Məhkəmə qərarları › İş №2(003)-865/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-865/2023

12.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-865/2023 12.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu, Ərizəçi “vicdanlı alıcı hesab edilməklə avtomaşının üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 2017-ci il buraxılışlı olan WVZZZ2KZJX0279** ban nömrəsi, ağ rəngli, “Volkswagen Caddy” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə Ərizəçi MMC-ni vicdanlı alıcı hesab edilməklə avtomobilin üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmənin hansı “xüsusi icraat qaydasında işlər”ə baxması MPM-nin 305-ci maddəsində, hansı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər”ə baxması isə MPM-nin 307-ci maddəsində təsbit edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə təcrübəsi haqqında” 2019-cu il ** aprel 03 nömrəli qərarının 1.3-cü bəndinə əsasən, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Hazırkı ərizədən isə görünür ki, ərizəçi “Volkswagen Caddy” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair X4 ilə alqı-satqı müqaviləsi bağladığını, lakin avtomaşını alarkən həmin avtomaşının oğurluq olması və İnterpolda axtarışda olması barədə məlumatı olmadığını bildirir və vicdanlı alıcı kimi həmin avtomobilə mülkiyyət hüququnun tanınmasını xahiş edir. Göründüyü kimi, hazırkı ərizə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı deyildir. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, mövcud ərizəyə məhkəmə qaydasında baxılmalı deyildir. Buna görə də yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mövcud ərizəyə “xüsusi icraat qaydasında” məhkəmə qaydasında baxılmalı olmadığından, yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, xüsusi icraat qaydasında ərizənin qəbul edilməsindən imtina edilməsini müəyyən edən konkret norma olmadığından, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsinə dair münasibətləri nizama salan hüquq normaları tətbiq edilərək, ərizəçinin xüsusi icraat qaydasında ərizəsi, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsini müəyyən edən normaların tətbiq edilməsi ilə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası MPM-in 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-1-ci fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki ərizəyə məhkəmə qaydasında baxıla bilməz və ərizənin icraata qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Məhkəmə hesab edir ki, hazırkı ərizəyə məhkəmədə baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməli və ərizəçiyə bununla bağlı iddia icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi “vicdanlı alıcı hesab edilməklə avtomaşının üzərində mülkiyyət hüququnun tanınması” barədə ərizəsinin icraata qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. Ərizəçiyə ərazi üzrə müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar