Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-659/2022 14.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı Rəsi-zadə Gülsaba İsmayıl qızının Cavabdeh Rəsi-zadə Rüsxarə Vəliəhəd qızının iştirakı ilə, İddiaçı Rəsi-zadə Gülsaba İsmayıl qızının cavabdeh Rəsi-zadə Rüsxarə Vəliəhəd qızına qarşı istifadə hüququnun itirilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Rəsi-zadə Gülsaba İsmayıl qızı cavabdeh Rəsi-zadə Rüsxarə Vəliəhəd qızına qarşı – Rəsi-zadə Rüsxarə Vəliəhəd qızının, Rəsi-zadə Hüseyn Rövşən oğlunun və Rəsi-zadə Seyran Rövşən oğlunun ünvan 1 ünvanında yerləşən evdən istifadə hüququnun itirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı 02.07.2014-cü il tarixli çıxarışa əsasən ünvan 1 onun xüsusi mülkiyyətindədir. Rəsi-zadə Rüsxarə Vəliəhəd qızı 26 may 2006-cı il tarixdə, Rəsi-zadə Rövşən Hüseyn oğlu 18 avqust 2005-ci il tarixdən, Rəsi-zadə Hüseyn və Rəsi-zadə Seyran Rövşən oğlu 04 mart 2016-cı il tarixdən ünvan 1-də qeydiyyatdadırlar. Rəsi-zadə Rüsxarə Vəliəhəd qızı uşaqları Rəsi-zadə Hüseyn Rövşən və Rəsi-zadə Seyran Rövşən oğlu ilə birlikdə artqı 7 ildir ki, onunla birlikdə yaşamır. Artıq cavabdeh uzun müddətdir ki, digər fərdi yaşayış evində yaşayır. Lakin uzun müddət keçməsinə baxmayaraq, yuxarıda adları çəkilən şəxslər hələ də onun mülkiyyətində olan evdən qeydiyyatdan çıxmamışlar. Belə olan halda onun mülkiyyət hüquqları məhdudlaşır və onun mülkiyyətçi kimi sərbəst şəkildə xüsusi mülkiyyətində olan evə dair sərəncam verə bilmir. Bundan başqa onlara çatmalı olan məktublaşmalar və s onun ünvanına göndərilir. Rəsi-zadə Rüsxarə Vəliəhəd qızı, Rəsizadə Rövşən Hüseyn oğlu, Rəsi-zadə Hüseyn və Rəsi-zadə Seyran Rövşən oğlu formal olaraq qeydiyyatda qalmışlar, onların evə dair hər-hansı istifadə hüquqları qalmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq Rəsi-zadə Rüsxarə Vəliəhəd qızının, Rəsi-zadə Hüseyn Rövşən oğlunun və Rəsi-zadə Seyran Rövşən oğlunun ünvan 1-dən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Rəsi-zadə Gülsaba İsmayıl qızı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki qey olunan ev dövlət tərəfindən order əsasında ona verilmişdir. O, həmin mmənzili özəlləşdirmişdir və 2014-cü ildən onun mülkiyyətindədir. Cavabdeh Rəsi-zadə Rüsxarə Vəliəhəd qızı məhkəmə iclasında bildirdi ki, o, mübahisəli mənzilə gəlin köçmüş, 8 il həmin mənzildə yaşamışdır. Övladlarını həmin mənzildə yaşadığı doğulmuşdur. Lakin 7 ildir ki, özlərinə məxsus evdə övladları ilə birgə yaşayır. Yaşadığı ev özbaşına tikili olduğundan ora qeydiyyata düşə bilmirlər. İddia tələbini əbul etmir buna görə iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı çıxarışın sürətindən görünür ki, ünvan 1 Rəsi-zadə Gülsaba İsmayıl qızının xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 11/5480 saylı 01.07.2014-cü il tarixli Texniki Pasportun sürətindən görünür ki, ünvan 1 Rəsi-zadə Gülsaba İsmayıl qızının xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti tərəfindən verilmiş 10/2007-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Rəsi-zadə Gülsaba İsmayıl qızı, Rəsi-zadə Rüsxarə Vəliəhəd qızı, Rəsi-zadə Rövşən Hüseyn oğlu, Rəsi-zadə Elşən Hüseyn oğlu, Rəsi-zadə Rizvan Hüseyn oğlu və Rəsi-zadə Hüseyn Rövşən oğlu iddiaçıya məxsus mənzildə qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 266/2019 saylı 19.04.2019-cu il tarixli qətnaməsindən görünür ki, Rəsi-zadə Rüsxarə Vəliəhəd qızı ilə Rəsi-zadə Rövşən Hüseyn oğlu arasında olan 18.01.2006-cı il tarixli 29 saylı rəsmi nikahın pozulması qət edilmişdir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının oğlu və cavabdeh Rəsi-zadə Rüsxarə Vəliəhəd qızı 18.01.2006-cı il il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Ailə qurduqdan sonra onlar iddiaçıya məxsus olan mübahisəli mənzildə yaşamışlar. İddiaçı onların yalnız müvəqqəti olaraq orada yaşamasına icazə vermişdir. İddiaçının oğlu və cavabdeh Rəsi-zadə Rüsxarə Vəliəhəd qızı arasındakı nikah 19.04.2022-ci il tarixdə pozulmuşdur. Cavabdeh Rəsi-zadə Rüsxarə Vəliəhəd qızı iki uşağı ilə birlikdə iddiaçıya məxsus olan mübahisəli mənzildə yaşamışlar. Hal-hazırda cavabdeh övladları ilə mübahisəli evdə yaşamırlar. Mübahisəli mənzil order əsasında 02.07.2014-ci ildə İddiaçınn adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə hesab edir ki, cavabdehin yuxarıda adı çəkilən mənzildə istifadə hüququnun yaranıb-yaranmaması halı müəyyən olunmalıdır. Belə ki, X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında göstərilən hüquqi mövqeyə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Həmin qərarda qeyd edilən mövqe ilə göstərilmişdir ki, M.Bəylərov münasibətlərin yarandığı 2001-ci ildə mübahisəli evin mülkiyyətçisi olmamış, ev onun yalnız sahibliyində və istifadəsində olmuşdur. Bu baxımdan, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, dövlət qeydiyyatından keçməmiş mübahisəli evə iddiaçının istifadə hüququnun yaranması ilə bağlı mübahisə tərəfləri arasında notariat qaydasında təsdiqlənmiş razılaşmanın (müqavilənin) olmamasına apellyasiya instansiyası məhkəməsi tərəfindən istinad edilməsi iş üzrə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir. Daşınmaz əmlakın dövlət qeydiyyatına alınması mübahisəli evə məhz bu andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka dair mülkiyyətçi ilə digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında həmçinin qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. İşin müəyyən edilən hallarından görünür ki, mübahisəli mənzili 02.07.2014-cü il tarixdən iddiaçının mülkiyyətinə keçmişdir. Göründüyü kimi tərəflər arasında münasibət 2006-cı ildə yaransada, yəni cavabdeh mübahisəli mənzilə 2006-cı ildə köçsədə qeyd olunan mənzil iddiaçının mülkiyyətində olmamış, həmin mənzil idaçının adına xüsusi mülkiyyət hüququ əsasında 2014-cü ilin iyul ayında dövlət qeydiyyatına alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli mənzil 02.07.2014-cü il tarixədək iddiaçın sahibliyində və istifadəsində olduğundan və 02.07.2014-cü il tarixdən onun həmin mənzilə mülkiyyət hüquq yarandığından mübahisənin həlli zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, işin bu cür halında iddiaçının mövcud iddia tələbi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin qaydalarına uyğun olaraq həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Qeyd edilən Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs hesab edilmədiyindən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən iddiaçının digər qohumu hesab edilmir. Odur ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququ yaranmadığından, yaranmayan istifadə hüququnun itirilməsinə dair iddia tələbi də təmin edilə bilməz. Digər tərəfdən, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd edilən maddələrin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, qeyd edilən mənzilin mülkiyyətçisi olan iddiaçı ilə cavabdeh arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, bununla da cavabdehin qeyd edilən mənzildən istifadə hüququ yaranmadığından, yaranmayan istifadə hüququ məhkəmə tərəfindən itirilə bilməz. Buna görə də iddia tələbi rədd edilməlidir. Göründüyü kimi, həm Mülki Məcəllənin, həm də Mənzil Məcəlləsinin tələbləri baxımından cavabdehin mənzildən istifadə hüququ yaranmamışdır. Odur ki, yaranmayan istifadə hüququnun itirilməsinə dair iddia tələbi əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Rəsi-zadə Gülsaba İsmayıl qızının cavabdeh Rəsi-zadə Rüsxarə Vəliəhəd qızına qarşı – cavabdehin ünvan 1 ünvanında yerləşən evdən istifadə hüququnun itirilməsinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-659/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-659/2022
14.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver