Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-68/2025 11.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, nümayəndəsi Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı üçüncü şəxs Mərdəkan Bələdiyyəsi olmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 140,3 kv.m torpaq sahəsinin boşaldılması, cavabdehlərə məxsus olan su çəninin götürülməsi, ərazinin təmizlənməsi və torpaq sahəsinə öz hesabına hasarın çəkilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Mərdəkan Bələdiyyəsi tərəfindən 17 oktyabr 2007-ci il tarixli 23 saylı müqaviləyə əsasən ümumi sahəsi 140,3 kv.m. torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə cavabdeh onlardan xahiş etdi ki, onlara məxsus torpaq sahəsinə müvəqqəti olaraq su çəni qoysun. Onlar da bir qonşu olaraq buna etiraz etmədilər. Beləliklə də aralarında olan razılaşmaya əsasən cavabdeh, yəni qonşusu Cavabdeh1 özünə məxsus su çənini onların torpaq sahəsinə qoydu. Cavabdeh hazırda həmin torpaq sahəsini qanunsuz zəbt edib. O, ondan tələb etdi ki, axı onlar onun torpaq sahəsinə daxil olublar və 140,3 kv.m sahəyə qanunsuz olaraq daş hasar çəkiblər. O, onun haqlı tələblərinə məhəl qoymur, odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və bildirdi ki, cavabdehlərə məxsus su çəni iddiaçının torpaq sahəsindən istifadəsinə və həyətə giriş çıxışlarına mane olur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, yerində müayinə etməklə çənin maneə törətməsi və ya kimin sahəsinə düşməsini müəyyən etmək çətindir. Həmin su çəni cavabdehlərə məxsusdur və uzun müddətdir ki, həmin yerdədir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 iddiaya etiraz ərizəsi təqdim edərək orada bildirmişdir ki, tərəflərin Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətindən çıxarışları yoxdur. İddiaçının təqdim etdiyi Mərdəkan Bələdiyyəsi tərəfindən xx.xx.2007-ci il tarixli 23 saylı nüqavilənin hansı əsaslarla bağlandığı, həmin müqavilənin arxiv sənədlərində mövcudluğu, hansı əsaslarla sxemin tərtib edildiyi özlüyündə sual doğurur. Əgər sözü gedən müqavilə əsaslı olsaydı yəqin ki, şəxs onunla və onunla bağlı təqdim edilən sxemlə aidiyyəti orqana müraciət edərək çıxarış əldə edərdi. Fərdi yaşayış evində o, əri, qayınatası, digər cavabdeh olan qayınanası Ermənistandan qaçqın olaraq məcburən 1988-ci ildən etibarən yaşayırlar. Orada fərdi yaşayış evində yaşayandan bəri demək olar 30 ildir ki, mübahisəli çəndən istifadə edirlər. Cavabdehlərdən fərqli olaraq iddiaçı oraya daha yeni köçmüşdür. Qonşu kimi köçdükdən sonra onlara məxsus hasardan müvəqqəti olaraq işlərin görülməsi üçün istifadə etməklərini xahiş etmiş, onlar buna icazə vermişdilər. Lakin daha sonra onlar onlara məxsus hasarı sökmüşlər. Bundan sonra münasibətlər korlanmışdır. İddiaçı istifadələrində olan çəni deşmiş, onu yararsız hala qoymuşdur. Bundan başqa yaşadıqları fərdi yaşyış evinin "Memarlıq-Planlaşdırma Həlli" nə dair 2012-ci il eskiz layihəsindən görünür ki, həmin lahiyə əri X2 adınadır. 2012-ci il tarixli evə dair "Memarlıq-Planlaşdırma Həlli"-nə baxarkən məlum olur ki, fərdi yaşayış evinin qarşısında su çəni mövcuddur. Burdan da göründüyü kimi iddiaçının idda tələbi əsassızdır. İddia tələbində qeyd edilən tələblə bağlı deyə bilər ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi, 140,3 kv.m torpaq sahəsinin boşaldılması, cavabdehlərə məxsus olan su çəninin götürülməsi, ərazinin təmizlənməsi və torpaq sahəsinə öz hesabına hasarın çəkilməsi ilə bağlı iddiaçının subyektiv hüquqları yoxdur. Belə ki, iddia etdiyi mübahisəli ərazi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş çıxarış mövcud deyildir və buna görə də iddia tələbi təmin oluna bilməz. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, HK-1-3241 saylı material üzrə Cavabdeh2 Kərəm qızının və Nümayəndə müraciətləri üzrə cinayət tərkibi müəyyən edilmədiyindən və qonşular arasında mübahisəyə səbəb olmuş hal mülki xarakterli olduğundan toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. -Mərdəkan Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 1-3/66 saylı məktubundan görünür ki, İddiaçı məxsus torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, qonşusu tərəfindən İddiaçı məxsus torpaq sahəsində qoyulmuş su hovuzundan uzun müddətdir ki, istifadə edilir. -Xəzər Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məktub ünvanlanmış və verilən məlumatda İddiaçı Mərdəkan Bələdiyyəsinin 23 saylı, xx.xx.2007- ci il tarixli müqaviləsi ilə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 140,3 kv.m. olan torpaq sahəsinin kənd təsərrüfatı məhsulları əkmək üçün istifadəsinə verildiyi bildirilmişdir. -ƏMDK DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən sahəsi 140,3 kv.m olan torpaq sahəsinin X1 adına qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. -xx.xx.2007-ci il tarixli 23 saylı və xx.xx.2008-ci il tarixli 02 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilələrdən görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı sahəsi 140,3 kv.m olan torpaq sahəsi icarəyə verilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Ziya Tağıyev xx.xx.2024-cü il tarixli məlumat tərtib edərək orada göstərmişdir ki, ekspert qarşısında qoyulmuş sualların həlli məqsədilə xx.xx.2024-cü il tarixdə tədqiqat obyektinə iş üzrə tərəflərin iştirakı ilə baxış keçirilməsinin təşkil edilməsi və əlavə materialların təqdim edilməsi barədə vəsatət verilmişdir. Vəsatətdə qeyd edilən tarixdə tədqiqat obyektinə iş üzrə tərəflərlə birlikdə baxış keçirilmiş, lakin ekspert vəsatətində qeyd edilən əlavə materiallar Mərkəzə təqdim edilmədiyindən qərardadda ekspert qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Buna görə də, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”-ın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilmişdir. İşin mübahisəsiz halları kimi müəyyən olunmuşdur ki, həm iddiaçı tərəfin, həəm də cavabdehlərin faktiki istifadələrində olan torpaq sahəsinə və fərdi evə dair mülkiyyət hüquqlarını təsdiq edən sənəd yoxdur. Bundan başqa mübahisəli su çəni cavabdehlərə məxsusdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 140,3 kv.m olan torpaq sahəsində cavabdehlərə məxsus olan su çəni iddiaçının faktiki istifadəsində olan torpaq sahəsindən və fərdi evdən istifadəyə maneələr törədir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə müraciət etməkdə qismən haqlı olmuşdur. Qeyd olunan qanunvericiliyin tələbindən göründüyü kimi hazırki halda İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia verməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Bundan əlavə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1- ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmçinin həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göründüyü kimi, İddiaçı Mərdəkan Bələdiyyəsi tərəfindən 17 oktyabr 2007-ci il tarixli 23 saylı müqaviləyə əsasən ümumi sahəsi 140,3 kv.m. torpaq sahəsi ayrılmışdır. Bu barədə müqavilə mövcuddur. Cavabdehlərə məxsus su çəni iddiaçının torpaq sahəsindən istifadəsinə maneə yaradır. Belə olan halda, iddiaçının həmin daşınmaz əmlak üzərində “gözlənilən” mülkiyyət hüququ pozulmuşdur. Belə ki, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququndan görünür ki, Ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin (o cümlədən iddialar) reallaşacağına dair "legitim gözləntisi" olduğunu iddia edə bildikdə, legitim gözləntilər həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. Mülkiyyət marağı iddia xarakterində olduqda, ərzəçinin milli qanunvericilikdə maraq üçün kifayət qədər əsas olduğu halda, legitim gözləntisi ola bilər, məsələn, yerli məhkəmələrin onun mövcudluğunu təsdiq edən presedent-hüququnun olması. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 202.1-ci maddəsinə əsasən məhkəməyə gətirilə bilməyən və ya gətirilməsi çətin olan maddi və yazılı sübutlar, olduqları və ya saxlandıqları yerdə müayinə və tədqiq edilir. Məhkəmə tərəfindən iş üzrə mübahisə predmetinə daxil olan iddiaçının torpaq sahəsinə keçirilmiş xx.xx.2025-ci il tarixli yerində müayinə zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 140,3 kv.m olan torpaq sahəsi ünvanında su çəni müəyyən edilmiş və onun iddiaçının torpaq sahəsindən istifadəsinə maneə törətdiyi, giriş-çıxışa aşkar surətdə maneə yaratdığı müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin “ərazinin təmizlənməsi və torpaq sahəsinə iddiaçının öz hesabına hasarın çəkilməsi” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissələrdə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 140,3 kv.m torpaq sahəsində cavabdehlərə məxsus olan və iddiaçının faktiki sahibliyində olan su hovuzu (su çəni) cavabdehlərin hesabına ərazidən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 140,3 kv.m torpaq sahəsində cavabdehlərə məxsus olan və iddiaçının faktiki sahibliyində olan torpaq sahəsində yerləşən su çəni cavabdehlərin hesabına ərazidən çıxarılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-68/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-68/2025
11.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver