Məhkəmə qərarları › İş №2(003)-979/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-979/2024

16.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-979/2024 16.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi Veisovnanın iştirakı ilə, Ərizəçi Veisovnanın Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti maraqlı şəxs qismində cəlb edilməklə "şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi : Ərizəçi Veisovna Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti maraqlı şəxs qismində cəlb edilməklə "şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi" tələbinə dair ərizə ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək onun heç bir dövlətin vətəndaşlığına mənsub olmadığı, həmçinin 1990-cı ildən Azərbaycan Respublikasında daimi yaşamağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1989-cu ildə Rusiya Federasıyasında doğulmuşdur. O, hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində qeydiyyatsız yaşayır. O, hazırki vaxtadək şəxsiyyətinin təsdiq edən sənəd əldə etməmişdir. O, 1990-cı ildən valideynləri və qardaşı ilə bərabər məişət qayğıları səbəbindən Azərbaycan Respublikasına daimi yaşamaq üçün köçmüşdür. Bundan sonra onlar bir müddət Bakı şəhəri, Xəzər rayonunda yaşayan xalası Minayə Orucovanın evində yaşamışlar. Sonradan onlar həmin ərazidə fərdi yaşayış evi tikmişlər. Onun valideynləri burada işləmişlər və onlar həmin vaxtdan burada yaşayırlar. O, qeyetdiyi tarixdən etibarən bir dəfədə ölkə sərhədlərindən kənara çıxmamışdır. O, orta təhsilini də Bakı şəhəri, Xəzər rayonunun ərazisində yerləşən 136 nömrəli tam orta məktəbdə almışdır. O, bugünədək Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsini əldə edə bilməmişdir. O, bununla bağlı ayrı-ayrı vaxtlarda müxtəlif qurumlara müraciət etsə də, hazırki vaxtadək müraciətlərinə müsbət cavab almamışdır. Onun doğumu Rusiya Federasiyasının səlahiyyətli qurumları tərəfindən dövlət qeydiyyatına alınmışdır. Onun anası Hüseynova Ofelyanın Azərbaycan Respublikasında yaşama faktı da Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən xx.xx.2018-ci il tarixli qətnamə ilə təsdiq edilmişdir. Sonra onun anası Axərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkə vətəndaşlığına qəbul edilmiş və 2020-ci ildə vəsiqə əldə etmişdir. Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda onun həmin dövlətin vətəndaşı olmadığı müəyyən edilmişdir. X5 Xidmətinin xx.xx.2023-cü il tarixli məktubu ilə onun Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilərək ona məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. O, 2008-ci ildə Azərbaycan Respublikasının vətəndaşı X6 ilə faktiki nikah münasibətlərinə daxil olmuşdur. Onun H.Sadıqovla faktiki nikahından xx.xx.2011-ci ildə və xx.xx.2015-ci ildə övladları dünyaya gəlmişdir. Onun böyük qızı Bakı şəhəri, Suraxanı rayonunda yerləşən 3 saylı doğum evində, digər qızı isə Bakı şəhəri, Sabunçu rayonu, 3 saylı şəhər klinik xəstəxanasında doğulmuşdur. Lakin onun şəxsiyyət vəsiqəsi olmadığından həmin tibb müəssisələrində ona doğum haqqında tibbi şəhadətamə əvəzinə əvəzləmə kartı verilmişdir. Bu səbəbdən o, uşaqlarının doğumlarını bugünədək dövlət qeydiyyatına aldıra bilməmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi Veisovna ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi, baş inspektor X7 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmiş, Ərizəçi Veisovnanın hansı tarixdən Azərbaycan Respublikasında daimi yaşamasının qətnamədə qeyd edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: V-РУ seriyalı, 319836 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Veisovna xx.xx.1989-cu ildə RSFSR, Saratov vilayəti, Novoburasskiy rayonu, Novıye Burası ş/q adlanan ərazidə doğulmuşdur. X2, anası X1r. Rusiya Federasiyası vətəndaşlığının olmaması barədə 4319/Ko nömrəli, 02 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1989-cu ildə Saratov vilayəti, Novoburassı rayonu, Novıye Burası fəhlə qəsəbəsində doğulmuş Ərizəçi Veisovna Rusiya Federasiyası vətəndaşlığını almamışdır və Rusiya Federasiyasının vətəndaşlıq haqqında qanunvericiliyinə müvafiq olaraq Rusiya Federsiyası vətəndaşı deyil. A seriyalı, 019538 nömrəli əsas təhsil haqqında şəhadətnamənin surətindən görünür ki, 1988-ci ildə anadan olmuş X3 Bakı şəhəri, Əzizbəyov rayonu, , R.M.Sadıqov adına 136 saylı orta məktəbdə oxumuş və 2004-cü ildə təhsilini bitirmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi Bakı şəhəri, R.M.Sadıqov adına 136 №-li tam orta məktəb tərəfindən verilmiş 261 nömrəli, xx.xx.2018-ci il tarixli arayışda görünür ki, Ərizəçi Veis qızı həqiqətən 2006-cı il tarixdə Bakı şəhəri, Xəzər rayonu, R.M.Sadıqov adına 136 №-li tam orta məktəbin İX sinfini bitirib şəhadətnamə almışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi Bakı şəhəri, R.M.Sadıqov adına 136 №-li tam orta məktəb tərəfindən verilmiş 43 nömrəli, 13 fevral 2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Veisovna 2005-2006-cı tədris ilində Bakı şəhəri, R.M.Sadıqov adına 136 №-li tam orta məktəbin İX sinfini bitirib A-391429 nömrəli ümumi orta təhsil haqqında attestat almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 3 saylı doğum evinin əvəzləmə kartlarından görünür ki, Ərizəçi Veis qızı xx.xx.2011-ci il tarixdə uşaq dünyaya gətirmişdir. Yeni doğulmuşun inkişaf tarixindən çıxarışdan görünür ki, Ərizəçi Veis qızı xx.xx.2015-ci il tarixdə uşaq dünyaya gətirmişdir. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Binə qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 4475 nömrəli arayışdan görünür ki, Ərizəçi Veisovna Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ərazisində qeydiyyatsız yaşayır. X4 notariat qaydasında təsdiq edilmiş xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Ərizəçi Veisovna həqiqətən onlarla qonşuluqda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində Abşeron rayon Hövsan südçülük sovxozu ərazisində qeydiyyatsız olaraq yaşayır. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Xəzər Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 131 saylı Mənzil Kommunal İstismar Sahəsinin 143 nömrəli, 13 mart 2024-cü il tarixli arayışından görünür ki, Ərizəçi Veisovna Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2146-cı məhəllə, ev 27, mənzil 74-də 1997-ci ildən bugünə kimi qeydiyyatsız yaşayır. Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin Ərizəçi Veisovnaya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-37/2-H-1487-26-1-08/5020/2023 nömrəli məktubundan görünür ki, həmin şəxsin 2006-cı ilin yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair ******* nömrəli arayışdan görünür ki, 21 oktyabr 1989-cu il təvəllüdlü Ərizəçi Veisovnanın Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.10-1-ci maddəsinə əsasən məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. 310.2-ci maddəsinə əsasən bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını, eyni zamanda, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, iş üzrə müəyyən olunmuş hallar bir-birini tamamlayır və təsdiq olunur ki, Ərizəçi Veisovna 1990-cı ildən hal-hazıradək Azərbaycan Respublikasında daimi yaşayır və heç bir dövlətin vətəndaşlığına mənsub deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi : Ərizə təmin edilsin. Ərizəçi Veisovnanın 1990-cı ildən hal-hazıradək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar