Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-633/2022 01.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 3300 manat məbləğdə pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlər ayrı-ayrı vaxtlarda ondan 3300 manat pul almış və dəfələrlə pulun qaytarılmasını tələb etsə də, həmin pulu qaytarmamışlar. Nəticədə onlara qarşı iddia qaldırır. Qeyd olunanlara əsasən, cavabdehlərdən müştərək qaydada 3300 manat məbləğdə pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılıb, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarına əlavə edilmiş 21 aprel 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh1 və Cavabdeh2 izahatlarının alınması üçün polis bölməsinə dəvət olunsalar da, təhqiqat müddətində müsbət nəticə əldə olunmamışdır. İş materiallarına əlavə "xxxx" ASC-nin masallı rayon filialının 14.03.2019-cu il tarixli arayışından və ona əlavə edilmiş hesabatdan görünür ki, İddiaçı 19.01.2018-ci il tarixdə Kapital bank ASC-də Xəzri sürətli pul köçürməsi ilə Cavabdeh1 adına 1400 manat məbləğində vəsait köçürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pül ödəməli, əmlak verməli, işi görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1. maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən İddiaçı iddiasını cavabdehlərə, ayrı-ayrı vaxtlarda cəmi 3300 manat pul verilməsi ilə əsaslandırır. Həmçinin o iddia edir ki, cavabdehlər onun dəfələrlə pulun qaytarılması tələblərinə baxmayaraq, iddia olunan vəsaiti qaytarmırlar. Lakin iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi yuxarıda göstərilən halları təsdiq edən əsaslı və mötəbər sübutları məhkəməyə təqdim etməmiş, eləcə də həmin hallar məhkəmə baxışı zamanı sübuta yetirilməmişdir. İddia ərizəsinə İddiaçı tərəfindən 19.01.2018ci il tarixdə Kapital bank ASC-nin vasitəsilə Cavabdeh1 adına 1400 manat məbləğində vəsait köçürülməsi barədə arayış əlavə olunsa da, iddiaçı məhkəmə iclasına gələrək iddia tələbini əsaslandırmadığından və iş üzrə əlavə sübutlar təqdim olunmadığından həmin pul vəsaitinin hansı zəmində göndərilməsini, tərəflər arasında borc və ya digər mülki-hüquqi münasibətlərin yaranmasını müəyyən etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən iddia tələbi əsassız hesab olunaraq rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsindən görünür ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-633/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-633/2022
01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver