Məhkəmə qərarları › İş №2(003)-927/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-927/2021

04.05.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-927/2021 04.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının, onun nümayəndəsi və vəkili Ümman Salehzadənin, Cavabdehin nümayəndəsi Elnur Bayramovun iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 216 saylı tam orta məktəbə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi buraxılmış iş günlərinin ödənilməsinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri 216 saylı tam orta məktəbə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 216 saylı tam orta məktəbinin 05.11.2020-ci il tarixli 114 saylı əmrinin ləğv edilməsi, onun həmin məktəbin müəllimə vəzifəsinə işə bərpa edilməsinə və məvburi buraxılmış iş günlərinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, o, uzun illərdir ki, Bakı şəhəri, 216 saylı tam orta məktəbdə müəllimə işləmişdir. Lakin, cavabdeh Bakı şəhəri, 216 saylı tam orta məktəbinin direktoru Elnur Bayramovun 05.11.2020-ci il tarixli, 114 nömrəli əmrilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam vermişdir. Əmr onunla əsaslandırılmışdır ki, guya o, direktoru təhqir etmiş, ona və onları ayırmaq istəyən digər şəxsə fiziki təzyiq göstərmişdir. Həmin əmr əmək qanunvericiliyinə zidd verilmişdir, odur ki, 05.11.2020-ci il tarixli, 114 nömrəli əmr ləğv edilməlidir. Belə ki, o, direktoru və digər şəxsləri təhqir etməmiş, ona və başqa şəxsə fiziki təzyiq göstərməmiş, belə hadisə baş verməmişdir. X1 qərəzlidir, o da direktorluğa imtahan vermişdir, Elnur Bayramov direktor olandan ona qarşı qərəzli münasibətlər göstərməyə başlamışdır, dərslərini azaltmış, bununla bağlı o, ondan şikayətlər etmiş, ona xəbərdarlıq edilmişdir. Bütün bunlara görə hazırki ona qarşı tərtib olunmuş qanunsuz əmr də Elnur Bayramov tərəfindən qisas niyyəti ilə təşkil olunmuş hərəkətlərin nəticəsidir. Guya ona qarşı fiziki təzyiq etmiş, özü də onu əmrlə işdən çıxarır. E.Bayramov ona böhtan ataraq, səlahiyyət hüdudlarından kənara çıxan əmr imzalamışdır. Onun barəsində heç bir inzibati və ya cinayət əməlinə görə cəza tədbiri tətbiq edilməmişdir. Bu səbəbdən onu əmək vəzifələrinin kobud şəkildə pozulması halı ilə işdən azad etmək əmək qanunvericiliyinin tələblərinə uyğun deyildir. Məhkəmədə iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasın xahiş etdi. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək həmçinin qeyd qeyd etdi ki, tərəflər arasında baş vermiş hadisə əmək fəaliyyətinin həyata keçirilməsi ilə deyil şəxsi məsələlərdən irəli gəlmişdir. Odur ki, tərtib edilmiş əmr əmək qanunvericiliyinin tələblərinə zidd olmaqla ləğv edilməlidir. Məhkəmədə cavabdehin nümayəndəsi-Bakı şəhəri 216 saylı tam orta məktəbin direktoru Elnur Bayramov iddia tələblərini etiraf etməyərək, onun rədd edilməsini xahiş etdi və izahatında bildirdi ki, İddiaçı 07.10.2020-ci il tarixdə məktəbin direktoruElnur Bayramovun xidməti iş otağına daxil olaraq onu və təlim-tərbiyəişləri üzrə direktor müavinini təhqir etmişdir. Direktorun boğazından yapışaraq onu boğmağa çalışmış və üzünə yumruq zərbələri ilə xəsarət yetirmişdir. Onu ayırmaq istəyən Ş.Babayevin qalstukundan tutaraq kənara itələmişdir. Qeyd olunan hadisə aktlaşdırılmışdır. Həmçinin, o, direktora qarşı qeyri-etik ifadələr işlədərək müəllim adına yaraşmayan hərəkətə yol vermiş, bununla da Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Kollegiyasının 06.10.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş ½ nömrəli qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın 2.1.1, 2.1.5-2.1.7, 3.8 və 3.9 bəndlərinin tələblərini kobud şəkildə pozmuşdur. Qaydalara əsasən müəllim təhsilalanlarla, rəhbərlik və həmkarları ilə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Müəllim öz peşə vəzifəsindən və səlahiyyətlərindən kənar məsələlərə müdaxilə etməməlidir. Eyni zamanda “Müəllimlərin etik davranış Qaydaları”nın 6.1-ci və 6.2-ci bəndlərində göstərilmişdir ki, hər bir müəllim etik davranış qaydalarına əməl etməyə borcludur. Müəllimlər tərəfindən etik davranış qaydalarına əməl olunması rəhbərlik tərəfindən müntəzəm təhlil edilir və bu Qaydalarla müəyyən edilmiş tədbirlər görülür. Həmçinin, Qaydaların 6.3.6-cı bəndində etik davranış qaydalarının pozulması hallarının rəhbərlikdə və kollektivdə müzakirəsinin təşkil edilməsi və qayda pozmuş müəllimlərin qanunvericiliyə uyğun intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlərin görülməsi təhsil müəssisəsi rəhbərliyinin vəzifəsi kimi müəyyən edilmişdir. Məsələ ilə əlaqədar Bakı şəhəri 216 saylı tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinə təqdimatla müraciət edilmişdir. Komitənin 03.11.2020-ci il tarixli iclasında təqdimat müzakirə olunaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. 07.10.2020-ci il tarixdə məktəbdə baş vermiş hadisə ilə bağlı Xəzər RPİ tərəfindən araşdırma aparılmış və 24.12.2020-ci il tarixli qərarla hadisənin baş verməsi təsdiq edilməklə E.Bayramovun və İddiaçı şikayət və tələblərinin olmaması səbəbindən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmçinin qeyd etmişdir ki, iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı ilə əmək müqaviləsinə 05.11.2020-ci il tarixində xitam verilmiş və həmin gündə də ona bu barədə müvafiq qaydada məlumat verilmişdir. Bununla da qanunvericilikdə nəzərdə tutulmuş 1 ay müddəti ötürmüşdür. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 01.09.2000-ci il tarixdə 133 nömrəli əmrlə 216 saylı məktəbin ingilis dili müəllimi vəzifəsinə işə qəbul edilmiş, 15.09.2004-cü il tarixdə həmin məktəbin ibtidai siniflər üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Əmək kitabçasının surətindən həmçinin görünür ki, İddiaçı 05.11.2020-ci il tarixli 114 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan Bakı şəhəri 216 saylı tam orta məktəb üzrə “Əmək müqaviləsinə xitam verilməsi” barədə 05.11.2020-ci il tarixli 114 nömrəli əmrinin surətindən görünür ki, Bakı şəhəri 216 nömrəli tam orta məktəbin ingilis dili müəllimi İddiaçı əmək müqaviləsinə, 05.11.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi barədə əmr verilmişdir. Həmin əmrin çıxarılmasına əsas hadisə ilə bağlı və izahat verməməsi ilə bağlı akt, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 06.11.2014-cü il ½ saylı qərarı ilə təsdiq edilmiş Müəllimlərin etik davranış qaydaları, Bakı şəhəri 216 saylı tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin 03.11.2020-ci il tarixli qərarı olmuşdur. İşdə olan 24.12.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Xəzər RPİ-nin qərarının surətindən görünür ki, İddiaçı barəsində cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. İşdə olan Bakı şəhəri 216 saylı tam orta məktəbin Həmkarlar Komitəsinin sədri tərəfindən həmin məktəbin direktoru Elnur Bayramova ünvanlanmış məktubda göstərilmişdir ki, onun 15.10.2020-ci il tarixli 129 saylı təqdimatına 03.11.2020-ci il tarixdə baxılmaqla Komitənin verdiyi yekun qərarla komitə üzvlərinin təqdimatın təmin olunması qərara alınmışdır. Qərara əsasən Bakı şəhəri 216 saylı tam orta məktəbin ingilid dili müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək funksiyalarını pozma və əmək fəaliyyətində yol verdiyi kobud nöqsana görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq verilmişdir. İşdə olan Bakı şəhəri 216 saylı tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin 03.11.2020-ci il tarixli 11 saylı protokolundan 03.11.2020-ci il tarixli çıxarışının surətindən görünür ki, Bakı şəhəri 216 saylı tam orta məktəbin direktoru X2 15.10.2020-ci il tarixli 129 saylı təqdimatının təmin edilməsi və Azərbaycan Respublikası Əmək Məcəlləsi və digər normativ hüquqi aktlarla müəyyən edilmiş əmək funksiyalarını pozmasına və əmək fəaliyyətində yol verdiyi kobud nöqsana görə Bakı şəhəri 216 saylı tam orta məktəbin ingilis dili müəllimi İddiaçı Çirzad qızı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda, eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində ... və digər iş yerlərində tətbiq edilir. Həmin Məcəllənin 70-ci maddəsinin "ç" bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin "ç" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi halları işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Məhkəmə iclasında, o cümlədən məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş işə əlavə edilmiş materiallardan müəyyən edildi ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi səbəbi kimi Bakı şəhəri 216 saylı tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin protokolu ilə əmək funksiyalarını pozmasına və əmək fəaliyyətində yol verdiyi kobud nöqsana görə Məcəllənin 70-ci maddəsinin "ç" bəndinə əsasən razılıq verilmiş və müvafiq əmrdə buna istinadən, o cümlədən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 06.11.2014-cü il ½ saylı qərarı ilə təsdiq edilmiş Müəllimlərin etik davranış qaydalarına riayət edilməməsini göstərilməklə qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsində əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununa dair tələblərdə əmək müqaviləsinin ləğv edilməsinin əsasının olması zəruriliyi ilə yanaşı həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi və bəndi öz əksini tapmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfin iddiaçının əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş yuxarıda göstərilən hallar əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi üçün hüquqi əsas deyildir. Əvvəla tərtib edilmiş aktlarda imza edən şəxslərin bəziləri ümumiyyətlə sözügedən mübahisənin olduğu vaxt orada olmamış, lakin aktda həmin vaxt iddiaçının hər hansı hərəkətlər etməsini, nalayiq ifadələr işlətməsini bildirmişlər. Eyni zamanda əmrdə və əmrin verilməsinə əsas kimi göstərilən Bakı şəhəri 216 saylı tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin protokolda qeyd edilən hal yəni, əmək funksiyalarını pozması və əmək fəaliyyətində yol verdiyi kobud pozulması halı öz təsdiqini tapmır. Belə ki, əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu. Hansıki, iddiaçı tərəfindən əmək funksiyası ilə bağlı hər hansı pozuntu halının olması sübuta yetirilmir. Eyni zamanda əmək faliyyəti zamanı yol verilən pozuntuda iddiaçının əmək fəaliyyətini həyata keçirdiyi zaman lazımi qaydada icra etməməklə fəaliyyətinin aidiyyəti ilə bağlı olmayan hər hansı hərəkətlərinin edilməsinin məcmusu kimi başa düşülməlidir ki, bu halda sübuta yetirilmir. Bununla bağlı sübutetmə yükünün də cavabdehin üzərinə düşməsinə baxmayaraq onun tərəfindən göstərilən halların yarandığına dair kifayət qədər mötəbər sübutlar təqdim olunmamışdır. Bunula yanaşı, Həmkarlar İttifaqı Komitəsinin sözügedən iclasında həmçinin iddiaçının iştirakı təmin edilməmiş, məsələyə dair onun mövqeyi dinlənilmədən qərar qəbul edilmişdir. Əlavə olaraq göstərilməlidir ki, qeyd edilən mübahisə ilə bağlı hər iki tərəfin müraciəti əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanması yenidən hər iki tərəfindən müraciəti əsasında rədd edilmişdir. Əlavə olaraq hər iki tərəf barəsində hər hansı inzibati tənbehdə verilməmişdir. Bundan əlavə, əmrdə yuxarıda göstərilən əsaslardan başqa, həmin əmrin çıxarılmasına əsas hadisə ilə bağlı və izahat verməməsi ilə bağlı akt, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 06.11.2014-cü il ½ saylı qərarı ilə təsdiq edilmiş Müəllimlərin etik davranış qaydaları göstərilmişdir. Halbu əmək qanunvericiliyi birbaşa göstərişlə işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilməsini nəzərdə tutmuşdur. Lakin hazırki əmrdə əmək müqaviləsinə xitam verilməsi üçün müxtəlif əsaslar göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olmaqla Bakı şəhəri 216 saylı tam orta məktəbin 05.11.2020-ci il tarixli əmrinin ləğv edilməklə əvvəlki işinə bərpa edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə, hesab edir ki, cavabdeh tərəfindən əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndində nəzərdə tutulmuş ləğv edilməsi əsasları pozulduğundan iddiaçıya məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə ərizəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəainin 2-ci bəndinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İşdə olan sənəddən görünür ki, iddiaçınin əmək müqavilıəsinə xitam verilməsi barədə 05.11.2020-ci il tarixli əmrin surəti onun bacısı tərəfindən 12.12.2020-ci il tarixdə qəbul etmiş, məhkəməyə isə 07.01.2021-ci il tarixdə iddia ərizəsi ilə müraciət etmişdir. Göründüyü kimi iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri 216 saylı tam orta məktəblə həmin məktəbdə ingilis dili müəllimi vəzifəsində çalışmış İddiaçı əmək müqaviləsinə, 05.11.2020ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi barədə Bakı şəhəri 216 saylı tam orta məktəbin 05.11.2020-ci il tarixli 114 nömrəli əmri ləğv edilməli, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Bakı şəhəri 216 saylı tam orta məktəbin ingilis dili müəllimi vəzifəsinə bərpa edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri 216 saylı tam orta məktəblə həmin məktəbdə ingilis dili müəllimi vəzifəsində çalışmış İddiaçı əmək müqaviləsinə, 05.11.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi barədə Bakı şəhəri 216 saylı tam orta məktəbin 05.11.2020-ci il tarixli 114 nömrəli əmri ləğv edilsin. Məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Bakı şəhəri 216 saylı tam orta məktəbin ingilis dili müəllimi vəzifəsinə bərpa edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar