Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-763/2024 06.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat və ödənilmiş dövlət rüsumuna görə 70 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, Cavabdeh iddiaçının əri olmuşdur. Onlar 2013-cü il tarixdə avtomobil almışlar. Cavabdehin sürücülük vəsiqəsi olmadığı üçün iddiaçı bacısı Güneldən xahiş etmişdir ki, cavabdeh üçün bankdan kredit götürsün. Bacısı Günel 1200 ABŞ dolları məbləğində kredit götürmüşdür. İddiaçı da həmin puldan cavabdehə 900 manat vermişdir. Həmçinin, iddiaçı 2014-cü il tarixdə cavabdehin xəstəliyi ilə əlaqədar yenidən bankdan kredit götürməli olmuşdur ki, bu da faizi ilə birlikdə təxminən 5000 manat etmişdir. Götürdüyü həmin pul məbləğini də cavabdehə vermişdir. Sonradan iddiaçı cavabdehdən verdiyi pulları geri tələb etsə də, cavabdeh ondan götürdüyü pulları geri qaytarmaq niyyətində olmadığını bildirmişdir. Bununla bağlı polis şöbəsində araşdırma aparılmış və cavabdeh verdiyi izahatda həqiqətən iddiaçının ona pul verdiyini etiraf etmişdir. Lakin, iş mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bu səbəbdən iddiaçı məcbur qalıb mövcud tələblə məhkəməyə müraciət etməli olmuşdur. 3 illik iddia müddəti ilə bağlı bildirir ki, həmin müddət əqdə aiddir və öhdəlik bankla iddiaçının bacısı arasında mövcud olduğundan hazırkı halda iddia müddəti ötürülməmişdir. 10 illik ümumi iddia müddəti də ötürülməmişdir. Belə ki, iddiaçı xx.xx.2014-cü il tarixdə evdən çıxmışdır. İddia ərizəsi ilə isə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Cavabdeh borcu ödədiyini bildirsə də, bu barədə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Rəşadın verdiyi pulları onun özünün götürdüyü digər kreditləri ödəmək üçün vermişdir. Onda olan kartlarda olan pulları birgə yaşadıqları müddətdə ərzaq üçün xərcləmişdir. 1250 manat məbləğində pulu cavabdehin “Funda” klinikasında əməliyyatı üçün verilmişdir. Rəşadın adına kifayət qədər kredit götürüldüyünə görə məcburi olaraq bacısının adına kredit götürmüşdür. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, iddiaçı tərəfin polis orqanlarına verdikləri şikayət ərizəsində məbləğ 12000 manat qeyd edilsə də, izahatlarında 16000 manat qeyd edilmişdir. Hazırda isə 5000 manat iddia olunur. Hazırkı iddiaçı və cavabdeh əsl iddiaçı və əsl cavabdeh deyillər. İddiaçı qismində iddiaçının bacısı Günel olmalı idi. Müqavilə münasibətləri üzrə iddia müddəti 3 ildir. Hazırkı iddia tələbi ilə isə 2023-cü ilin son ayında müraciət edilmişdir. İddia müddəti ötürülmüşdür. İddiaçının cavabdehə qarşı iddia qaldırmağa subyektiv hüququ yoxdur. İddiaçı tərəfin təqdim etdiyi səs yazısı qanunsuzdur. Əgər cavabdeh iddiaçının pulunu qaytarmayıbsa, bu neçə illər ərzində o, polis və ya məhkəməyə müraciət edə bilərdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, həmin vaxtlar mühafizə olaraq işləmişdir. Əmək haqqı 200 manat təşkil etmiş və həmin məbləği krediti ödəmək üçün iddiaçıya vermişdir. Bütün kartlar iddiaçıda olmuşdur. Qardaşı da işləyərək onlara maddi yardım etmişdir. Aybaay pul olduqca pulu anasına vermişdir. Anası da iddiaçıya pulu təhvil vermişdir. Onun xəstəliyi ilə bağlı bütün pulları Həqiqət vermişdir. Həkimlərlə Həqiqət əlaqə qurmuşdur. Həqiqətin bacısından aldığı pulla əməliyyat olunmuşdur. Eyni zamanda sürücülük vəsiqəsi almaq üçün də pulu Həqiqət bacısından alaraq ona vermişdir. Məhkəmə iddiaçının vəkilinin, iddiaçının, cavabdehin və cavabdehin vəkilinin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh tərəfindən polis orqanlarına verilmiş izahatdan görünür ki, o, sürücülük vəsiqəsi üçün İddiaçı 900 manat, əməliyyatına görə isə 1000 manat məbləğində pul aldığını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarından görünür ki, yazılı müqavilələrin bağlanma üsullarından biri tərəflərin onu imzalamasıdır. Yazılı formalı müqavilələr iki üsulla bağlanır. Birinci üsul bir sənəd tərtib etməkdən ibarətdir. Sənəd tərtibi yolu ilə bağlanan müqavilə onun şərtlərini əks etdirir və müqaviləni bağlayan tərəflər onu imzalayırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı 1900 manat borc almış, lakin borcunu qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn borcun qaytarılması ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc alınmasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh qaytarılmamış borca görə 1900 manat alınaraq İddiaçı ödənilməlidir. Məhkəmədə müəyyən edildi ki, tərəflər 2014-cü il tarixindən etibarən ayrı yaşayırlar. Birgə nikahları dövründə bankdan götürülən kredit vasitəsilə cavabdehin sürücülük vəsiqəsi alması üçün və onun əməliyyat xərcləri üçün istifadə edilmişdir. Lakin, həmin məbləğin iddiaçının tələbində qeyd etdiyi kimi 5000 manat olması iddiaçı tərəfindən sübut edilməmişdir. Cavabdeh özü də polis orqanlarına izahat verərkən sürücülük vəsiqəsi üçün 900 manat, əməliyyatı üçün isə 1000 manat məbləğində pul götürdüyünü etiraf etmişdir. Məhkəmə cavabdehin vəkilinin iddiaçının əsl iddiaçı olmaması və iddia müddətinin ötürülməsi ilə bağlı mülahizəsinə əsasən bildirir ki, bankdan kredit iddiaçının bacısının adına götürülsə də, həmin məbləğ faktiki olaraq iddiaçının ailəsinə verilmiş və onların mülkü hesab edilmişdir. Bu səbəbdən iddiaçının hazırkı iddia tələbini qaldırmağa subyektiv hüququ vardır. Müqavilə tələbləri üzrə 3 illik iddia müddəti ilə bağlı məhkəmə hesab edir ki, həmin müddət bank və borclu arasında mövcud olan öhdəliklə bağlı mübahisələrə aiddir və hazırkı işə aidiyyatı yoxdur. Həmçinin iddiaçı ilə cavabdehin faktiki ailə münasibətlərinə 2014-cü il tarixdə iddiaçının evdən getməsi ilə xitam verilmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə isə 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Bununla da ümumi iddia müddəti olan 10 illik müddət də ötürülməmiş hesab edilməlidir. Beləliklə də müəyyən edilir ki, iddiaçının bacısının adına götürülən kreditlərlə ailə ehtiyacları xaricində, cavabdeh üçün sərf edilən məbləğ cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Həmin məbləğ iddiaçının iddia tələbində qeyd etdiyi miqdarda yox, 1900 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi qismən təmin edildiyindən 39 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh 1900 manat məbləğində və ödənilmiş dövlət rüsumuna görə 39 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 1900 manat məbləğində və ödənilmiş dövlət rüsumuna görə 39 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Dövlət rüsumunun qalan hissəsi- 31 manat məbləğində pul iddiaçının özünə aid edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-763/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-763/2024
06.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver