Məhkəmə qərarları › İş №2(003)-753/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-753/2021

09.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-753/2021 09.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “yaşayış sahəsində istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı “yaşayış sahəsində istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanı onun mülkiyyətindədir. Qeyd edilən ünvanda hal-hazırda öz ailə üzvləri ilə birlikdə yaşayır. Həmin evi 10 avqust 2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh5 əldə etmişdir. O, bu yaxınlarda Asan Xidmətə yaşayış yerindən arayış almaq üçün müraciət etdikdə ona məlum oldu ki, ona məxsus sözügedən məNzildə ona məlum olmayan şəxslər pasport qeydiyyatındadır. O, bundan sonra bu barədə ASAN Xidmətə və Polis İdarəsinin Pasport bölməsinə şifahi olaraq müraciət etdikdə ona bildirdilər ki, o, məhkəməyə müraciət etməlidir. O, hal-hazırda çıxılmaz vəziyyətdə qalıb cavabdehlərin harada yaşaması ona məlum deyil və cavabdehlərin onun evində pasport qeydiyyatında qalması onun üçün maddi problemlər yaradır. Cavabdehlərin əvəzinə kommunal xidmət haqlarını ödəmək onun maddi və sosial çətinliklərini artırır. Ona görə də Cavabdeh1, Cavabdeh2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ünvan 1 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 məhkəmə iclasında iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, qeyd edilən ev iddiaçıya məxsusdur. Eyni zamanda izahatında bildirdi ki, digər cavadehlər Cavabdeh1 və Cavabdeh6 onun nəvələridir. Cavabdeh4 onun keçmiş həyat yoldaşıdır. Cavabdeh2 və Cavabdeh3 onun oğullarıdır. Həmin yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsinə etiraz etmir və bu barədə yazdığı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 oxşar izahat verərək iddia tələbini qəbul etdilər və həmin yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsinə etiraz etmirlər. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan AN – İ № ******* saylı 10 avqust 2020 il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh5 Bakı şəhəri Xəzər rayonu, Şağan qəsəbəsi, Qəmər Almaszadə küçəsi 3 saylı evi İddiaçı satmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu, Şağan qəsəbəsi, Qəmər Almaszadə küçəsi 3 saylı ev xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 iddiaçıya məxsus mənzildə qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş 05 sentyabr 2008-ci il tarixli “Bağışlama müqaviləsi”nin surətindən görünür ki, X1 Bakı şəhəri Əzizbəyov rayonu ( indiki Xəzər rayonu) Şağan qəsəbəsi, Qəmər Almaszadə küçəsi 3 saylı evi Cavabdeh5 bağışlamışdır. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, 10 avqust 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu, Şağan qəsəbəsi, Qəmər Almaszadə küçəsi 3 saylı evi İddiaçı satmışdır. Mübahisəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 hazırda həmin mənzildə qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Əlavə Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, “Mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 4-cü bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, cavabdehlərin mənzildə qeydiyyatda qalmaları iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarı ilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyrihüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. İddiaçıya məxsus mənzil uzun müddət ərzində başqa ünvanda yaşayan cavabdehlərin yaşayış yeri sayılmadığından, eləcə də, yalnız öz yaşayış yerini müəyyən müddətə tərk etmiş şəxslər yaşayış yerini itirmədiyindən, cavabdehlərin isə iddiaçıya məxsus evi müəyyən müddətə deyil, iddiaçıya satılması ilə bağlı daimi yaşamaq üçün başqa ünvana köçüb getməsi ilə əlaqədar tərk etdiyi, bununla da qeydiyyatda olduğu həmin evdən istifadə hüquqlarını itirməsi tam təsdiq olunduğundan, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Bakı şəhəri Xəzər rayonu, Şağan qəsəbəsi, Qəmər Almaszadə küçəsi 3 saylı evə olan istifadə hüquqları 10 avqust 2020-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlandığı tarixdə artıq itirilmişdir. Yuxarıda qeyd olunanlara və qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Bakı şəhəri Xəzər rayonu, Şağan qəsəbəsi, Qəmər Almaszadə küçəsi 3 saylı evə olan istifadə hüquqları alqı-satqı müqaviləsinin bağlandığı 10 avqust 2020-ci il tarixdə artıq itirildiyindən, həmin hüququn itirilmiş hesab edilməsi barədə iddia tələbi rədd edilməlidir. Məhkəmədə iddiaçı tərəf cavabdehlərin istifadə hüququnun itirilməsi barədə tələb irəli sürməsini onların həmin mənzildən qeydiyyatdan çıxara bilmədiyi ilə əsaslandırmışdır. Belə olan halda hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlərin iddiaçının mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Belə ki, həmin maddəyə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Odur ki, şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmadığının müəyyən edilməsi həmin maddənin göstərişinin mənasına uyğundur, şəxsin qeydiyyatdan çıxarılmasına əsas verir. Eyni zamanda məhkəmə qeyd edir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə hesab edir ki, mənzildən istifadə hüququ olmayan cavabdehin iddiaçının (mülkiyyətçinin) iradəsinə zidd olaraq onun mənzilində yaşayış yeri üzrə qeydiyyatda qalması mülkiyyətdən maneəsiz istifadə hüququna xələl gətirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (maddə 218.3). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı “yaşayış sahəsində istifadə hüququnun itirilmiş hesab edilməsi” dair iddia tələbi rədd olunsun. Qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Bakı şəhəri Xəzər rayonu, Şağan qəsəbəsi, Qəmər Almaszadə küçəsi 3 saylı evdən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar