Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-910/2022 10.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsi, 17 saylı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmış ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi,Nizami küçəsində yerləşən 17 saylı ev onun atası X1 məxsus olmuşdur. Atasından sonra vərəsəlik yolu ilə qanun üzrə vərəsə tanınaraq atasına məxsus ev və həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Atasının əmisi oğlu bir müddət ailəsi ilə onunla eyni ünvanda yaşamışlar. Ona görədə qeydiyyatları həmin ünvanda qalmışdır. Artıq 6 ilə yaxındır ki, onların özünə məxsus Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz adlanan ərazidə evləri var və daimi olaraq həmin evdə yaşayırlar. O, ömrünün 70 ilindən çoxunu yaşamışdır. Bundan sonra onun mülkiyyətində olan evin yeganə vərəsəsi olan oğluna bağışlamaq istəyir. O, həmin ev üzrə hüquqlarını həyata keçirə bilmir. Cavabdehlər evdən getdikdən sonra onun mülkiyyətində olan evdə yaşamasalar da, bu günə qədər də evdən qeydiyyatdan çıxmamışlar və bu barədə hər hansı bir tədbir görməmişlər. Cavabdehlərin sözügedən evdə formal olaraq qeydiyyatlarının qalması onun mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək onun bu hüququndan tam istifadə etmək imkanımı məhdudlaşdırır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, iş üzrə cavabdehlər onun əmisinin oğlunun arvadı və uşaqlarıdır. Cavabdehlər 1990-ci ildə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsi, 17 saylı evə pasport qeydiyyatına düşmüşlər və həmin ildən yaşamağa başlamışlar, son 6 ildir ki, başqa yerdə özlərinə məxsus evdə yaşayırlar. Mübahisə predmetinə olan evdə cavabdehlərə məxsus heç bir əşya da yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 bildirdi ki, o, iddiaçının qonşusudur. O, 1980-ci il tarixdən indiyədək Şüvəlan qəsəbəsi, Nizami küçəsində iddiaçı ilə qonşuluqda yaşayır. Cavabdehlər iddiaçının əmisi gəlini və onun uşaqlarıdır. Onlar 2018-ci il tarixdən iddiaçıya məxsus evi tərk etmişlər və hazırda da həmin ünvanda yaşamırlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, iş üzrə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını və şahid ifadəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsi, 17 saylı ev tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsi, 17 saylı evə dair texniki pasportun surətindən görünür ki, həmin ev İddiaçı adına Dövlət reyestrdən qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışın surətindən görünür ki, iş üzrə cavabdehlər ünvan 3 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Xəzər rayon İcra hakimiyyəti Başçısının Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsi,ev 17-də qeydiyyatda olanlar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 həmin ünvanda yaşayıbyaşamamaları ilə əlaqədar araşdırıma aparılmış və qonşuların dediklərinə əsasən vətəndaşlar həmin ünvanda uzun müddətdir yaşamırlar. İşin araşdırılmış hallarından görünür ki, iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1990-cı ildən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsi, 17 saylı evə pasport qeydiyyatına alınmaqla yaşamağa başlamışlar və 2018-ci il tarixdə həmin evi tərk etmişlər və həmin evdən istfiadə etmirlər. Ev tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 mübahisəli mənzildən istifadə hüquqları yaranmışdır. Ona görə ki, sonuncular hazırda sözügedən mənzilin əvvəlki mülkiyyətçisinin ailə üzvləri olmuşlar. Məhkəmə qeyd edir ki, mülki iş üzrə tərəflər arasındakı mübahisəli hüquq münasibətləri yaranan vaxtı nəzərə alınmalı və həmin zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60, 87-ci maddələrinin müddəalarına uyğun olaraq qiymət verməlidir. Belə ki, 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müdətə həqiqi hərbi xidmətə çağırıldıqda –həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzinqdə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Məhkəmə cavabdehlərin mübahisəli mənzildə yaşamaması səbəblərini araşdıraraq hesab edir ki, cavabdehlərin uzun müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onların daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. Ona görə ki, iş üzrə müəyyən edilmiş hallarından görünür ki, cavabdehlər mübahisəli evi 2018-ci ildə tərk etmişlər və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli evlə əlaqələrini kəsmişlər. Odur ki, cavabdehlərin uzun müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Buna görə də cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları itirilməlidir (xitam verilməlidir). Qeyd edilməlidir ki, gər faktiki yaşama yoxdursa hər hansı bir istifadə hüququndan bəhs oluna bilməz. Həmin mənzildə yaşamaq üçün əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən əvvəllər istifadə etmək hüququ olan şəxsin həmin hüququnun qalması hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Sadalanlara əsasən məhkəmə qeyd edir ki, yaşayış sahəsinə ehtiyac aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdehlər mübahisə predmetinə daxil olan evi tərk etməklə uzun müddətdir ki həmin evdə yaşamır və həmin evdən istifadə etmirlər. Sadalananlara əsasən məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli evdə uzun müddət yaşamamaları və həmin evdən istifadə etməmələri halları, yalnız onların başqa yaşayış sahəsinə köçməklə həmin yaşayış sahəsinə ehtiyaclarının aradan qalxması ilə izah oluna bilər. Odur ki, iddia təmin edilərək, cavabdehlərin mübahisəli mənzilin yaşayış sahəsindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 17 saylı evdən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 17 saylı evdən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-910/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-910/2022
10.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver