Məhkəmə qərarları › İş №2(003)-805/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-805/2022

01.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-805/2022 01.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Ərizəçi, onun vəkili X2, Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X3 iştirakları ilə Ərizəçi şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçi ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, 1983-cü ildən Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 27 fevral 1977-ci il tarixdə RSFSR Moskva əyaləti Lüberetski rayonu Kotelniki kəndində doğulmuşdur. Atası X12, anası X11. Atası ilə anası Rusiya Federasiyasında yaşayan zaman ayrılmışlar və o, 1983-cü ildə anası, qardaşı X15 və anasının faktiki nikah münasibətlərində olduğu X1 birlikdə daimi yaşamaq üçün Azərbaycan Respublikası Bakı şəhərinə gəlmişdir. Qardaşı sonradan Moskva şəhərinə getmişdir və həmin vaxtdan orada yaşayır. Anası ilə X4 17 mart 1986-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra anasına Kozubenko soyadı verilmişdir. 19 sentyabr 1986-cı il tarixdə Bakı şəhəri Şaumyan rayonu İcraiyyə Komitəsinin Daxili İşlər Şöbəsi tərəfindən anasına Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının pasportu verilmişdir. Bakı şəhərində o, anası və anasının həyat yoldaşı X4 anasına məxsus ünvan 1 ünvanında yaşamışlar. Daha sonra anası mənzilini satmış və onlar ünvan 2 ünvanında kirayədə yaşamağa başlamışlar. Anası 12 aprel 2016-cı il tarixdə ölmüşdür. 2017-ci ildən isə həyat yoldaşı və qızı ilə birlikdə Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Sahə 2/40 ünvanında özünə məxsus fərdi yaşayış evində yaşayır. O, Bakı şəhəri Xətai rayonu Ə.Abbasov adına 257 №-li tam orta məktəbdə orta təhsil almış və 97 nömrəli əmrə əsasən 30 sentyabr 1992-ci il tarixdə 8-ci sinifdən çıxmışdır. 19 iyul 1995-ci il tarixdə Bakı şəhəri Xətai rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Bakı Qarnizonu Hərbi Tribunalının 08 yanvar 1997-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 242-ci maddəsinin “a” bəndinə əsasən təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin “Amnistiya haqqında” 17 oktyabr 1997-ci il tarixli Qərarının 1-ci maddəsinin 3-cü bəndinə əsasən 07 noyabr 1997-ci il tarixdə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. 21 oktyabr 2004-cü il tarixdə X16 ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan bir uşağı var: 09 yanvar 2004-cü il təvəllüdlü X10. O, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin alınması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Nazirliyin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən ona ünvanlanmış 27 avqust 2020-ci il tarixli məktubda “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq vətəndaşlıqla bağlı məsələlər Dövlət Miqrasiya Xidmətinin səlahiyyətlərinə aid olduğundan aidiyyəti üzrə həmin Xidmətə müraciət etməsinin məqsədəmüvafiq olması, eyni zamanda Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanındığı və ya Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunduğu halda Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə sənədləşdiriləcəyi bildirilmişdir. Bu səbəbdən o, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir və Xidmət tərəfindən verilmiş ******* №-li 29 oktyabr 2020-ci il tarixli arayışa əsasən onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Eyni zamanda, o, doğulduğu Rusiya Federasiyasının vətəndaşı olmaması barədə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinə müraciət etmişdir. X6 tərəfindən verilmiş 12 yanvar 2022-ci il tarixli arayışdan görünür ki, o, Rusiya Federasiyasının vətəndaşlığını qəbul etməmişdir və vətəndaşlıq haqqında Rusiya Federasiyasının qanunvericiliyinə müvafiq olaraq Rusiya Federasiyasının vətəndaşı deyildir. Göründüyü kimi, o, 1983-cü ildən etibarən hal-hazıra kimi Azərbaycan Respublikasında daimi yaşamasına və heç bir dövlətin vətəndaşlığına mənsub olmamasına baxmayaraq bugünədək Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilməmişdir. Vətəndaşlığı olmadığından o, şəxsiyyət vəsiqəsi də ala bilmir. Şəxsiyyət vəsiqəsinin olmaması ona çoxsaylı çətinliklər yaradır. Belə ki, o, şəxsiyyət vəsiqəsi olmadığından heç bir müəssisədə rəsmi işə qəbul oluna, adına əmlak ala, heç bir sənədləşmə işlərini apara bilmir. Anasının ölüm haqqında tibbi şəhadətnaməsi olsa da, şəxsiyyət vəsiqəsi olmadığından həmin şəhadətnamə əsasında ölüm haqqında şəhadətnamə də ala bilmir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi, məzmununa oxşar izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçinin vəkili X7 ərizənin əsaslı olduğunu qeyd etməklə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X8 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: 14 fevral 1986-cı il tarixdə verilmiş V-ИK 269682 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi 27 fevral 1977-ci il tarixdə RSFSR Moskva əyaləti Lüberetski rayonu Kotelniki kəndində doğulmuşdur, atası X12, anası X11. Qəbələ rayon VVADQ şöbəsi tərəfindən 21 oktyabr 2004-cü il tarixdə verilmiş AZ-İ 135441 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 21 oktyabr 2004-cü il tarixdə Ərizəçi ilə X16 arasında akt qeydləri kitabında 134 №-li qeyd aparılmaqla rəsmi nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Eyubov soyadı verilmişdir. ASAN 1 tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZE 16195233 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 13 dekabr 1977-ci il tarixdə Qəbələ rayonunun Nic kəndində doğulmuşdur, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Sahə 2/40 ünvanında qeydiyyatdadır. Qəbələ rayon VVADQ şöbəsi tərəfindən 21 oktyabr 2004-cü il tarixdə verilmiş AZ-İ 510275 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 09 yanvar 2004-cü il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X13, anası X14r. AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 09 yanvar 2004-cü il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsi tərəfindən verilmiş 630 №-li 03 noyabr 2020-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri Xətai rayon Hərbi Komissarlığı tərəfindən 19 iyul 1995-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Hal-hazırda Ərizəçi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsində hərbi qeydiyyatdan keçmir. Bakı şəhəri Ədalət Abbasov adına 257 №-li tam orta məktəb tərəfindən verilmiş 327 №-li 01 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri Ə.Abbasov adına 257 №-li tam orta məktəbində təhsil almış və 97 nömrəli əmrə əsasən 30 sentyabr 1992-ci il tarixində 8-ci sinifdən çıxmışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş ******* №-li 29 oktyabr 2020-ci il tarixli arayışa əsasən Ərizəçi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusu Nadir Vədətov tərəfindən 18 sentyabr 2020-ci il tarixdə təsdiq edilmiş ərizədən görünür ki, Ərizəçi Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi yeni yaşayış sahəsi 2/40 ünvanında qeydiyyatsız yaşayır. Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi Konsulluq şöbəsi tərəfindən verilmiş 12 yanvar 2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Rusiya Federasiyasının vətəndaşlığını qəbul etməyib və vətəndaşıq haqqında Rusiya Federasiyasının qanunvericiliyinə müvafiq olaraq Rusiya Federasiyasının vətəndaşı deyildir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş 018-448492-3220 №-li 27 avqust 2020-ci il tarixli məktuba əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq vətəndaşlıqla bağlı məsələlər Dövlət Miqrasiya Xidmətinin səlahiyyətlərinə aid olduğundan ərizəçiyə aidiyyəti üzrə həmin Xidmətə müraciət etməsinin məqsədəmüvafiq olması, eyni zamanda Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanındığı və ya Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunduğu halda Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə sənədləşdiriləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 6 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən verilmiş 17122-3177 №-li arayışdan görünür ki, Ərizəçi Bakı Qarnizonu Hərbi Tribunalının 08 yanvar 1997-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 242-ci maddəsinin “a” bəndinə əsasən təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin “Amnistiya haqqında” 17 oktyabr 1997-ci il tarixli Qərarının 1ci maddəsinin 3-cü bəndinə əsasən 07 noyabr 1997-ci il tarixdə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyi 85 №-li mənzil İstismar Sahəsi tərəfindən verilmiş 17 may 2000-ci il tarixli arayışdan görünür ki, Ərizəçi anası 1953-cü il təvəllüdlü X9 və atalığı X1 birlikdə ünvan 7 ünvanında yaşayır. Qardaşı X15 isə Moskva şəhərində yaşayır. 02 iyun 2016-cı il tarixdə verilmiş AZS-106 №-li ölüm haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, X9 12 aprel 2016-cı il tarixdə Bakı şəhərində ölmüşdür. 19 sentyabr 1986-cı il tarixdə Bakı şəhəri Şaumyan rayonu İcraiyyə Komitəsinin Daxili İşlər Şöbəsi tərəfindən X5 Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının pasportu verilmişdir. Həmin pasportdan görünür ki, X9 17 mart 1986-cı il tarixdə X1 rəsmi nikaha daxil olmuşdur, nikah bağlandıqdan sonra arvada Kozubenko soyadı verilmişdir. Həmin pasportdan görünür ki, ərizəçinin anası X9 xx.xx.1983-cü il tarixdə yaşayış yeri üzrə Bakı şəhəri Şaumyan rayonunda pasport qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1. maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 305.1.1. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1. maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.10-1. maddəsinə əsasən məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. 310.2. maddəsinə əsasən bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını, eyni zamanda, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, iş üzrə müəyyən olunmuş hallar bir-birini tamamlayır və təsdiq olunur ki, Ərizəçi 1983-cü ildən halhazıradək Azərbaycan Respublikasında daimi yaşayır və heç bir dövlətin vətəndaşlığına mənsub deyildir. Bu səbəbdən ərizə təmin edilərək, həmin fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : Ərizə təmin edilsin. Ərizəçi 1983-cü ildən hal-hazıradək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar