Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-949/2022 06.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh İcbari Tibbi Sığorta Agentlyinin “Tibbi Ərazi X1” Bakı şəhər Baş Səhiyyə İdarəsi 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi ərazi X1” publik hüquqi şəxs 29 nömrəli Birləşmiş şəhər xəstəxanasının 21.08.2021-ci il tarixli, 416-k N-li əmrinin ləğv edilməsinə, mənim 29 nömrəli Birləşmiş şəhər xəstəxanasının Konsultativ uşaq poliklinika şöbəsinin sanitar qadın(sanitar)ı vəzifəsinə işə bərpa edilməyimə və məcburi buraxılmış iş günlərinin ödəniməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2013-cü ildən 29 nömrəli Birləşmiş şəhər xəstəxanasında işləyir. Lakin, cavabdeh 29 nömrəli Birləşmiş şəhər xəstəxanasının baş həkimi İsmayıl Tağızadənin 21.08.2021-ci il tarixli, 416-k N-li əmri ilə işlədiyi 29 nömrəli Birləşmiş şəhər xəstəxanasının Konsultativ uşaq poliklinika şöbəsinin sanitar qadın (sanitar)ı vəzifəsindən azad edilmişdir. Əmr onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddə “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin mənafeyinə ciddi xələl gətiməsinə görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə işdən azad edilir. Həmin əmrlə razı deyil, hesab edir ki, əmr ləğv edilməli, işə bərpa edilməlidir və məcburi biraxılmış iş günləri ödənilməlidir. Belə ki, ölkədə COVİD-19 pandümiyası ilə əlaqədar başlanılmış peyvəndləmə prosesinə 2021-ci ilin may ayından iddiaçını da cəlb etmişdilər. Ona həvalə olunan iş vakansiyaya gələn şəxslərin adlarının “TƏBİB”in portalında qeydiyyata salmaqdan ibarət idi. 19 avqust 2021-ci il tarixdə saxta COVİD pasportunun verilməsi ilə bağlı hüquq pozuntusu törədən şəxslər barəsində 29 nömrəli Birləşmiş şəhər xəstəxanasında AR DİNnin BMCMİ-nin əməkdaşları əməliyyat keçirdi, toplanmış materiallar Xəzər rayon prokurorluğuna göndərildi. Xəzər rayon prokurorluğu tərəfindən aparılmış araşdırma zamanı onun tərəfindən heç bir hüquq pozuntusuna yol verilmədiyi, baş vermiş hadisənin ona aidiyyətinin olmadığı müəyyən edildi. Ona görə də prokurorluğun 11.12.2021-ci il tarixli qərarı ilə iddiaçının barəsində cinayət işinin başlanılması rədd edildi. O, əmək fəaliyyətim zamanı heç bir səhvə, hüquq pozuntusuna yol verməmişdir, işəgötürənin, müəssisənin mənafeyinə xələl gətirməmişdir, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərimi hüquqauyğun yerinə yetirmişdir. Onun hərəkətləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e”, 70-ci maddəsinin “ç” bəndinin tələblərinin təsiri altına düşmür. Bu səbəbdən barəsində verilmiş əmr qanuni deyil. 21.08.2021-ci il tarixli əmr ona təqdim edilməyib, yalnız vəkilinin (nümayəndəmin) sorğusu əsasında vəkilə (nümayəndəmə) 23.11.2021-ci il tarixdə təqdim olunub. Qanunvericiliyin tələbinə görə ilkin mediasiya prosesləri başlayıb. 17.12.2021-ci il tarixdə bilavasitə, 18.12.2021ci il tarixdə isə poçt vasitəsilə cavabdehə mübahisənin mediasiya vasitəsilə həll edilməsi təklif olunaraq ona müvafiq təklif göndərilib. Lakin, təklif cavabsız qalıb. Ərizəsi əsasında 2*.01.2022çi il tarixə saat 10.30-a təyin edilmiş ilkin mediasiya sessiyasına cavabdeh gəlməmişdir. Ona görə də məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalıb. Hesab edir ki, onun vəzifəsinə bərpa edilməyinə dair qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh İcbari Tibbi Sığorta Agentlyinin “Tibbi Ərazi X1” Bakı şəhər Baş Səhiyyə İdarəsi 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, lakin ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan X2 Sığorta Agentlyinin “Tibbi Ərazi X1” Bakı şəhər Baş Səhiyyə İdarəsi 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanası 416-K saylı 21.08.2021-ci il tarixli əmrindən görünür ki, həmin xəstəxananın Konsultativ uşaq poliklinika şöbəsinin sanitar qadın (sanitar)ı İddiaçı ilə bağlanmış xxxxxxx000108 nömrəli əmək müqaviləsinə sözügedən əmr əsasında 21.08.2021-ci il tarixdə xitam verilmişdir. Əmək müqaviləsini Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə və 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş əmək kitabçasının sürətindən görünür ki, İddiaçı Bakı şəhər Baş Səhiyyə İdarəsi 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında 1*.07.2013-cü il tarixli 170 saylı əmrlə kiçik tibb işçisi vəzifəsinə qəbul edilmişdir. 03.06.201*-ci il tarixli 42 saylı əmrinə əsasən sanitar qadın vəzifəsinə keçirilmişdir. 21.08.2021-ci itarixli 416 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə və 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş 11.12.2021-ci il tarixli “Cinayət işinə xitam verilməsi haqqında” qərarın sürətindən görünür ki, iş üzrə İddiaçı əməllərində “Azərbaycan Respublikası CM-in 139-1, 308.1 va 311, 313 və .314.1-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində cinayət təqibi rədd edilmişdir. Beləliklə, işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri Baş Səhiyyə İdarəsi, 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Konsultativ poliklinka şöbəsinin Sanitar qadın (sanitar) vəzifəsində işləmişdir. İddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüququq pozuntuları nəticəsində işə götürənin mənafeyinə ciddi xələl gətirdiyinə görə görə cavabdehin 21.08.2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və onun tələblərinə görə tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi, “a” bəndi). Əmək münasibətləri üzrə tərəflərdən biri qismində işəgötürən çıxış edir və İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları ƏM-nin 70-ci maddəsində nəzərdə tutulur. ƏM-nin 70-ci maddəsinin “ç” bəndi özündə 3 əsası ehtiva edir: a) İşçi özünün əmək funksiyasını yerinə yetirmədikdə; b) İşçi əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə; c) ƏM-nin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. ƏM-nin 71-ci maddəsinin 3-cü hissəsi işəgötürənin üzərinə vəzifə qoyur ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmçinin 70-ci maddənin “ç” bəndi ilə əmək müqaviləsini ləğv edərkən hansı əsasla ləğv etdiyini, hansı əmək vəzifələrinin pozulduğunu konkret göstərməlidir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər. Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır (maddə 71, bənd 2, 3). İşçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir (maddə 72, bənd “a”, “e”, “ə”). ƏM-nin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Belə ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Qanunun qeyd olunan maddəsindən göründüyü kimi, iddiaçı həmkarlar ittifaqının üzvü olduğuna görə, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilən zaman müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalı idi. Bundan əlavə işəgötürən, iddiaçının əmək funksiyasını yerinə yetirməməsini, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini, ƏM-nin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasını məhkəmədə sübut edə bilməmişdir. Bununla da, məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilən zamanı cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş imperativ normaların tələbləri pozulmuşdur. Əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 84-cü maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər (maddə 84, hissə 1, 2). Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən,əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 7*-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərindən göründüyü kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Lakin mülki işin məhkəmə baxışı zamanı buna dəlalət edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Yəni hazırkı mülki iş üzrə İddiaçı işdən azad edərkən əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinə və bu Məcəllədə nəzərdə tutulmuş işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarından hər hansı birinə, qanunla müəyyən edilmiş işçi işəgötürənin təşəbbüsü ilə işdən azad edilərkən nəzərə alınmalı olan hallara, qanunla müəyyən edilmiş qaydada həmkarlar təşkilatının razılığının alınmasına istinad edilməmişdir. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 7*-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarmaqda haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin ediməli, cavabdeh İcbari Tibbi Sığorta Agentlyinin “Tibbi Ərazi X1” Bakı şəhər Baş Səhiyyə İdarəsi 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 416-K saylı 21.08.2021-ci il tarixli əmri ləğv edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Konsultativ uşaq poliklinika bölməsinin sanitar qadın (sanitar)ı vəzifəsinə bərpa edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 3*8, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İcbari Tibbi Sığorta Agentlyinin “Tibbi Ərazi X1” Bakı şəhər Baş Səhiyyə İdarəsi 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 416-K saylı 21.08.2021-ci il tarixli əmri ləğv edilsin. İddiaçı 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Konsultativ uşaq poliklinika bölməsinin sanitar qadın (sanitar)ı vəzifəsinə bərpa edilsin. İddiaçı 21.08.2021-ci il tarixdən işə çıxdığı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-949/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-949/2022
06.04.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver