Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-854/2025 13.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı1, İddiaçı2, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh X2, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X3 qarşı “evə köçürülmə” ” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, “Qərib Piri”-nin yaxınlığında yerləşən beş otaqlı iki mərtəbəli fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasında göstərdi ki, sözügedən evi 2007-ci ildə uşaqları ilə birgə tikib. Təxminən 2009-2010-cu ildən orada yaşamağa başlamışlar. Nikah pozulduqdan sonra cavabdeh onları evə buraxmır. İddianın təmin olunmasını xahiş etdi. İddiaçı2 məhkəmə iclasında göstərdi ki, o Qarabağ qazisidir. Ona dövlət tərəfindən 2023-cü ilin dekabr ayında Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni ünvan 1, C bloku, 246 saylı 1 otaqlı mənzil verilib. Mübahisəli evi atası ilə birgə tikiblər. Özü evin tikintisinə 40000 manat xərcləmişdi. Hal-hazırda bu evdə yaşayış yoxdur. Anası qapını bağlayıb, öz bacısıgilə gedib və orada yaşayır. Anası üçün Qaradağ rayonunda ev tikib. İddianın təmin olunmasını xahiş etdi. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında göstərdi ki, münahisəli evin sənədi yoxdur. Həmin torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müqavilə var. Cavabdeh iddiaçıları həmin evə buraxmır. İddiaçıların başqa yaşayış yeri yoxdur. Ramal Bayıl qəsəbəsində öz evində yaşayır. Amal dənizdə işləyir. Cavabdeh 2018-ci ildən evdən çıxıb getmişdi. Hal-hazırda bu evdə heç kim yaşamır. İddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı3 məhkəmə iclasında göstərmişdir ki, mübahisənin sülh yolu ilə həll olunmasını istəyir, lakin cavabdeh bunu istəmir. İddianın təmin olunmasını xahiş etmişdi. İddiaçı3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh X4 məhkəmə iclasında göstərdi ki, tələbi qəbul etmir. İddiaçılar onu döyürlər. O vaxt atası ona Bərdə rayonunda ev verib və o evi satıb, sözügedən evi tikmişdi. İddianın rədd olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında göstərdi ki, iddiaçı evdən qaçmayıb və hal-hazırda bu evdə tək yaşayır. Calal isə 10 ildir ki, evdən çıxıb, Özbəkistan Respublikasına gedib. İddianın rədd olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını və şahidin ifadəsini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2007-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında 26 nömrəli müqavilədən görünür ki, X3 bağçılıq və ev tikmək məqsədi ilə Şağan qəsəbəsindən 300 kv.m torpaq sahəsi 57 il müddətinə icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər rayon Məhkəməsinin 2(003)-4215/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh Baloğan qızı ilə İddiaçı1 arasında olan xx.xx.2010-cu il tarixli nikah pozulması, nikah pozulduqdan sonra X1 Səfurə Baloğan qızının yanında qalması, uşağın saxlanılması üçün İddiaçı1 Cavabdeh Baloğan qızının xeyrinə hər ay 235 manat alimentin tutulması qət olunmuşdur. İş materiallarına əlavə olunan Xəzər RPİ-nin 1-ci PŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Cavabdeh Baloğan qızı 102 xidmətinə zəng edib, oğlu Amalın onu və qızını döyməsi barədə məlumat vermişdir. Lakin Cavabdeh Baloğan qızı izahatında bildirmişdir ki, münaqişə olduğu üçün döyülməsi barədə yanlış məlumat vermişdir. İddiaçı3 izahatında bildirmişdir ki, anasını və bacısını döyməmiş və heç bir xəsarət yetirməmişdir. İş materiallarında olan Xəzər rayon Məhkəməsinin 2(003)-3294/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, Xəzər rayon İcra Hakimiyyətinin İddiaçı1 qarşı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, ərazsisində cavabdeh İddiaçı1 tərəfindən inşa edilmiş qanunsuz tikilinin sökülməsi və ərazinin boşaldılması barədə iddia tələbi əsassız olduğundan rədd edilməsi qət olunmuşdur. İş materiallarına əlavə edilən Şağan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı1 illər öncə Şağan qəsəbəsi, yeni yaşayış massivində müvafiq sənədlər əsasında torpaq sahəsi almış və həmin ünvanda 1 mərtəbəli fərdi yaşayış evi inşa etmişdir. Təqribən 10 ilə yaxın həmin ünvanda ailə üzvləri (özü, yoldaşı və 3 uşağı) ilə birlikdə yaşamışdır. Sonradan ailədaxili söhbətlərin yaranmasına səbəb ailənin maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə X.İddiaçı1 həyat yoldaşı Cavabdeh işləmək qərarına gəlməsi olmuşdur. Bu da ailə başçısı İddiaçı1 tərəfindən birmənalı qarşılanmadığından, Cavabdeh azyaşlı qızı ilə birlikdə evi tərk etməsi ilə nəticələnmişdir. Müşahidələr zamanı həmin ünvanda olan işıq və qaz sayğaclarının İddiaçı1 adına qeydiyyatdan keçməsi müşahidə edilmişdir. İş materiallarına əlavə olunmuş Şağan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı1 təqribən 2019cu ildən Şağan qəsəbəsi, yeni yaşayış massivində yerləşən evindən çıxmış və bu günə qədər qeyd olunan ünvanda müntəzəm olaraq yaşamamışdır. İddiaçı2 və İddiaçı3 anaları Cavabdeh ilə birlikdə təqribən 2023-cü ilə qədər həmin ünvanda yaşamışlar. Son dövrlərdə yuxarıda adları qeyd olunan iddiaçılar həmin ünvana qayıtmağa cəhd göstərsələr də, onların həmin ünvana qayıtmasına Cavabdeh tərəfindən icazə verilməmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X5 bildirmişdi ki, cavabdeh onun xalasıdır. Xalası hal-hazırda o evdə tək yaşayır. Calalın o evdə yaşayıbyaşamamasını bilmir. Ramal və Amal isə təxminən 1 il olar ki, orada yaşamırlar. Amal Ramalın evində yaşayır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış nikah xx.xx.2024-cü il tarixdə pozulduğu üçün İddiaçı1 Cavabdeh keçmiş ailə üzvü hesab olunur və hal-hazırda İddiaçı1 yaşayış yeri olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı3 Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, “Qərib Piri”-nin yaxınlığında yerləşən beş otaqlı iki mərtəbəli fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. İddiaçı3 Cavabdeh oğlu olduğu üçün onun ailə üzvü hesab olunur və onlar arasında başqa razılaşma olmadığı üçün İddiaçı3 sözügedən evdən Cavabdeh ilə bərabər istifadə etmək hüququna malikdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı3 Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, “Qərib Piri”-nin yaxınlığında yerləşən beş otaqlı iki mərtəbəli fərdi yaşayış evinə köçürülməlidir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2025-ci il məktubundan görünür ki, İddiaçı2 Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 277 nömrəli Sərəncamı əsasında ikinci qrup Qarabağ müharibəsi əlili kimi 1 nəfər ailə tərkibi ilə (özü) yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəsinə alınmış və Agentlik tərəfindən xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Səbail Rayonu, Bibiheybət qəsəbəsi, Yeni ünvan 1 ünvanında 1 (bir) otaqlı mənzil ilə təmin olunmuşdur. Məhkəmədə müəyyən olundu ki, İddiaçı2 mənzil ilə təmin olunmuşdur. Məhkəmə İddiaçı2 faktiki yaşayış yerinin olmasını nəzərə alaraq hesab edir ki, İddiaçı2 evə köçürülmə tələbi əsassızdır və rədd olunmalıdır. Qeyd olununlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı1 və İddiaçı3 Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, “Qərib Piri”-nin yaxınlığında yerləşən beş otaqlı iki mərtəbəli fərdi yaşayış evinə köçürülsünlər. İddia qalan hissədə əsassız olduğundan rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-854/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-854/2025
13.10.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver