Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-867/2023 13.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Xəzri Ramilə Həşim qızı, İddiaçı “torpaq sahəsinin boşaldılması tələbi”nə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Müəyyənetdi: İddiaçı “torpaq sahəsinin boşaldılması tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək sərəncamla ona məxsus olan, lakin onun mülkiyyətində olmayan torpaq sahəsindən M.A.T. oğlunun çıxarılması və ərazinin özü tərəfindən təmizlənərək onun mülkiyyətinə verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin forması Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Ona görə ki, iddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arsındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. Mövcud iddia ərizəsinin məzmunundan aydın görünür ki, iddiaçı iddia tələbini yönəltdiyi cavabdehi iddia ərizəsində cavabdeh olaraq göstərməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Qeyd edilən maddənin məzmunundan da göründüyü kimi, iddia ərizəsində işdə iştirak edən şəxslərin adları və poçt ünvanları göstərilməlidir. Bu, işdə iştirak edən şəxslərin məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar edilməsi, iddia cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilməli olduğu hallarda isə həm də işin ərazi üzrə məhkəmə aidiyyətinin müəyyən olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan Respublikası MPM-in 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi onun forma və məzmununa uyğun məhkəməyə verilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 112.1.2-ci maddəsinə əsasən iddianın qiyməti əmlakın tələb edilməsi haqqındakı iddialarda—tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. Həmin məcəllənin 112.4-cü maddəsinə əsasən iddianın qiyməti iddiaçı tərəfindən göstərilir. Həmin məcəllənin 112.5-ci maddəsinə əsasən iddianın qiyməti iddia ərizəsi verilən vaxt mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində müəyyən olunmalıdır. Hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman iddiaçı 30,0 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hazırki iddia tələbi qiymətləndirilən iddialara aid olduğundan, iddiaçı tələb etdiyi əmlakın, yəni torpaq sahəsinin dəyərinə dair iddia ərizəsinə sübutlar əlavə etmədiyindən, torpaq sahəsinin dəyərini müəyyən etmək və dövlət rüsumunun da buna müvafiq olaraq düzgün ödənilməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən, “Dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmçinin, mübahisəli daşınmaz əmlaka dair sənəd də iş materiallarına əlavə edilməmişdir. Bununla da sözügedən daşınmaz əmlakın yerləşdiyi yeri müəyyən etmək mümkün deyildir. Sadalanan xüsusatlara əsasən hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: İddiaçı “torpaq sahəsinin boşaldılması tələbi”nə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-867/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-867/2023
13.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver