Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-65/2022 15.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi Mehdiyeva Nigar Namizəd qızının katibliyi İddiaçının nümayəndəsi X6, Cavabdeh X3 və onun vəkili Vəkil iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin cavabdeh X4 qarşı magistral qaz kəmərinin mühafizə zonasında qanunsuz inşa olunmuş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi cavabdeh X4 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X10 balans və istismarında olan 530 mm diametrli «Zabrat-Buzovna-Türkan» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin (16.1-ci km-də) Xəzər rayonu, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsi döngə 8 ünvanından keçən hissəsində qaz kəmərinin mühafizə zonasında cavabdeh X7 tərəfindən qeyri qanuni inşa edilmiş daş hasarın onun hesabına sökülməsi, tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdeh X2 tutularaq iddiaçı “Qaz İxrac” İdarəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X7 tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21,06.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X10 balans və istismarında olan 530 mm diametrli «Zabrat- Buzovna-Türkan» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin ünvan 1 ünvanından keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında, daha dəqiqliklə qaz kəmərindən “2” metr məsafədə qanunsuz olaraq daş hasar inşa edilmişdir. Tikintinin qarşısının alınması və mühafizə zonasında yerləşən tikilinin sökülərək ləğv edilməsi istiqamətində müvafiq tədbirlər görülməsi üçün 19.11.2020-cı il tarixli SOCAR**********30490075X00322 saylı məktubla Xəzər Rayon İcra Hakimiyyətinin başçısına və 19.11.2020-cı il tarixli SOCAR**********30490075X00321 saylı məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə “yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yaranmış təhlükəli vəziyyət barədə” rəsmi məlumat verilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin 23 dekabr 2020-ci il tarixli **********21 saylı cavab məktubunda bildirilir ki, qeyd olunan məsələ Bakı ərazi şöbəsinin işçiləri tərəfindən yerində araşdırılmış və X7 tərəfindən sözügedən torpaq sahəsinin hüquqmüəyyənedici sənədlər əsasında istifadə olunması qeyd edilmişdir. Lakin, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin surəti məktuba əlavə edilərək “Qaz İxrac” İdarəsinə göndərilməmişdir. Qeyd olunan hüquqmüəyyənedici sənədlərin surətini əldə etmək mümkün olmamışdır. Mübahisəyə müvafiq icra hakimiyyəti orqanı Bələdiyyə və Məhkəmə tərəfindən baxıldığını nəzərə alaraq aidiyyəti üzrə müraciət etməkləri bildirilmişdir. 16.11,2020-ci il tarixində ünvan 1 ünvanında 530 mm diametrli «Zabrat-Buzovna- Türkan» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında vətəndaş X7 tərəfindən, qaz kəmərindən 2 metr məsafədə daş hasar inşa edilməsi barədə 3 saylı Xətti İstismar Xidmətinin əməkdaşları tərəfindən AKT tərtib edilmişdir. Xəzər rayonu, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsi döngə 8 ünvanında, qaz kəmərinin mühafizə zonasında qanunsuz olaraq daş hasar inşa edən X4 onun tərəfindən inşa edilən daş hasarın sökülərək magistral qaz kəmərindən 50 metr məsafədə kənarlaşdırılması barədə xəbərdarlıq məktubu təqdim edilsə də, xəbərdarlıq məktubunu qəbul etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21,06.1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları’na əsasən, magistral qaz kəmərlərinin mühafizə zonalarında hər hansı bir tikinti-qurasdırma islərinin aparılması qəti qadağandır. Beləliklə, yuxarıda sözügedən tikili birbaşa kəmərin mühafizə zonasında yerləşir və həmin magistral qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan partlayışa, yanğına və digər növ qəzalara, habelə kütləvi insan tələfatına səbəb ola bilər. Cavabdeh X3 mühafizə zonasında inşa etdiyi tikili həm özü, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən (özünün kobud ehtiyatsızlığı nəticəsində) yüksək təhlükə mənbəyi hesab olunmaqla, həm özü tərəfindən həm də digərləri tərəfindən ala bilinən zərərlərə görə məsuliyyət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1108-ci maddələrinə əsasən təqsirli şəxs kimi özünün üzərinə düşür. Bu səbəbdən də, cavabdeh həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etməmişdir. Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi hazırda iddiaçının qanuni istifadəsindədir. Buradan da müəyyən olunur ki, cavabdehin buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tikili onun öz hesabına sökülməlidir. Bundan əlavə, “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 iyul 2000-ci il tarixli, 356 saylı Fərmanının 10-cu bəndi ilə qaz kəmərləri keçən ərazilərdə qanunsuz tikililərin aparılması hallarının qarşısının qəti şəkildə alınması şəhər (rayon) icra hakimiyyəti orqanlarına tapşırılmışdır. Bu məqsədlə də aidiyyəti icra hakimiyyəti orqanına müvafiq yazışmalar edilmişdir. Qanunun tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X10 balans və istismarında olan 530 mm diametrli «Zabrat Buzovna-Türkan» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin (16.1-ci km-də) Xəzər rayonu, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsi döngə 8 ünvanından keçən hissəsində qaz kəmərinin mühafizə zonasında cavabdeh X7 tərəfindən qeyri qanuni inşa edilmiş daş hasarın onun hesabına sökülməsi, tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdeh X2 tutularaq iddiaçı “Qaz İxrac” İdarəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X7 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, o, mübahisəli torpaq sahəsini bələdiyyə sənədi ilə almışdır. Həmin ərazidə heç bir evin sənədi yoxdur. Hamı evini eyni qaydada tikib, heç bir təhlükə yoxdur. Torpağı 2005-ci ildə əldə edib. Bu illər ərzində heç kimin ev tikməyinə etiraz olunmayıb. Halhazırda belə bir iddianın qaldırılmağı ədalətsizlikdir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan, 16.11.2020-ci il tarixli aktdan görünür ki, ünvan 2 ünvanında yaşayan X7 tərəfindən 530 mm-lik 12 atm təzyiqli «Zabrat-Buzovna-Türkan» magistral qaz kəmərinin mühafizə zonasında kəmərdən 2 metr məsafədə daş hasar inşa olunmuşdur. Eyni zamanda, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 dekabr 2021-ci il tarixli 10/6003 saylı rəyindən görünür ki, ünvan 2 ünvanında X4 məxsus fərdi yaşayış evinin mişar daşından olan hasarı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X10 balans və istismarında olan 530 mm diametrli «Zabrat-Buzovna- Türkan» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəməri arasında olan məsafə 2.5 m, fərdi yaşayış evi ilə 5 m təşkil etməklə fərdi yaşayış evi ilə onun mişar daşından olan hasarı həmin magistral qaz kəmərinin mühafizə zonasında yerləşməsi, qaz kəmərinin keçdiyi ərazidə kəmərdə baş verə biləcək qaz sızması halının, rəyin tədqiqat hissəsində göstərilən şəraitdə yanğın və partlayış hadisələrinə gətirib çıxara biləcəyi müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikili sayılır. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.3. və 67.4. maddələrinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydaları”nın 5-ci bəndinə əsasən yerli icra hakimiyyəti ilə obyektdə dəyişiklik edilməsi razılaşdırıldıqdan və bu məqsədlə işlənmiş layihə-smeta sənədləri Bakı şəhər Baş Memarlıq və Şəhərsalma idarəsi tərəfindən təsdiq olunduqdan sonra bina və qurğularda genişləndirmə, yenidən planlaşdırma, yenidənqurma işlərinin aparılması və müvafiq qaydada tikinti işlərinin icrasının başlanmasına yol verilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin 2-ci hissəsinin tələbinə əsasən qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Həmin Qanunun 22-ci maddəsində göstərilir ki, bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın 2.7. bəndindən görünür ki, boru kəmərlərinin çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədilə mühafizə zonası təyin edilir. Boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. “İnsan Hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 2-ci maddəsində nəzərdə tutulur ki, yaşamaq hüququnu qorumaq üçün bütün tədbirləri görmə öhdəliyi hər şeydən əvvəl dövlətin üzərinə vətəndaşların yaşamaq hüququna təhlükə yaradan hallara qarşı mübarizə mexanizmini təmin edən qanuni və inzibati resurslar yaratmaq və həmin fəaliyyətin insan həyatı baxımından yaratdığı riskə uyğun olaraq müxtəlif tədbirlərin həyata keçirilməsini zəruri edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq belə hesab edir ki, cavabdeh X7 tərəfindən ünvan 3 ünvanında inşa edilmiş daş hasar yüksək təzyiqli yeraltı magistral qaz kəmərinin mühafizə zonasında yerləşir və həmin daş hasar iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsi Abşeron Magistral X10 balans və istismarında olan yüksək təzyiqli yeraltı magistral qaz kəmərinin mühafizə zonasında, qanunla müəyyən olunmuş qaydada lazımi icazələr olmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilmişdir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarına əsasən belə nəticəyə gəlmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, SOCAR «Qaz İxrac» İdarəsi Abşeron Magistral X10 balans və istismarında olan 530 mm diametrli «Zabrat- Buzovna-Türkan» yüksək təzyiqli (12 atm) yerüstü magistral qaz kəmərinin ünvan 2 ərazisindən keçən hissəsində, kəmərin mühafizə zonasında cavabdeh X7 tərəfindən inşa olunmuş daş hasar onun hesabına sökülməli, tikinti materialları qaz kəmərinin mühafizə zonasından çıxarılmalıdır. Bundan başqa, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, hazırki iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmçinin ekspertiza tədqiqatının dəyəri olaraq 102 manat cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1. maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. SOCAR «Qaz İxrac» İdarəsi Abşeron Magistral X10 balans və istismarında olan 530 mm diametrli «Zabrat-Buzovna-Türkan» yüksək təzyiqli (12 atm) yerüstü magistral qaz kəmərinin ünvan 2 ərazisindən keçən hissəsində, kəmərin mühafizə zonasında cavabdeh X7 tərəfindən inşa olunmuş daş hasar onun hesabına sökülsün, tikinti materialları qaz kəmərinin mühafizə zonasından çıxarılsın. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin xeyrinə, cavabdeh X2 ödənilmiş dövlət rüsumuna görə 10 (on) manat məbləğində pul vəsaiti tutulsun. X2 ekspertiza tədqiqatının dəyəri 102 (bir yüz iki) manat tutularaq, X5, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-65/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-65/2022
15.02.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver