Məhkəmə qərarları › İş №2(003)-966/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-966/2024

07.03.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-966/2024 07.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-304/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 ilə Cavabdeh arasında Bərdə rayon qeydiyyat şöbəsində xx.xx.2011-ci il tarixdə 714 saylı akt qeydi ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 nikah pozulduqdan sonra anaları-X1 yanında saxlanılması, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020ci il tarixdən başlayaraq Cavabdeh iddiaçı X1 xeyrinə hər ay hər uşağa görə 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək azyaşlı uşaqları ilə birlikdə ünvan 1 üvanında yerləşən mənzilə köçürülmələrinə, onların həmin evdən onların istifadə etmələrinə cavabdeh və digər şəxslər tərəfindən yaradılan qanunsuz manelərin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil onun atası tərəfindən ona verilmişdir. Cavabdehlə o, ailə qurduqdan sonra onlar həmin evə köçmüşlər. Sonradan cavabdeh ona onun atasının adına olan evdə yaşaya bilməyəcəyini bildirmiş və evin cavabdehin adına keçirilməsini istəmişdir. Bununla əlaqədar olaraq ev bağışlama nəticəsində əvəzsiz qaydada Cavabdeh adına keçmişdir. Onların nikahları pozulduqdan sonra cavabdeh onu uşaqları ilə birlikdə evdən çıxarmışdır. Hazırda isə cavabdeh ona həmin evə daxil olmağa imkan vermir. Həəmin ev onun atasının olmuşdur və həmin evi onun atası tikmişdir. Cavabdeh qanunsuz olaraq onu yaşadığı evdən məhrum etmək istəyir. Cavabdeh onun həmin evdən istifadə etməsinə süni maneələr yaradır. O, rəsmi nikaha daxil olduqdan sonra mübahisəli evdə uzun müddət həyat yoldaşı ilə bərabər təsərrüfat aparmışdır. Onların həmin nikahdan iki azyaşlı övladları var. Hazırda onun həyat yoldaşı ilə münasibətləri pisləşmiş və onların nikahları pozulmuşdur. Onun özünə məxsus olan daimi yaşayış yeri yoxdur. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-16(003)-333/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan mülki iş mahiyyəti üzrə baxılıb mübahisə həll edilənədək Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Elman Hüseynov küçəsi, 1-ci dalan, 4B nömrəli evin üzərinə həbs qoyulmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyərək, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. 20-ci maddəsinin birinci abzasına əsasən hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqlrı mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası MPM-nin 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Qanunvericiliyin tələbinə əsasən daimi yaşayış üçün yararlı, ayrıca sahə olan mübahisəli ev yaşayış sahəsi sayılır və iddiaçının daimi (və ya daha çox) yaşadığı ev olaraq onun yaşayış yeridir, onun cavabdehin həmin ünvanda yaşamasına imkan verməməsi səbəbindən öz yaşayış yerini müəyyən müddətə tərk etməsi isə yaşayış yerini itirməsi üçün əsas deyil. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddiaçının başqa yaşayış yeri olmadığından, mübahisəli ev iddiaçının və uşaqların yaşayış yeri sayıldığından iddiaçı uşaqları ilə birgə həmin evə köçürülməli, onların həmin evdən onların istifadə etmələrinə cavabdeh və digər şəxslər tərəfindən yaradıla qanunsuz maneələr aradan qaldırılmalı, mülki iş üzrə tətbiq edilmiş müvəqqəti təminat tədbiri qətnamənin icrasına qədər öz qüvvəsini saxlamalı, qətnamənin icrasından sonra tətbiq edilmiş müvəqqəti təminat tədbiri ləğv edilməlidir. Şərh olununlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı uşaqları xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Elman Hüseynov küçəsi, 1-ci dalan, 4B nömrəli evə köçürülsünlər. İddiaçı, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Elman Hüseynov küçəsi, 1-ci dalan, 4B nömrəli evdən istifadə etmələrinə Cavabdeh və digər şəxslər tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-16(003)-333/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı ilə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Elman Hüseynov küçəsi, 1-ci dalan, 4B nömrəli evin üzərinə qoyulmuş həbs qətnamənin icrasına qədər öz qüvvəsini saxlasın. Qətnamə icra olunduqdan sonra Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Elman Hüseynov küçəsi, 1-ci dalan, 4B nömrəli evin üzərinə qoyulmuş həbs götürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar