Məhkəmə qərarları › İş №2(003)-658/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-658/2022

09.03.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-658/2022 09.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Quliyeva Nurlanə Nazim qızının, Cavabdehlər Cavabdeh4 və Cavabdeh5, Cavabdeh3 nümayəndəsi və vəkili Səfərov Bəhruz Dostəli oğlunun iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı evə köçürülmə və sair tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, onun iki övladı 11 may 2017-ci il təvəllüdlü X1 və 30 may 2018-ci il təvəllüdlü X19 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, hər beş cavabdeh olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 və digər şəxslərə ona qoyulan maneələrin (fərdi yaşayış evinə köçürülmə və yaşamağa dair) qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 07.08.2016-cı ildə nikaha daxil olmuş, birgə nikahdan 11.05.2017-ci il təvəllüdlü X1 və 30.05.2018-ci il təvəllüdlü X19 dünyaya gəlmişdir. X19 anadangəlmə xəstədir. Sağ yuxarı ətrafda hərəkəti yoxdur. Əzələ toxuması zəifdir, barmaqları hərəkətsizdir. Bununla bağlı əməliyyata ehtiyacı var və mütəmadi müalicələr alır, cavabdehlə ailə münasibətləri tamamilə bitmişdir. Cavabdeh, onun qardaşı, bacısı zorakı şəkildə onu birgə nikah dövründə aldığı, yaşadığı və hal-hazırda bütün əşyalarının olduğu ünvan 2 ünvanından şər-böhtan ataraq qovmuş və bununla bağlı aidiyyəti üzrə polis orqanına şikayət edilmiş, cavabdehin qardaşı və bacısı barədə AR CM-nin 127-ci maddəsinə görə cinayət işi başlanılmış və istintaqı Xəzər RPİ İŞ-də aparılmış qanuni qiymət almış, daha sonra iddiaçı X13 tərəfindən barışıq ərizəsi verilmiş, həmçinin 08.11.2021-ci il tarixində “Zəfər günü” münasibətilə AR Milli Məclisinin elan etdiyi amnistiya aktını tətbiq edilərək 04.10.2021-ci il tarixində “cinayət işinin icraatına xitam verilməsi”nə dair qərar qəbul edilmişdir. Dəfələrlə birgə nikah dövründə alınmış, təmir edilmiş sözügedən özbaşına tikiliyə geri dönmək istəsə də, cavabdehlər ona maneə olmuş, fiziki məhdudiyyətli övladı ilə birlikdə natəmiz şəraitdə olan yataqxanada yaşamağa məcbur etmişlər. Onun sözügedən tikiliyə hər iki övladı ilə birlikdə köçürülməsi mütləq və zəruridir. Sözügedən özbaşına tikilini birgə nikah dövründə əldə etmələrinə baxmayaraq, məcburi köçkün rayonuna qeydiyyatda olmağı səbəbi ilə evin komunal xərcləri cavabdeh baldızı Cavabdeh2 həyat yoldaşı, digər Cavabdeh3 adına rəsmiləşdirilmişdir. Bundan əlavə, köçmək istədiyi evin yerləşdiyi torpaq sahəsi Abşeron rayon XDS İcraiyyə Komitəsinin 11 aprel 1991-ci il tarixli 64 nömrəli qərarından çıxarışa əsasən Zülfüqarov Hicran Telman oğluna ayrılsa da, əslində torpaq və ev ərinə məxsusdur. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh4 məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, mübahisəli evin onlara heç bir aidiyyəti yoxdur. Evi Ruslan alıb. İddiaçı isə kirayə tutduğu həmin evə gəlin gedib. O özü də ustadır, Ruslana köməklik etmişdir. İddiaçının uşağı xəstə olduğu üçün Ruslan evi müvəqqəti onlara yaşamağa vermişdir. Mehracın anası uşağın baxıcısı olub. Onlar başqa yerdə yaşayırlar. Bu səbəbdən də iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh5 məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və digər cavabdehin izahatındakı xüsusatları qeyd edərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X3 ifadəsində göstərmişdir ki, o, Ruslanı tanımır. Ev tikilən vaxt Möhsün evli deyildi, ev də Ceyranın evidir. Evdə hal-hazırda heç kim yaşamır. Möhsün orada anası ilə qalırdı. Onlar əvvəllər eyni küçədə kirayədə yaşayıblar. Möhsünün bacısı üçün ev tikdilər. Ustaları Eldəniz işlədirdi. Hamı bilirdi ki, ev Möhsünün bacısı üçün tikilir. Digər şahid X4 ifadəsində göstərmişdir ki, O, Ruslanın evində usta işləmişdir. Ruslanla yalnız telefonla danışmış, pulu onlara Eldəniz vermişdir. O, həmin evdə bir həftə işləmiş, alçipan işləri görmüşdür. Orada bütün ustalar bilirdi ki, ev Ruslan üçün tikilir. Digər şahid X5 ifadəsində göstərmişdir ki, mübahisəli ünvanda yaşayır, divar qonşusudur. Əvvəllər orada Hicrana məxsus boş torpaq var idi. Sonra Ruslan oraya gəlibgedirdi. 6-7 il olar Hicran torpağı Ruslana satmışdır. Onlar qohum idilər. Ruslanın harada olduğunu bilmir, orada Möhsünlə anasını görmüşdür. Digər şahid X10 ifadəsində göstərmişdir ki, Ruslanla uzaqdan qohumdur, həm də evində usta kimi işləmişdir. O, Ruslanla telefonda danışmış, evə nəzarəti Eldəniz etmişdir. Digər şahid X6 ifadəsində göstərmişdir ki, o, mübahisəli ev yerləşən ərazidə dükan işlədirdi. O, həmin evdə Ruslanı görmüş, amma əsasən Eldənizi tanımışdır. Ev tikiləndə Eldəniz demişdir ki, evi yeznələri üçün tikirlər. Digər şahid X7 ifadəsində göstərmişdir ki, təxminən 2012-ci illərdə Ruslanın evində işləmişdir. Boş torpaqda ustalıq etmişdir. O, Ruslanla telefonda danışıb, ev Eldənizin bacısının evi olduğu üçün nəzarəti Eldəniz edib. Ruslan işlə əlaqədar gələ bilmirdi. Digər şahid X14 ifadəsində göstərmişdir ki, Möhsünü və Raidəni 3 ildir tanıyır. Ruslanın üzünü görməmiş, adını eşitmişdir.Onlar eyni məhəllədə yaşamış, kirvə olmuşlar. Orada Raidə, yoldaşı, iki uşağı və qaynanası yaşamışdır. İndi kim yaşadığından məlumatı yoxdur. Digər şahid X11 ifadəsində göstərmişdir ki, o, Raidəni və onun qaynanasını tanıyır, digər tərəfləri isə tanımır. O, Raidəyə sistem iynə vurmağa gedirdi. Mübahisəli evi Raidəgil tikiblər. Onların gediş-gəlişi iynə-dərmanla bağlı olub. Raidə yoldaşı ilə dalaşıb evdən çıxıb. Məhkəmə, tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş X14 və X8 tərəfindən notarial qaydada yazılmış 11.09.2021 və 14.09.2021-ci il tarixli ərizələrdə qeyd edilmişdir ki, qonşuları İddiaçı, əri Cavabdeh1, övladları X19, X9 və X2 ilə birlikdə ünvan 3 ünvanında 2016-cı ildən etibarən qeydiyyatsız yaşayırlar. İş materiallarından görünür ki, 04 oktyabr 2021-ci il tarixli qərara əsasən, İddiaçı müraciəti əsasında cinayət işi başlanmış, 30 noyabr 2021-ci il tarixli qərarla cinayət işi üzrə icraata xitam verilmişdir. İş materiallarından görünür ki, mübahisəli ünvana çəkilmiş qaz xətti Cavabdeh3 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 04.11.2021-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı ünvan 4 ünvanında yaşayır. Məhkəmə, işin məhkəmə iclasında araşdırılan hallarını, tədqiq edilən sənədləri, o cümlədən tərəflərin izahatlarında öz əksini tapan bu və ya digər halları məhkəmə iclasında tədqiq edərək belə nəticəyə gəlmişdir ki, İddiaçı mübahisəli fərdi yaşayış evinin Cavabdeh1 ilə nikahda olduğu dövrdə tikilməsi və onların həmin evdə yaşayaraq birgə təsərrüfat aparmasını əsas gətirərək həmin evdə yaşamaq hüququ olduğunu iddia etmiş, məhkəmə araşdırması zamanı öz tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə mötəbər sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan halları ilə iddia tələbi öz təsdiqini tapmamışdır. Müəyyən edilmişdir ki, iddiaçı köçürülməsini tələb etdiyi ev onun keçmiş həyat yoldaşının bacısı olan Cavabdeh2 üçün sonuncunun həyat yoldaşı Cavabdeh3 tərəfindən tikilmiş, torpaq sahəsi isə fərdi evin tikintisi üçün Hicran Zülfüqarovun istifadəsinə verilmiş, sonuncu tərəfindən torpaq üzərində hüquqları etibarnamə əsasında Cavabdeh3 Səməddin oğluna ötürülmüşdür. Belə ki, iş materiallarına əlavə edilmiş Abşeron rayon XDS İcraiyyə Komitəsinin 11 aprel 1991-ci il tarixli 64 nöməli qərarından çıxarışa əsasən, Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunda hər ailəyə, həmçinin Zülfüqarov Hicran Telman oğluna həyətyanı torpaq ayrılmışdır. İş materiallarına əlavə edilmiş 28.09.2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, Zülfüqarov Hicran Telman oğlu Buzovna qəsəbəsi tərəvəzçilik-südçülük sovxozunda yerləşən 600 kv.m. torpaq sahəsinə aid sənədləşmə işləri aparmağı, tikinti işləri aparmağı, həmin sahəni və tikintini özəlləşdirməyi, özəlləşdirmə ilə bağlı bütün hüquqi hərəkətləri etməyi və s. Cavabdeh3 Səməddin oğluna etibar etmişdir. İş materiallarından görünür ki, mübahisəli ünvana çəkilmiş qaz xətti Cavabdeh3 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər (30.1). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar (30.2). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmır (30.4). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu ilin oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin "digər qohumlar" ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Məhkəmə işin müəyyən edilmiş hallarını, yuxarıda qeyd edilən maddi hüquq normalarını tətbiq edərək və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında ifadə edilmiş hüquqi mövqelərə istinad edərək hesab edir ki, baxılan iş üzrə iddiaçının ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, onun Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək hüququ yoxdur. Ona görə də iddia təmin oluna bilməz. Belə ki, mübahisəli ev daşınmaz əmlak dövlət reyestrində qeydə alınmasa da, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, torpaq sahəsi isə fərdi evin tikintisi üçün Hicran Zülfüqarovun istifadəsinə verilmiş, sonuncu tərəfindən torpaq üzərində hüquqları etibarnamə əsasında Cavabdeh3 Səməddin oğluna ötürülmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində təsbit edilmişdir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Beləliklə, qanunvericiliyin tələblərinə və işin hallarına əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı evə köçürülmə və sair tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı evə köçürülmə və sair tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Hakim Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar