılma yerlərinin təşkil edilməsi, buzun parçalanması işlərinin həyata keçirilməsi, boru kəmərləri marşrutu üzərində keçidlərin tikilməsi, yolların salınması, avtomobil nəqliyyatı vasitələri, traktorlar və mexanizmlər üçün dayanacaqların təşkil edilməsi, meliorasiya məqsədləri üçün torpaq işlərinin həyata keçirilməsi, suvarma və qurutma sistemlərinin tikintisi, hər cür mədən, tikinti-quraşdırma, geoloji çəkiliş, axtarış, geodeziya və quyuların, şurfların qazılması, qrunt nümunələrinin (torpaq nümunələrindən başqa) götürülməsi ilə əlaqədar digər tədqiqat işlərinin həyata keçirilməsi qadağandır. Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin xx.xx.2002-ci il tarixli 45 nöməli əmri ilə təsdiq edilmiş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik” qaydalarının 6.2-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə “Magistral neft boru kəmərlərinin təhlükəsizlik qaydaları”nın tələblərinə cavab verən mühafizə zonası təyin edilir. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrindən keçən çox saylı qarışıq boru kəmərləri xətti boyunca, onun kənar kəmərlərinin orta oxundan hər tərəfə, şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin Qaydaların 6.4-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasına daxil olan, torpaq sahəsi, torpaq istifadəçilərindən, mülkiyyətçilərdən və icraçılardan alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və quraşdırma işlərinin, bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarının tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması, boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması, torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması, hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri, quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geolociseysmik, geodeziya və başqa axtarış işlərinin aparılması qadağandır. Qeyd olunan qanunvericilik normaları aktlarının tələblərindən görünür ki, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. İstismar olunan ixrac neft boru kəmərlərinin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə “Magistral neft boru kəmərlərinin təhlükəsizlik qaydaları”nın tələblərinə cavab verən mühafizə zonası təyin edilir. "Mühafizə Zonası"nda Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan bina və qurğuların tikintisi və s. işlərin aparılması qadağandır. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Qeyd olunan qanunvericilik normaları aktlarının tələblərini və iş üzrə müəyyən edilmiş halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh istifadəsində olan torpaq sahəsində müvafiq razılıq olmadan neft boru kəmərinin mühafizə zonasında hər hansı bir tikinti işlərinin aparması mühafizə zonalar üçün təsdiq edilmiş qaydalara uyğun deyildir. Odur ki, iş üzrə cavabdehin məhkəmə iclasında verdiyi etirafını, yəni istifadəsində olan torpaq sahəsinin bir hissəsinin hasara alınmasına (onun tərəfindən inşa olunmuş hissə) dair halı, eyni zamanda iş üzrə keçirilmiş ekspert rəyinə əsasən cavabdehin istifadəsində olan torpaq sahəsinin cənubqərb hissəsi ilə neft kəməri arasındakı məsafənin 8-33 metr təşkil etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin istifadəsində olan torpaq sahəsinin cənub-qərb hissəsinə düşən neft boru kəmərinin 50 metrlik mühafizə zonası hüdudlarınd inşa olunmuş tikili (hasar) cavabdehin hesabına sökülməlidir. Məhkəmə iddia tələbinin cavabdehin ərazidən çıxarılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılmasına dair hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehə qarşı ərazidən çıxarılma və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılmasına dair iddia irəli sürməsinə baxmayaraq, işin araşdırılmış hallarından çıxarılması və geri qaytarılması tələb olunan torpaq sahəsinin məhz iddiaçıya məxsus olması müəyyən edilməmiş və işin baxılması müddətində bu barədə iddiaçı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı cavabdehə qarşı onun istifadəsində olan torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsinin qaytarılması ilə bağlı iddia irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozu ünvanında yerləşən cavabdehin istifadəsində olan torpaq sahəsinin cənub-qərb hissəsinə düşən neft boru kəmərinin 50 metrlik mühafizə zonası hüdudlarında inşa olunmuş tikili cavabdehin hesabına sökülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir (maddə 107). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir” (119.1). Məhkəmə iş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikintitexniki ekspertiza tədqiqatlarının dəyərinin (cəmi 150 manatın) tutulması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən tədqiqat dəyərinin 75 manat hissəsi iddiaçıdan, 75 manat isə cavabdehdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozu ünvanında yerləşən Cavabdeh istifadəsində olan torpaq sahəsinin cənub-qərb hissəsinə düşən neft boru kəmərinin 50 metrlik mühafizə zonası hüdudlarında inşa olunmuş tikili (hasar) cavabdehin hesabına sökülsün. İş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 150 manatın 75 manat hissəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçındən, 75 manat hissəsi isə Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-61/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-61/2023
19.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver