Məhkəmə qərarları › İş №2(003)-657/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-657/2022

12.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-657/2022 12.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi X6 və vəkili X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma tələbi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X10 Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Vidadi küçəsi, döngə 2, ev 29- saylı evdən Cavabdeh evdən çıxarılması və evin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin baxılması zamanı iddiaçı X11 əsl İddiaçı ilə əvəz edilmişdir. Daha sonra İddiaçı nümayəndəsi X12 iddia tələbini dəqiqləşdirərək Cavabdeh ünvan 1 ünvanında yerləşən torpaq sahəsində olan 1 mərtəbəli 3 otaq və sanitar qovşağından (1 mətbəx, 1 zal, 1 yataq otağı və sanitar qovşağından) ibarət tikilidən (evdən) çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X12 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və iddia tələbini onunla əsaslandırdı ki, İddiaçı onun atasıdır, cavabdeh isə onun keçmiş arvadıdır. ünvan 1 ünvanında yerləşən torpaq sahəsində olan 1 mərtəbəli 3 otaq və sanitar qovşağından ibarət olan tikili iddiaçının atası Əliyev Əli-Heydər Həsən oğlundan qalmış tikilidir. Hazırda həmin tikilinin yerləşdiyi torpaq sahəsinə dair Əliyev Əli-Heydər Həsən oğlunun adına müvafiq Dövlət reyestrindən verilmiş çıxarışda mövcüddur. İş üzrə Cavabdeh onun keçmiş arvadı, iddiaçının isə keçmiş gəlnidir. Onlar arasında bağlanmış nikaha 2019-cu ildə xitam verilmişdir. Cavabdeh 2014-cü ildən həmin evdə yaşamağa başlamışdır. Hazırda da evi zəbt etmiş və evdən çıxmaq istəmir. İddiaçını isə həmin evə buraxmır. O, özü ikinci dəfə ailə qurmuş, bir uşağı var və kirayə tutduğu evdə qalır. Cavabdehin həmin evə heç bir hüququnun olmasına baxmayaraq iddiaçını həmin evə buraxmır və oradan çıxmaq barədə iddiaçının tələblərini yerinə yetirmir. Məhkəmə iclasında İddiaçı vəkili X7 izahatında iddia tələbinin əsaslı olması qeyd edərək, cavabdehin həmin evə heç bir hüququnun yaranmadığı bildirdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışına hazırlıq iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddia tələbini etiraf etməyərək izahatında bildirmişdir ki, cavabdeh həmin evin sadəcə bir otağında qalır. İddiaçını və ailəsinin həmin evə daxil olmasında heç bir maneəçilik törətmir və onların həmin evdə yaşamalarına etiraz etmir. İddia tələbi əsassızdır. Belə ki, cavabdeh həmin evdə iki azyaşlı övladları ilə birgə yaşamaq hüququ vardır. Məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gələməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə məhkəmə mülki işə Azərbaycan Resoublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri ərazi İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, xx.xx.1993-cü il tarixdə ölmüş Əliyev Əli-Heydər Həsən oğlundan miras qalmış əmlaka dair vərəsəlik işinin açıldığı, mərhumun oğlu İddiaçı onun varisi olması barədə məlumat verilməklə, ünvan 3 ünvanda yerləşən evə və torpaq sahəsinə dair Çıxarışın verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən 0.0590 ha torpaq sahəsi Əliyev Əli-Heydər Həsən oğlunun adınadır. İş materiallarında olan A 743278 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən 0.0590 ha torpaq sahəsi Əliyev Əli- Heydər Həsən oğlunun mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 1963-cü il tarixli Şüvəlan qəsəbəsi Vidadi küçəsi döngə 2 ev 29-a aid şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsi barədə pasport X4 adınadır. İş materiallarında olan AZ-İ 355249 nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X12 ilə Cavabdeh arasında bağlanmış nikaha xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. İş materiallarında olan İİ ЖГ 416420 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Əli-Heydər Həsən oğlu xx.xx.1993-cü il tarixdə ölmüşdür. İş materiallarında olan İİİ ЖГ 359817 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə Bakı şəhərində doğulmuş, atası X5, anası isə X1r. İşin araşdırılmış hallarından müəyyən edilir ki, cavabdehin çıxarılması tələb olunan tikili özbaşına tikili olmaqla yerləşdiyi torpaq sahəsi İddiaçı mərhum atası Əliyev Əli- Heydər Həsən oğlunun adına Dövlət reyestrindən qeydiyyatdan keçmiş, iddiaçı isə mərhumun varisidir. Tikili iddiaçının mərhum atası Əliyev Əli-Heydər Həsən oğlunun vaxtında tikilmiş tikili olmaqla, iş üzrə Cavabdeh iddiaçının oğlu X12 ilə nikaha daxil olduqdan sonra həmin tikilidə yaşamağa başlamış, onlar arasında olan nikah 2019-cu ildə pozulmuşdur. Cavabdeh hal-hazırda ünvan 3 ünvanda olan həmin tikilidə yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi, ölmüş şəxsin əmlakı onun vərəsəsinə keçir və qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Vərəsəlik hüququ haqqında şəhadətnamə isə miras qalmış daşınmaz əmlak üzərində vərəsənin hüquqlarının əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır. Odur ki, məhkəmə qeyd edir ki, atasının vərəsəsi olmaqla ondan miras qalmış ünvan 3 ünvanda yerləşən torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqları mövcüddur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsaəsn özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə qeyd edir ki, cavabdehin çıxarılması tələb olan tikili özbaşına tikinti olsa da, gələcəkdə yalnız üzərində tikinti işləri aparılmış torpaq sahəsinə mülkiyyət hüququ olan iddiaçının adına rəsmiləşdirilməsi mümkün ola bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının həmin tikiliyə olan hüquqları əmlak hüquqları (sahiblik və istifadə hüquqları) vardır. Tikiliyə, iddiaçının qanuni sahiblik və istifadə hüququ olduğundan o, həm milli qanunvericilik, həm də Avropa Məhkəməsinin president hüququna görə həmin tikiliyə münasibətdə mülkiyyət baxımından «qanuni gözləntiyə» malikdir. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Avropa İnsan Hüquqları Məhkəməsinin «Axverdiyev Azərbaycana qarşı» işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarında göstərilmişdir: «... 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət hüququ» kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından «mülkiyyət» hesab olunmalıdır. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və «qanuni gözləntisi» olan əmlakı da əhatə edə bilər. «Gözlənti» mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda «qanunidir». 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı, mülkiyyət hüquqları olan torpaq sahəsində yerləşən tikilidən digər şəxsin (cavabdehin) çıxarılmasını tələb etməkdə haqlıdır. Tikili, iddiaçının mərhum atası Əliyev Əli-Heydər Həsən oğlunun vaxtında tikilmiş tikili olmaqla, həmin tikilinin hazırda torpaq sahəsi ilə birlikdə dövlət qeydiyyatına alınmaması qarşılığında iddiaçının mülkiyyət hüquqları olan torpaq sahəsində yerləşən tikilidən digər şəxsin, yəni ailə üzvü olmamış və qarşısında hər hansı bir öhdəliyi yaranmamış cavabdehin, mülkiyyət hüquqları olan iddiaçının iradəsi ziddinə orada yaşaması qanuni və əsaslı hesab edilə bilməz və onun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarar. Eyni zamanda cavabdehin həmin tikilidə yaşaması iddiaçının mülkiyyət hüquqlarının sərbəst surətdə həyata keçirilməsinə maneçilik törədir və iddiaçının iradəsinin əleyhinə cavabdehin həmin tikilidən istifadə etməsi qanuna ziddir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilərək Cavabdeh ünvan 1 ünvanında yerləşən torpaq sahəsində olan 1 mərtəbəli 3 otaq və sanitar qovşağından (1 mətbəx, 1 zal, 1 yataq otağı və sanitar qovşağından) ibarət tikilidən (evdən) çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən torpaq sahəsində olan 1 mərtəbəli 3 otaq və sanitar qovşağından (1 mətbəx, 1 zal, 1 yataq otağı və sanitar qovşağından) ibarət tikilidən (evdən) çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar