Məhkəmə qərarları › İş №2(003)-742/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-742/2022

29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-742/2022 29.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinə müraciət edərək, cavabdehdən verdiyi 7809 manat və 100 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X4 fərdi işlə məşğul olur, tikinti işi ilə əlaqədar cavabdeh ondan 7809 manat borc pul götürüb və tez bir müddətdə pulu qaytaracağına söz vermişdir. Cavabdehin səmimiliyinə inanaraq istədiyi pulu borc vermişdir. Lakin cavabdeh öz hərəkətləri nəticəsində ona xeyli miqdarda maddi ziyan dəymiş, cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh X2 dəfələrlə müraciət edərək onun borc pulunu qaytarmağı tələb etsə də, sonuncu müxtəlif bəhanələrlə pulu qaytarmaqdan qəsdən boyun qaçırır. Verdiyi borc pulun qaytarılması istiqamətində heç bir hərəkət etmədən borcun qaytarılması təmin etməmişdir. Bu səbəbdən maddi vəziyyəti əhəmiyyətli dərəcədə pisləşib və ağır maddi vəziyyətə düşmüşdür. Pulun geri qaytarılması ilə bağlı Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-ci polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Binəqədi RPİ-nin 6-ci PB-nə yazdığı ərizə ilə bağlı N.Şahzuvarov tərəfindən 7809 manat borcun qaytarılması ilə bağlı göstərdiyi xüsusatlar məhkəmə səlahiyyətinə aid olduğundan məsələnin həlli ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etməyi məqsədə müvafiq hesab etmişdir. Bu faktla bağlı cavabdeh Polis şöbəsinə dəvət olunmuş, öz izahatında həqiqətən də iddiaçıya 7809 manat borcun olduğunu etiraf etmiş və həmin borcun tam şəkildə 2021-ci ilin avqust ayının 30 kimi qaytaracağına söz vermişdir, lakin bu günə kimi cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində heç bir hərəkət olunmamışdır. Buna görə də, cavabdehdən həmin məbləğdə pul məhkəmə qaydasında tutularaq ona qaytarılmalıdır. Bakı şəhəri 26 saylı Vəkil Bürosu tərəfindən 03 dekabr 2021-ci il tarixli 371 saylı məktubla Binəqədi rayon Polis İdarəsinin 6-ci Polis bölməsinə Bölmə tərəfindən N.Şahzuvarov barəsində qəbul olunmuş qərarın surətini rəsmi qaydada büroya təqdim olunması barədə müraciət olunmuşdur. Bu məsələ ilə bağlı 6-ci polis bölməsi ilə telefon əlaqəsi saxlanmış, lakin tələb olunduğu sənədlərin Büroya rəsmi qaydada poçt vasitəsi ilə göndərildiyini bildirmişdir. Həmin sənədlər Məhkəməyə təqdim olunancaqdır. Hesab edir ki, borc pulu məhkəmə qaydasında alınmalıdır. Qeyd olunanlara əsasən, cavabdehdən verdiyi 7809 manat və 100 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndə-vəkilinin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1. maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı Şəhər Binəqədi RPİ 6-cı Polis Bölməsinin 30.07.2021-ci il tarixli məktubunun, həmçinin Cavabdeh tərəfindən həmin bölmədə tərtib olunmuş iltizam və izahatın surətindən görünür ki, araşdırma zamanı N.X1 olan 7809 manat borcunu etiraf etmiş və borcu 30.08.2021-ci il tarixdə qaytaracağını bildirmişdir. Beləliklə, işin məhkəmə iclasında araşdırılan halları və iş materialları ilə müəyyən olunur ki, Cavabdeh iddiaçıdan aldığı 7809 manat məbləğində borcu geri ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh aralarındakı razılıq üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 98.09 manat olduğundan, həmin məbləğdə dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbinin Cavabdeh İddiaçı xeyrinə 7809 manat məbləğində pul vəsaitinin tutulması qanunamüvafiq və əsaslıdır və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 7809 manat və ödənilmiş dövlət rüsumuna görə 98.09 manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 7809 (yeddi min səkkiz yüz doqquz) manat və ödənilmiş dövlət rüsumuna görə 98.09 (doxsan səkkiz manat doqquz qəpik) manat məbləğində pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar