Məhkəmə qərarları › İş №2(003)-749/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-749/2021

26.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-749/2021 26.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 ilə Cavabdeh arasında 25.08.1994-cü il tarixli Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı 05.02.1994-cü il tarixdə X8 ilə Binəqədi rayon qeydiyyat şöbəsində nikaha daxil olmuşlar. Birgə nikahlarından bir övladları dünyaya gəlmiş, hazırda o, yetkinlik yaşına çatmışdır. Alik Musabəyov ilə 25 il bərabər evliliklərindən sonra 2019-cu ilin noyabr ayında nikahlarına xitam verilmişdir. Sonradan ona qeydiyyat şöbəsində bildirilmişdir ki, X1 Mehriban Əkbər qızı ilə də rəsmi nikahda olmuş, həmin nikah qeydi 25.08.1994-cü ildə qeydə alınmışdır. Halbuki, qanunvericiliyə əsasən Azərbaycan Respublikasında yalnız təknikahlı (monoqam) ailə mümkündür. 1994-cü ildə ola bilər ki, sənədləşmənin elektron olmaması nəticəsində Alik Musabəyov eyni vaxtda iki nəfərlə rəsmi nikaha daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 18 may 2021-ci il tarixli iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin ediməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, onunla Alik Musabəyov arasında bağlanmış nikah 2019-cu il tarixdə pozulmuşdur. Alik Musabəyov 2020-ci ildə vəfat etmişdir. 1994-cü ildə Alik Musabəyov Cavabdeh ilə nikaha daxil olub. Evli olduqları vaxtda Alikin həyatında başqa bir insanın olduğunu hiss edirdi. Onların birgə nikahından 1995ci il təvəllüdlü övladları var. Alikin başqa qadından oğlunun olmasını 2005-ci ildə özü tərəfindən etiraf etmişdir, lakin Alikin rəsmi şəkildə ikinci ailəsinin onunla nikahın pozulması haqqında şəhadətnaməni alarkən qeydiyyat şöbəsindən bilmişdir. Məhkəmənin 18 may 2021-ci il tarixli iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianın təmin edilməsini xahiş etdi. Həmçinin bildirmişdir ki, İddiaçı 05.02.1994-cü il tarixdə X8 ilə nikaha daxil olmuşlar, onların nıkahlarından 22.01.1995-ci il təvəllüdlü Nigar adlı övladları dünyaya gəlmişdir. Onlar uzun sürən evlilikləri olmuş, münasibətləri normal olmuşdur. Lakin formal olaraq onların nikahları məhkəmə qaydasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.09.2019-cu il tarixli 2(005)-2744/2019 saylı qətnaməsi ilə xitam verilmişdir. İddiaçı 04.12.2019-cu il tarixdə nikahın pozulması haqqında şəhadətnaməni aldığı zaman Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinin işçisi bildirmişdir ki, Alik Musabəyov 1994-cü ildə başqa şəxs ilə də rəsmi nikaha daxil olmuşdur. Bu minvalla məlum olmuşdur ki, X1 Mehriban Əkbər qızı ilə də 25.08.1994-cü ildə rəsmi nikaha daxil olmuşdur. Alik Musabəyov 02.11.2020ci il tarixdə vəfat etmişdir. Hazırda onun vərəsəlik işi açıldıqda birgə nikah dövründə əldə edilmiş əmlakların bölgüsü zamanı cavabdehin etibarsız olan nikahının qüvvəsində qalması iddiaçının hüquqlarını pozur. Özü-özlüyündə İddiaçı ilə bağlanan nikah qüvvədə olduğu təqdirdə digər nikahın yəni Cavabdeh ilə bağlanan nikahın qeydə alınması həmin nikahın etibarsızlığına dəlalət edir. Qanun, hüquq, ədalət, mənəvi standartlar, əxlaq normaları Cavabdeh ilə bağlanan nikahın hüquqi qüvvəsinin etibarlı olmadığını dəstəkləyir. Məhkəmə çəkişməsi zamanı da müəyyən edildi ki, mərhum Alik Musabəyov ailəsinin xeyir duası və eladəti ilə İddiaçı ilə ailə qurmuş, ailə üzvlərinin onun həyat yoldaşı kimi İddiaçı qəbul etmişlər. Cavabdeh ilə nikahın bağlanmasının faktiki əsasları məlum deyildir. Hüquqi əsası isə ümumiyyətlə mövcud deyildir. Məhkəmənin 18 may 2021-ci il tarixli iclasında Cavabdeh iddianın əsassız olduğundan rədd edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, 26 il Aliklə birgə yaşamışlar. Birgə nikahlarından övladları var. İddiaçı ilə rəsmi ayrılmaqları barədə məlumatı olmayıb. Birgə nikahlarında olan oğlunun 26 yaşı var. Hər iki uşaq bir-birlərini tanıyırlar. Onların birgə şəkilləri də vardır. Onlar daim birlikdə yaşamışlar. Məhkəmənin 18 may 2021-ci il tarixli iclasında Cavabdeh nümayəndəsi və vəkili X13 məhkəməyə təqdim edilmiş etiraza uyğun izahat vərərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 27 aprel 2021-ci il tarixli iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o, Alik Musabəyovun oğludur. Uşaq vaxtından ailələri üç adamdan ibarət olub. Bu məsələdən məlumatı olmayıb. 4 yaşından 14 yaşınadək Buzovna qəsəbəsində yaşayıb. Daha sonra şəhərə köçmüşlər. Ailədə atası daima onlarla bir yerdə yaşayıb. Ögey bacısı ilə 4- 5-ci sinifdə oxuduğu zaman tanış olmuşdur. Məhkəmənin 27 aprel 2021-ci il tarixli iclasında şahid qismində dindirilmiş Məmmədova (Musabəyova) Nigar Alik qızı ifadəsində bildirmişdir ki, o, Alik Musabəyovun qızıdır. Ailəsi ilə birlikdə Gənclikdə yaşamışdır. Atasının ikinci ailəsindən 2005-ci ildə xəbəri olub. Əvvəl pis olmuşdur, lakin daha sonra bu halı qəbul etmişdir. Atası özü də 2005-ci ildə etiraf etmişdi. Atam anamla sənəd üzərində ayrılmışdılar, lakin bir yerdə yaşayırdılar. Məhkəmənin 27 aprel 2021-ci il tarixli iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, Alik Musabəyovun qardaşıdır. Aliklə cavabdehin münasibətindən xəbəri var idi, lakin Alik deyirdi ki, Mehribanla münasibətləri qeyri-ciddidir. Alikin rəsmi arvadı Sürəyya olub. Mehribanın Aliklə rəsmi nikahda olduğunu bilmirdi. Xeyir-şər işlərində Mehriban iştirak etməyib. Alikin yas mərasimi onların evində olub. Alikin oğlundan Sürəyyanın 2 il əvvəl xəbəri olub. Sürəyya qohumuna zamin durmuşdu. Həmin borc əmlaka təhsir etməsin deyə Aliklə Sürəyya boşandılar. Alikin oğlunu ilk dəfə uşağın ad günündə görmüşdü, həmin vaxt uşağın 3- 4 yaşı olardı. Daha sonra get-gəl başladı. Onların ailəsinin gəlini Sürəyya olub. Ona elçi getmişlər və el adəti ilə evlərinə gəlin gətirmişlər. Daha sonra X15 qəsəbəsində yerləşən evlərinə gətirdi. Həmin evdə atası yaşayırdı. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə İddiaçı arasında 05 fevral 1994-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu Qeydiyyat şöbəsində nikah bağlanmış və bu barədə nikah aktları qeyd kitabında 92 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Musabəyova soyadı verilmişdir. İş materiallarında olan Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12.11.2020-ci il tarixli AZ İİ 127271 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 02.11.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18.09.2019-cu il tarixli 2(005)-2744/2019 nömrəli qətnaməsindən görünür ki, X8 ilə Musabəyova (Quliyeva) Sürəyya Fərrux qızı arasında 05.02.1994-cü ildə Bakı şəhəri Binəqədi rayon “Leyla” nikah evi tərəfindən qeydə alınmış və 92 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. İş materiallarında olan nikahın pozulması barədə şəhadətnamənin surətindən görünür ki, X8 ilə X2 arasında bağlanmış olan nikah pozulmuş və bu barədə nikah aktları qeyd kitabında 04.12.2019-cu il tarixdə 379 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah pozulduqdan sonra arvada Quliyeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 22.01.1995-ci il tarixdə doğulmşdur. Atası qrafasında X8, ana qrafasında X2 qeyd edilmişdir. Bu barədə Nərimanov rayon Qeydiyyat şöbəsində 22.01.2021-ci il tarixdə 200 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə Cavabdeh arasında 25 avqust 1994-cü il tarixdə Bakı şəhəri Xəzər (Əzizbəyov) rayonu Qeydiyyat şöbəsində nikah bağlanmış və bu barədə nikah aktları qeyd kitabında 346 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Əkbərova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 04.03.1995-ci il tarixdə doğulmşdur. Atası qrafasında X8, ana qrafasında Cavabdeh qeyd edilmişdir. Bu barədə Əzizbəyov (indiki Xəzər) rayon Qeydiyyat şöbəsində 10.04.1995-ci il tarixdə 137 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh nümayəndəsi və vəkili X6 məhkəməyə etirazında qeyd edilmişdir ki, hüquqlarını müdafiə etdiyi Cavabdeh qarşı (xx.xx.1966) İddiaçı tərəfindən "nikahın etibarsız sayılmasına dair" irəli sürülmüşdür. Belə ki, X8 (02.12.1955) Quliyeva (Musabəyova) Surəyya Fərrux qızı (xx.xx.1968) ilə Bakı şəhəri Binəqədi rayonunda nikaha daxil olmuşdur. Bundan əlavə X8 (02.12.1955) Cavabdeh ilə 1994-cü ilin avqust ayının 25-də nikaha daxil olmuş və birgə nikahdan X12 (04.03.1995) dünyaya gəlmişdir. İddiaçı tələbini onunla əsaslandırmağa çalışır ki, X8 (02.12.1955) Quliyeva (Musabəyova) Sürəyya Fərrux qızı ilə birlikdə yaşamış, lakin Cavabdeh ilə birgə yaşamamışdır. Məhkəmənin diqqətinə çatdırır ki, X5 aid olan orta məktəbi və ali məktəbi bitirməsinə dair məzun albomları, maaş və pensiya kartları, əmək kitabçası, onun mülkiyyətində olan daşınmaz əmlakların çıxarışları, ölüm şəhadətnaməsi, ad günlərinin və digər tədbirlərin video görüntüləri, 1985-ci illərdəki əmək kollektivində çalışan zaman çəkilmiş foto şəkillər, ali məktəbi bitirməsinə dair diplom, ali məktəbdə oxumasına dair zaçot kitabçası, doğum haqqında şəhadətnaməsi, Xarici pasportu, istifadə etdiyi telefonları, komputeri, şəxsi avtomobili, sürücülük vəsiqəsi, hərbi bileti və digər şəxsi əşyaları hazırda onun həyat yoldaşı və oğlu tərəfindən saxlanılır. ünvan 1 ünvanda yerləşən mənzili X8 qızı X7 bağışlamışdır. Həmin mənzilin texniki pasportunu bu günə qədər həyat yoldaşı Cavabdeh qalmaqdadır. Məhkəmənin diqqətinə çatdırır ki, Quliyeva (Musabəyova) Sürəyya Fərrux qızı 2005-ci ildən X8 ilə birgə yaşamır, belə ki, 2005-ci ildə iddiaçı boşanmaq qərarına gələn zaman X8 özünə məxsus daşınmaz əmlakları qardaşı Yaşara həyat yoldaşı Mehribanın razılığını aldıqdan sonra bağışlamış, 2015-ci ildə isə Yaşar həmin daşınmaz əmlakları Alikə bağışlamışdır, Alikin dəfn pulu da oğlu İlkinə verilmişdir və ölümündən əvvəl də ancaq oğlu ilə danışmış və lazım olan ərzağı da oğlundan qəbul etmişdir. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur, Azərbaycan Respublikası Ailə məcəlləsinin 11-ci maddəsinə əsasən Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. 11.2. Bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz. 12.0.1, yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və hacılar):12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər,12.0.3, ikisindən: biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər, 12.0.3-1, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər,12.0.4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesah edilən şəxslər, Azərbaycan Respublikası Ailə məcəlləsinin 25-ci maddəsinə əsasən Ailə məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır. 25.3. Məhkəmə nikahın etibarsız sayılması barədə qanuni qüvvəyə minmiş qətnamədən çıxarışı 3 gün müddətində nikahın bağlandığı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur.25.4. Ftübarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Azərbaycan Respublikası Ailə məcəlləsinin 26-cı maddəsinə əsasən aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb ctmək hüququna malikdirlər: 26.1.1. nikah yaşına çatmayan şəxslə və nikah yaşına çatana qədər nikaha daxıl olmaq üçün bu Məcəllənin 10.2-ci maddəsində nəzərdə tutulmuş icazə olmadıqda nikah bağlanarsa — yetkinlik yaşına çatmayan ər (arvad), onun valideynləri (onları əvəz edən şəxslər) və ya müvaliq icra hakimiyyəti orqanı, nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad):nikahın bağlanmasına mane olan hallar baradə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu:,26.1.5. pozulmamış əvvəlki nikah üzrə ər (arvad), Belə olan təqdirdə, 2019-cu ildə rəsmi boşanan iddiaçının iddia tələbi irəli sürməyə hansı subyektiv hüququ var?, 1994-cü ilin avqust ayında bağlanmış nikahın 2021-ci ildə etibarsız hesab edilməsi barədə iddia tələbini məhkəmə qəbul etməlidirmi. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisyə nikah münasibətlərinin yarandığı vaxt qüvvədə olan qanunvericiliyə uyğun qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının 1969-cu il 26 dekabr tarixli qanunu ilə təsdiq edilmiş və 2000-ci ilədək qüvvədə olan Azərbaycan Respeblikası Nikah və Ailə Məcəlləsinin 17-ci maddəsinə əsasən ikisindən biri başqası ilə nikahda olan şəxslər arasında; bilavasitə yuxarı və aşağı xətlə olan qohumlar arasında, doğma və ögey qardaş-bacılar arasında, həmçinin övladlığa götürənlər və götürülənlər arasında; ikisindən biri ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyətini itirmiş hesab edilən şəxslər arasında nikahın bağlanmasına yol verilmir: Həmin Məcəllənin 48-ci maddəsinə əsasən nikahı etibarsız hesab etməyin əsasları Nikah, bu Məcəllənin 15-17-ci maddələrində müəyyən edilmiş şərtlər pozulduqda, habelə ailə qurmaq niyyəti olmadan nikah bağlandığı hallarda (saxta nikah), etibarsız sayıla bilər. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən nikah məhkəmə qaydası ilə etibarsız hesab edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah bağlandığı vaxtdan etibarsız sayılır. Bu maddənin dördüncü və beşinci hissələrində nəzərdə tutulmuş hallar istisna edilməklə, belə nikahda olan şəxslərin heç bir ər-arvad hüququ və vəzifələri yaranmır. Etibarsız hesab edilən nikahda olmuş şəxslərin birlikdə əldə etdikləri əmlaka Azərbaycan SSR Mülki Məcəlləsinin 111-125-ci maddələrinin qaydaları tətbiq olunur. Nikahın etibarsız hesab edilməsi bu nikahdan doğulmuş uşaqların hüquqlarına təsir etmir. Ər-arvaddan biri nikahda olduğunu digərindən gizlətdikdə, nikah etibarsız hesab edilərkən məhkəmə onunla etibarsız nikahda olmuş şəxsin saxlanması üçün ondan bu Məcəllənin 32-36-cı maddələrinə uyğun surətdə vəsait tuta bilər, habelə nikah etibarsız hesab edilən vaxtadək həmin şəxslərin birlikdə əldə etdikləri əmlakın bölgüsü zamanı, bu Məcəllənin 23, 24, 27-29-cu maddələrində müəyyən edilmiş müddəaları tətbiq edə bilər. Nikahın bağlanması üçün maneçiliklər olduğunu bilməyən ər (arvad) nikah etibarsız hesab edildikdə, nikah qeydə alınan zaman seçdiyi familiyanı saxlaya bilər. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 1.2 və 1.3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir. Həmin Məcəllənin 2.3-cü maddəsinə əsasən nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən pozulmuş hüquqların müdafiəsi üçün bu Məcəllədə müəyyən olunmuş müddətlər istisna olmaqla, ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddəti şamil olunmur. Həmin Məcəllənin 25-ci maddəsinə əsasən bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Məhkəmə nikahın etibarsız sayılması barədə qanuni qüvvəyə minmiş qətnamədən çıxarışı 3 gün müddətində nikahın bağlandığı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılı Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən nikah yaşına çatmayan şəxslə və nikah yaşına çatana qədər nikaha daxil olmaq üçün bu Məcəllənin 10.2-ci maddəsində nəzərdə tutulmuş icazə olmadıqda nikah bağlanarsa — yetkinlik yaşına çatmayan ər (arvad), onun valideynləri (onları əvəz edən şəxslər) və ya müvafiq icra hakimiyyəti orqanı; nikah bu Məcəllənin 26.1.1-ci maddəsində nəzərdə tutulduğu eyni hallarda bağlanarsa və nikahda olan ər (arvad) yetkinlik yaşına çatarsa — yalnız həmin 18 yaşlı ər (arvad); nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad); nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu; pozulmamış əvvəlki nikah üzrə ər (arvad); bu Məcəllənin 26.1.4-cü — 26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı; saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad); bu Məcəllənin 13.7-ci maddəsində göstərilən hallar olduqda, hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.Axundovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18.02.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Ailə Məcəlləsinin 23.4 və 171-ci maddələri məhz nikahın təknikahlılıq prinsipinə xidmət edir və belə halların qarşısının alınması məqsədi daşıyır. Məcəllənin qeyd olunan normalarına əsasən ər (arvad) nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz. Nikaha daxil olmağı arzu edənlər nikaha daxil olanlardan və ya onların valideynlərindən birinin seçdiyi hər hansı bir müvafiq icra hakimiyyəti orqanına bu barədə şəxsən yazılı ərizə verirlər. Ərizədə nikaha daxil olmaq üçün bu Məcəllənin 12-ci maddəsində nəzərdə tutulmuş maneələrin olmadığı təsdiq edilməli, habelə hərənin neçənci nikaha daxil olduğu və neçə uşağı olduğu göstərilməlidir. Bununla yanaşı, nikahın bağlanmasına mane olan hallar (ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər Ailə Məcəlləsinin 12.0.3-cü maddəsi) mövcud olduqda nikah bağlanarsa bu barədə məlumatı olmayan ər (arvad) nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Eyni zamanda, ər (arvad) dövlət qeydiyyatını pozmadan yenidən (ikinci dəfə) nikaha daxil olarsa, əvvəlki nikah üzrə ərin (arvadın) nikahın etibarsız sayılması üçün məhkəməyə müracət etmək hüququ qanunverici tərəfindən müəyyən olunmuşdur”. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsi nikahın bağlanmasına mane olan bir sıra halları müəyyən etmişdir. Məcəllənin 12.0.3-cü maddəsinə görə ər və arvaddan biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Həmin Məcəllənin 11.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz. Həmçinin Ailə qanunvericiliyi ilə nikahın etibarsız sayılmasının şərtləri və nikahın etibarsız sayılmasının nəticələri müəyyən edilmişdir. Ailə Məcəlləsinin 25-ci maddəsinə görə nikah məhkəmə qaydasında etibarsız sayılır. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Eyni zamanda, ailə qanunvericiliyi nikahın etibarsız sayılmasını tələb etmək hüququ olan şəxslərin dairəsini də dəqiq müəyyən etmişdir. Belə ki, Ailə Məcəlləsinin 26-cı maddəsinə əsasən nikahın etibarsız sayılmasını tələb etmək hüququna nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu; pozulmamış əvvəlki nikah üzrə ər (arvad); saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad) malikdirlər. Mülki işin materiallarından görünüdüyü kimi iddiaçı X8 ilə İddiaçı 05 fevral 1994-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar və bu barədə Bakı şəhəri Binəqədi rayonu Qeydiyyat şöbəsində nikah qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X8 ilə Cavabdeh 25 avqust 1994-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar və bu barədə Bakı şəhəri Xəzər (Əzizbəyov) rayonu Qeydiyyat şöbəsində nikah qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. Göründüyü kimi iddiaçı X8 ilə İddiaçı rəsmi nikah münasibətlərində olduğu müddətdə digər şəxslər, yəni hazırkı mülki iş üzrə Cavabdeh ilə nikaha daxil olmuşdur. Yuxarıda qeyd edilən qanunvericiliyin tələblərindən və şərhlərdən görünüdüyü kimi Ailə qanunvericiliyinin tələblərinə əsasən ər-arvada arasında mövcud olan nikah münasibətləri məhz nikahın təknikahlılıq prinsipinə xidmət edir. Məcəllənin normalarına əsasən ər (arvad) nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz. Hazırkı mübahisə üzrə X3 İddiaçı ilə nikahları pozulmadan digər şəxslə nikaha daxil olması ailə qanunvericilinin tələblərinə ziddir. Mülki işin materiallarından görünüdüyü kimi iddiaçı ilə X8 rəsmi nikah münasibətlərində olmuşlar, həmin münasibətlərin mövcud olduğu zaman ərzində sonuncu tərəfindən digər şəxslə nikaha daxil olması iddiaçının ailə qanunvericiliyindən irəli gələn hüquqlarının pozulması nəticələnmişdir. Bu da özlüyündə onu deməyə rəvac verir ki, iddiaçının hazırkı mübahisə üzrə hüquqları pozulmuşdur. Hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəm hesab edir ki, iddia təmin edilməli, X8 ilə Cavabdeh arasında 25 avqust 1994-cü il tarixli Bakı şəhəri Xəzər (Əzizbəyov) rayon Qeydiyyat şöbəsində 346 nömrə ilə qeyd edilmiş nikah etibarsız hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. X8 ilə Cavabdeh arasında 25 avqust 1994-cü il tarixli Bakı şəhəri Xəzər (Əzizbəyov) rayon Qeydiyyat şöbəsində 346 nömrə ilə qeyd edilmiş nikah etibarsız sayılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar