Məhkəmə qərarları › İş №2(003)-806/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-806/2023

18.05.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-806/2023 18.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı Orucova (Ələkbərova) Dürdanə Vidadi qızının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə İddiaçı Orucova (Ələkbərova) Dürdanə Vidadi qızının Cavabdeh qarşı mənzilə köçürülmə və evdən istifadə qaydalarının tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Orucova (Ələkbərova) Dürdanə Vidadi qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Orucova (Ələkbərova) Dürdanə Vidadi qızının ümumi birgə təsərrüfat aparılan dövrdə tikilmiş Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış massivi 3cü evə köçürülməsi; evdən istifadə (yaşayış) qaydalarının müəyyən edilməsi - bilavasitə iki azyaşlı övladının iddiaçının himayəsində olduğu nəzərə alaraq evin iki otağının, sanitar qovşağının və mətbəxinin yaşayış üçün iddiaçıya ayrılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. X7 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Orucova (Ələkbərova) Dürdanə Vidadi qızı ilə Cavabdeh 22 noyabr 2014-cü il tarixdə evlənərək ailə qurmuşlar. Bu izdivaclarından 14 avqust 2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X8 adında övladları dünyaya gəlmişdir. Evlilik dövründə bir çox mübahisələri olmuşdur. Mübahisələri əsasən əri və iş üzrə Cavabdeh tez-tez xəyanət etməsi səbəbindən yaşanmışdır. Onlar ailə qurduqdan sonra Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivində ev tikilmişdir. Ev İddiaçı Orucova (Ələkbərova) Dürdanə Vidadi qızının atasının vəsaiti hesabına tikilmişdir. Evin təmiri isə iddiaçıya hədiyyə verilmiş qızılların lombarda qoyularaq götürülmüş pulun hesabına həyata keçirilmişdir. Üç otaqlı, sanuzel qovşağı (hamam və tualet), mətbəxdən və dəhlizdən ibarət olan ayrıca yaşayış sahəsidir. Kifayət qədər böyük tikilidir. Aralarında olan sonuncu mübahisədən sonra əri və iş üzrə Cavabdeh tərəfindən İddiaçı övladları Dilək Ələkbərli və Aylin Ələkbərli ilə birlikdə evdən qovulmuşlar. Bütün cehiz, geyim, özünün şəxsi əşyaları, uşaqlarının şəxsi əşyaları evdə qalmışdır. Evin kommunal xərclərini və əmlak vergisini İddiaçı ödəmişdir. Bilavasitə evin qaz sayğacı, bələdiyyəyə ödənilən torpaq və əmlak vergisi iddiaçının adınadır. İddia ərizəsinə əlavə edilmiş 2(008)-2341/2022 saylı, xx.xx.2022 tarixli Sabunçu Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, iddiaçı X5 Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında saxlanması və aliment" barədə iddiası təmin edilmiş və nikahları pozulmuşdur. İddiaçı X5 ilə Cavabdeh arasında Bakı şəhəri Xəzər Rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1334 nömrəli akt qeydi ilə tərtib olunmuş 22 noyabr 2014-ci il tarixli nikah pozulmuş, övladları 14 avqust 2019-cu il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X8 iddiaçı X1 himayəsində saxlanılmışdır. Qətnamədən də göründüyü kimi cavabdeh ailəsinə, uşaqlarına heç bir zaman ayırıb onlarla maraqlanmamış, onunla bu barədə danışanda da iddiaçını ölümlə, uşaqları əlindən alacağı ilə hədələmiş, onu təzyiq altında, özündən asılı vəziyyətdə saxlamaq istəmişdir. Məhkəmənin qərarı ilə hər bir uşaq üçün 193,0 manat aliment tutulmasına baxmayaraq, cavabdeh tərəfindən ödənişlər edilmir. Bu günə 2500,0 manat aliment borcu yaranmışdır. Evin təmiri üçün iddiaçıya hədiyyə verilmiş (toy və nişan zamanı) qızılların lombarda qoyularaq götürülmüş krediti də cavabdeh məqsədyönlü şəkildə ödəmir. Həmin kredit İddiaçı tərəfindən ödənilir. Göründüyü kimi, faktiki olaraq onların bir dam altında yaşaması mümkün deyil, müvafiq olaraq evdən istifadə-yaşayış qaydaları müəyyən edilməli, evin otaqları tərəflər arasında bölünməli, qapılar ayrılmalıdır. İddia ərizəsinə əlavə edilmiş Xəzər Rayon Polis İdarəsinin xx.xx.2022 tarixli, № 055-26834-1222 saylı məktubuna qoşma edilmiş xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Qərardan göründüyü kimi iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə mübahisə olmuş, mübahisə əsnasında Cavabdeh tərəfindən İddiaçı (Ələkbərovaya) fiziki təzyiqlər edilmiş, ona xəsarətlər yetirilmişdir. İddiaçı cavabdehdən qaçaraq küçəyə çıxmış, küçədə tanımadığı bir şəxsin telefonu ilə 102 xidmətinə məlumat vermişdir. Bu hadisədən sonra cavabdeh iddiaçını evdən qovduğunu və bir daha evə buraxmayacağını bildirmişdir. Faktiki olaraq İddiaçı atasının vəsaiti ilə tikilmiş evdən şəxsi əşyalarını belə götürə bilməmişdir. İddia ərizəsinə əlavə edilmiş 12031xxxxxxx saylı kod üzrə Qala Bələdiyyəsinə ödənilmiş xx.xx.2021-ci il tarixli qəbzlərdən göründüyü kimi adı çəkilən Qala qəsəbəsi, Yeni yaşayış massivində yerləşən torpaq və üzərində yerləşən əmlak (ev) vergisi X5 tərəfindən ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş Bakı 4 saylı Mediasiya Təşkilatının arayışından göründüyü kimi Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Müvafiq olaraq X15 Qafarov tərəfindən bu barədə xx.xx.2022-tarixli, MŞB/4-01839 saylı "İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayış verilmişdir. Mübahisə edilən Xəzər rayonu, Qala qəsəbəsi, Yeni Yaşayış massivindəki 3-cü evin xüsusi mülkiyyət və ya icarə hüquq əsaslı sənədi olmasa da, evin kommunal ödənişlərinin bəzisi və torpaq vergisi, həmçinin əmlak vergisi iddiaçının adınadır. İddiaçının orada yaşayış hüququ və həmin evdən istifadə hüququ vardır. Bildirilir ki, İddiaçı birgə nikah dövründə inşa etdikləri sözügedən evdən başqa yaşayış yeri yoxdur. Buna görə də iddiaçı birgə təsərrüfat aparılmış dövrdə atasının vəsaiti hesabına tikilmiş və ümumi birgə əmlak olan həmin evə köçürülməli, ev iddiaçı və cavabdeh üçün ayrıca yaşayış otaqlarına bölünməli və evdən ümumi istifadə-yaşayış qaydaları müəyyən edilməlidir. Həmçinin bu zaman övladlarının anasının, yəni iddiaçının himayəsində qalması, üç nəfər olması nəzərə alınmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli mənzil 2017-ci ildə tikilməyə başlanılmışdır. 2021-ci ildə həmin mənzilə köçmüşlər. Həmin mənzil xərcləin onun atası çəkmişdir. Həmin mənzilin tikintisənə görə hələ də ustalara borcu vardır. Mənzilin qaz sayğacı onun adınadır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədi və etirazını onunla əsaslandırdı ki, mübahisəli ev onun deyil, anasınındır. Onlar ailə qurduqdan sonra bir müddət anasının yanında qalıblar. Sonra onlar iddiaçının təkidi ilə bir müddət kirayədə yaşamışlar. Bundan sonra onlar iddiaçının atasına məxsus evdə yaşamışlar. Həmin dövrdə o, anasının köməkliyi ilə hazır ki, mübahisəli mənzili tikilmişdir. O, bildirir ki, iddiaçının atası ora hər-hansı xərc çəkməyib. Dürdanənin atası usta olduğundan evin tikilməsinə kömək edib, o da tikintinin pulunu verib. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 izahatında bildirdi ki, adı çəkilən fərdi yaşayış evinin yerləşdiyi toroaq sahəsi ona aiddir. Torpaq sahəsinin sənədləri mövcud deyil. O həmin ərazidə uzun müddətdir yaşayır. X14 İddiaçı ilə ailə urduqdan sonra bir müddət ona məxsus evdə yaşayıblar. Sonra həmin torpaq sahəsndə onlara özlər üçün ev tikmələrinə icazə verdim. Həmin ev dam örtüyünün xərcini o çəkmişdir. Qalan tikinti işlərini oğlu etmişdir. Onun razılığı olmadan Torpaq sahəsini hasar çəkməklə iki hissəyə bölüblər. Həmin hasarıda o söküb. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməlidir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-2341/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X5 ilə Cavabdeh arasında Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1334 nömrəli akt qeydi ilə tərtib olunmuş 22 noyabr 2014-cü il tarixli nikahın pozulması, birgə nikahdan doğulmuş 14 avqust 2019-cu il təvəllüdlü X9 və 18 iyun 2021-ci il təvəllüdlü X6 iddiaçı X1 himayəsində saxlanılması, Cavabdeh xx.xx.2022-ci il tarixdən etibarən (Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli MTT(008)-104/2022 saylı müvəqqəti alimentə dair qərardadı nəzərə alınaraq) X5 ilə Cavabdeh birgə nikahından olan 14 avqust 2019-cu il təvəllüdlü X4 və xx.xx.2021 -ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment alınaraq X3 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında Xəzər RPİ-nin xx.xx.2022-ci il tarixli qərarında görünür ki, Orucova (Ələkbərova) Dürdanə Vidadi qızının ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə barəsində inzibati təsir tədbirləri görülməsi məqsədi ilə qərarın surəti icra olunması üçün Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə göndərilmişdir.dir. Xəzər RPİ-nin qeyd olunan qərarı ilə müəyyən edilmişdir ki, D.Ələkbərova ərizə ilə şöbəyə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə yaşadığı evdə keçmiş həyat yoldaşı Cavabdeh tərəfindən döyülmüş və evdən qovulmuşdur. İş materiallarından görünür ki, Qala bələdiyyəsi tərəfindən X3 yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamə verilmişdir. İşdə olan abonent saldosunun surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ünvanında X3 məxsus qaz xətti **********01778 abonent kodu ilə qeydə alınmışdır. (sayğacın quraşdırılma tarixi xx.xx.2021) İşdə olan ödəniş qəbzlərinin surətlərindən görünür ki, X5 tərəfindən xx.xx.2021-ci il tarixdə Qala bələdiyyəsinin hesabına pul ödənişləri həyata keçirilmişdir. Məhkəmə tərəfindən tərəflərin iştirakı ilə mübahisəli ünvanda aparılmış yerli baxış zamanı müəyyən edildi ki, mübahisəli ünvanda bir həyətdə iki ev mövcuddur. Evlərin arasında hasar yoxdur, lakin əvvəldən olmuş və sökülmüş hasar izi qalmaqdadır. Giriş qapısı daş hasarla tikilib bağlanmışdır. Həmin qapının qarşısından yerdən yüksəklikdə qaz borusu keçir. Mübahisəli ev yaşamağa yararlıdır. Evin içərisi demək olar ki, boşdur. Bir otaqda stol-stul, bir otaqda isə yerdə döşəklər mövcuddur. İşin halları ondan ibarətdir ki, iddiaçı Orucova (Ələkbərova) Dürdanə Vidadi qızı Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə ailə qurmuş, onların birgə nikahından iki uşağı, X9 və X8 dünyaya gəlmişdir. 2014-cü ildən hazırkı iş üzrə tərəflər mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ünvanında yerləşən cavabdehin anasına məxsus evdə, sonra isə həmin ünvanda yerləşən sonradan inşa olunmuş evdə yaşamağa başlamışlar. Mübahisəli mənzil tərəflərin nikahda olduqları dövrdə tikilib. Onlar həmin evdə birgə təsərrüfat aparmış, lakin sonradan ailə münasibətlərinin kəskinləşməsi nəticəsində onların münasibətləri pozulmuş və iddiaçı həmin evi tərk etməli olmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-2341/2022 saylı qətnaməsinə əsasən Orucova (Ələkbərova) Dürdanə Vidadi qızı ilə Cavabdeh arasında nikah pozulmuşdur. Eyni zamanda, məhkəmə iclasında müəyyən olunur ki, Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış massivi 3-cü fərdi yaşayış evi müvafiq icazə sənədləri alınmadan inşa edilmişdir və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməmişdir. Həmin evin hər hansı bir hüquqmüəyyənedici sənədi olmadığından özbaşına tikili sayılır. Göründüyü kimi, mübahisəli ev özbaşına tikilidir. Qanunvericilikdə isə özbaşına tikililərə dair mübahisələri həll etmək üçün birbaşa tətbiq edilən maddi hüquq normaları nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və onun qeyrimüəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Belə ki, iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlıdır və ölkə qanunvericiliyində özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması mövcud deyildir. Bununla belə qeyd olunmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur - həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Hazırki mübahisə isə özbaşına tikiliyə köçürülmə və ondan istifadə hüququnun tanınması ilə bağlı tələblərdir ki, Mülki Məcəllənin qeyd edilən normasında həmin münasibətləri tənzimləyən normalar yoxdur. Özbaşına tikilidən bir iqtisadi dəyər kimi yararlanmanı tənzimləyən norma(lar)ın mövcud olmadığına istinad etməklə, iddiaçının qeyd edilən evə köçürülməsi tələbinin rədd edilməsi mübahisə predmeti olan fərdi yaşayış evində yaşamış, həmin evdə faktiki sahibi ilə birlikdə təsərrüfat işləri aparmış və həmin evə münasibətdə artıq iqtisadi marağı formalaşmış iddiaçı Orucova (Ələkbərova) Dürdanə Vidadi qızına münasibətdə ədalətli məhkəmə araşdırması hüququnu məhdudlaşdıra bilər. Bu hal isə qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır və yolverilməzdir. Mübahisə, dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evə köçürülmə tələbinə dairdir. Ona görə də, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Beləliklə, məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Ailə qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Analoji mübahisələrin həlli ilə bağlı vahid məhkəmə təcrübəsinin yaranmasına zərurət var və Azərbaycan Respublikası Ali Məhkəməsinin bənzər işlərlə bağlı formalaşdırdığı mövqeyə görə, bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli evə köçürülməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə: ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Baxılan işdə iddiaçı cavabdehlə birgə nikah dövründə mübahisəli fərdi yaşayış evini birgə vəsait hesabına inşa etdirmiş, həmin evdə yaşamış və onlar birgə təsərrüfat aparmışlar. İşin mübahisə edilməyən halları ilə iddiaçının həmin evdə, cavabdehlə birgə təsərrüfat aparması, mübahisəli ev inşa edilərkən və evdə müəyyən təmir işləri aparılarkən iddiaçının həmin evdə yaşaması, iddiaçıya məxsus müəyyən əşyalarının hazırda da həmin evdə olması və hazırda iddiaçının yaşayış sahəsinə ehtiyacının olmasıdır. İddiaçı mübahisəli evdə cavabdehlə birgə yaşamaqla birgə təsərrüfatın aparılmasında iştirak etmişdir. İşin mübahisəli halları isə mübahisəli evin cavabdehin anasına məxsus olması, cavabdehin həmin evə hər-hansı aidiyyətinin olmaması və iddiaçının həmin evdə hər-hansı yaxşılaşdırma aparmamasıdır. İddiaçının cavabdehlə mübahisə yaranması səbəbindən mübahisə predmeti olan evdən müvəqqəti olaraq getməsi onun yaşayış yerini itirməsi üçün əsas olmamışdır. Belə ki, iddiaçıya məxsus müəyyən əşyaların hələ də mübahisəli evdə olması, iddiaçının cavabdeh tərəfindən döyülərək evdən qovulmasına dair şikayəti üzrə polis şöbəsində toplanmış materialın olması onun həmin evdən daimi olaraq getməsi faktını istisna edir. Bundan başqa, yuxarıda qeyd olunduğu kimi, iddiaçı köçdüyü evin tikilməsində və yaxşılaşdırılmasında iştirak etdiyini irəli sürmüş, cavabdeh isə evin tamamilə onun öz vəsaiti hesabına inşa edildiyini bildirmişdir. Özbaşına tikili hesab olunan evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. Məhkəmənin qənaətinə görə, mübahisəsi gedən tikilidə yaşamış iddiaçının evin cari təmirində və qorunub saxlanmasında iştirak etmədiyini qəbul etmək ağlabatan mühakimə əsasında mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşamış, cavabdehlə münasibətlərinin pozulması nəticəsində evdən çıxmaq məcburiyyətində qalmış, sonradan qayıtmaq istəsə də cavabdeh və üçüncü şəxs buna imkan verməmişlər. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçılara qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuş, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı uşağı ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir. Məhkəmə onu da qeyd edir ki, mübahisəsi gedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində yaşadığı və əşyalarının yerləşdiyi bu evdə yaşamaq hüququ vardır. İddiaçıya həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğu işin halları ilə sübut olunur. Buna görə də mübahisəli ev iddiaçının yaşayış yeri hesab edilməklə onun həmin evə köçürülməsi barədə iddia tələbi təmin edilməlidir. Məhkəmə iddia tələbinin mənzildən istifadə qaydasının müəyyən olunması hissəsinə münasibətdə qeyd edir ki, mövcud evin inşa olunması barədə müvafiq texniki sənədləri mövcud olmadığından və özbaşına tikinti olduğundan, həmin evdən istifadə qaydalarının müəyyən olunması barədə iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı Orucova (Ələkbərova) Dürdanə Vidadi qızı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivi 3 ünvanında yerləşən fərdi yaşayış evinə (İddiaçı Cavabdeh ilə birgə yaşadığı yeni tikiliyə) köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Orucova (Ələkbərova) Dürdanə Vidadi qızı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivi 3 ünvanında yerləşən fərdi yaşayış evinə (İddiaçı Cavabdeh ilə birgə yaşadığı yeni tikiliyə) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar