Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-694/2021 17.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin, onun nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh Kərim oğluna qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Kərim oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının 29 dekabr 2000-ci il tarixli 1990 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində B-2000 171 saylı sahədə fərdi yaşayış evinin tikilməsi üçün 1200 kv.m torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və cavabdehin həmin torpaq sahəsindən çıxararaq, torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Əzizbəyov (indiki - Xəzər) Rayon İcra Hakimiyyəti Başçısının 29 dekabr 2000-ci il tarixli 1990 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində B-2000 171 saylı sahədə fərdi yaşayış evinin tikilməsi üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Eyni sərəncamla həmçinin evin tikintisinin təsdiq edilmiş 145-000-129c tipli layihə əsasında aparılması qərara alınmışdır. Bakı Şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının 29 dekabr 2000-ci il tarixli 1990 nömrəli sərəncamı hal-hazırda da qüvvədədir. Həmin torpaqda onun birmərtəbəli tikili olmuşdur. Hasarı da o, çəkmişdir. Cavabdeh isə həmin tikilini söküb yerində ev tikmişdir. Bu yaxınlarda ona məlum olmuşdur ki, iş üzrə cavabdeh 29 dekabr 2000-ci il tarixli 1990 nömrəli sərəncam əsasında ona ayrılmış torpaq sahəsini qanunsuz zəbt etməklə, həmin sahədə özbaşına tikili tikmişdir. Cavabdehlə bir neçə dəfə söhbətlər apararaq, ona, inşa etdiyi tikilinin yerləşdiyi torpaq sashəsinin onun qanuni istifadəsində və sahibliyində olmasını, torpaq sahəsinin ayrılması barədə İcra Hakimyyətinin sərəncamının qüvvədə olmasını bildirməklə, inşa edilən özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılmasını ondan tələb etmişdir. Lakin, cavabdeh onun qanuni tələblərimə heç bir əhəmiyyət verməmişdir. Göründüyü kimi, cavabdehin hərəkətləri onun sahiblik və istifadə hüquqlarını kobud şəkildə pozmuş və pozmaqda da davam edir. Hazırda o, qanuni əsəaslarla ona ayrılmış torpaq sahəsi üzərində hüquqlarını həyata keçirə bilmir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmədə Cavabdeh Kərim oğlu iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etdi və izhatında bildirdi ki, 10 ildir ki, xarici evi xarici vətəndaşdan almışdır. Evin 2 sot torpağı olmuşdur.Həmin evin hazırki işə aidiyyəti yoxdur. Evin arxasında bataqlıq olmuşdur. Bataqlığın içərisində kiçik tikili olmuşdur. 5 il əvvəl həmin yerdə ev tikmişdir. Hazırda tikdiyi evə iddiaçı iddia edir. Hasarı özü çəkmişdir. İddiaçı tərəfindən torpağın ona məxsus olduğu sübuta yetirildiyi halda ona qaytarmağa etiraz etmir. Məhkəmədə cavabdehin nümayəndəsi və vəkili X2 iddia tələbini etiraf etməyərək bildidi ki, iddiaçının iddia etdiyi sahə təmsil etdi şəxslərin məskunlaşdığı sahə ilə eyni deyil. Bağ nömrələri də fərqlidir. İddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı Şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının 29 dekabr 2000-ci il tarixli 1990 nömrəli sərəncamından görünür ki, həmin sərəncam İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması haqqında verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin Başçısının 29.12.2000-ci il tarixli 1990 saylı sərəncamı və sərəncamın əlavəsi olan torpaq sahəsinin yerləşmə sxemi təqdim edilmədiyindən, qərardadda qoyulmuş sualların cavablandırılması olmamışdır. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırki iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki, o, mübahisəli torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməsinə dair sənəd təqdim etməmişdir. İddiaçı yalnız torpaq sahəsinin məhz ona ayrıldığını və ya sahə ilə bağlı digər qaydada qanunla müdafiə olunan hüquq əldə etdiyini sübut edə bildiyi halda hazırki iddia tələbi ilə çıxış edə bilər. Hazırki halda isə sözügedən bağ sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hüquq əldə etməsini təsdiq edən hər hansı bir sübutu olmadığından məhkəmənin qənaətinə görə, iddiaçı irəli sürdüyü tələbə münasibətdə ümumiyyətlə subyektiv hüquqa malik şəxs deyildir və həmin tələbə məhz bu kontekstdə qiymət verilməlidir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəsini etdiyi bağ sahəsinə dair hazırda qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidr. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd edilənlərə əsasən İddiaçının Cavabdeh Kərim oğluna qarşı torpaq sahəsindən çıxarılma barədə tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçının Cavabdeh Kərim oğluna qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-694/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-694/2021
17.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver