Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-980/2021 31.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası ərazisində yaşama faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçi tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 1989-cü ildən hazırki vaxtadək Azərbaycan Respublikasının ərazisində yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.1986-cı il tarixdə Gürcüstan Respublikası Dmanisi rayonu, Ormaşen kəndində anadan olmuşdur. Doğum haqqında şəhadətnamə Gürcustan Respublikası Dmanisi rayon, Kirov kənd sovetliyində xx.xx.1986cı ildə 45 nömrəli akt qeydi ilə rəsmiləşdirilib. 1988-ci ilə kimi Gürcüstan Respublikasinda valideynləri ilə birgə yaşamışdır. 1989-cu ildən etibarən ünvan 1 ünvanında yaşamış və bu günə kimi Azərbaycan Respublikasıni tərk etməmişdir. 2018-ci ilin yul ayında Azərbaycan Respublikasının Dövlət Miqrasya xidmətinə müraciət etmiş və xx.xx.2018-ci il tarixli arayış ******* təqdim olunmuşdur. Həmin arayışda onun Azərbaycan Respublikasının xx.xx.1998ci il tarixli Qanununa əsasən Azərbayan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Hazırda o, vətəndaşlığı olmayan şəxs kimi tanımadığı üçün şəxsiyyət vəsiqəsi ala bilmir. Bu səbəbdən də hazırkı ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq qeyd edir ki , 3 övladı var, vətəndaş nikahında olan həyat yoldaşı ağır xəstəliyi üzündən yataq xəstəsidir və onun sənədi olmadığı səbəbindən nə nikaha daxil ola bilir, nədə uşaqlarının doğumunu qeydə ala bilmir. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Miqrasiya xidmətinin nümayəndəsi X5 ərizəni qəbul edərək izahatında bildirmişdir ki, hazırki iş üzrə tələbin təmin edilməsinə etiraz etmir və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. İş üzrə şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, 1990-cı ildən Bakı şəhərində yaşayır. O, 2003-2004-cü illərdən Binə qəsəbəsinə köçmüş və həmin vaxtdan Sitarəni və onun ailəsini tanıyır. Sitarə, onun atasıvə anası 1989-cu ildən Bakıya köçüblər və həmin vaxtadan burda yaşayırlar. Həmçinin bildirdi ki ərizəçi ilə həmyerli olmaqla Gürcüstanının Dmanisi rayonundandırlar. İş üzrə şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, Binə qəsəbəsində yaşayır. 1992-cü ildən yəni uşaq yaşlarından Sitarə ilə bir yerdə böyümüşlər. Sitarəni onun atasını və anasını tanıyır. Sitarə hal-hazırda ailəlidir. O, həyat yoldaşı və uşaqları ilə birlikdə atasına məxsus həyətdə ev tikib və orada yaşayır. Onlar Binə qəsəbəsində Gürcüstan məhəlləsi deyilən yerdə yaşayırlar. Sitarə ailəlidir və 3 uşağı var. İş üzrə şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, 1989-cu ildən Ərizəçi tanıyır. Sitarə Zakirin qızıdır. Sitarə ailəlidir 3 övladı var. Həmçinin bildirdi ki ərizəçi ilə həmyerli olmaqla Gürcüstanının Dmanisi rayonundandırlar. Məhkəmə tərəflərin izahatını və şahid ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnaməin surətindən görünür ki, Ərizəçi xx xxxx 1986-cı ildə Gürcüstan Respublikası Dmanisi rayonu, Ormaşen kəndində anadan olmuşdur. İşə əlavə edilən Gürcüstan səfirliyinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Ərizəçi (xx.xx.1986-cı il tarixində Gürcüstanda anadan olmuş) ondan ötrü ki, “Gürcüstan vətəndaşlığı haqqında” Gürcüstanın orqan qanununun 30-cu maddəsinin birinci bəndinin “b” yarımbəndinə uyğun olaraq, agentliyə təqdim edilmiş və əldə olunmuş sənədlərə əsasən Gürcüstan vətəndaşı hesab edilmir. İş materiallarına əlavə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin "Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar İcraatın nəticəsinə dair" xx.xx.2018-ci il tarixli arayışından görünür ki, xx xxxx 1986-cı il təvəllüdlü Ərizəçi 15765/m nömrəli, xx xxxx 2018-ci il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Göründüyü kimi, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə Ərizəçi 1989-cu ildən hazırki vaxtadək Azərbaycan Respublikası ərazisində yaşaması faktı tam sübuta yetirildi. Azərbaycan Respublikası MPM-nin 305.1.1. maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.10-1. maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 311. maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 12-ci bəndində qeyd edilir ki, Məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Azərbaycan Respublikası vətəndaşlığı haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqdlərindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənəbləri olmayan şəxsin heç bir dövlət vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəifndən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi 1989-cu ildən hazırki vaxtadək Azərbaycan Respublikası ərazisində yaşaması faktının müəyyən edilməsinin onun Azərbaycan Respublikası vətəndaşlığını əldə etməsinə dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi 1989-cu ildən hazırki vaxtadək Azərbaycan Respublikası ərazisində yaşaması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, göstərilən faktın müəyyən edilməsinin ərizəçi üçün hüquqi əhəmiyyəti olduğundan və həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi 1989-cu ildən hazırki vaxtadək Azərbaycan Respublikası ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması ərizəçinin izahatı ilə, şahid ifadələri ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 1989-cu ildən hal-hazıradək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən1 (bir) ay müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-980/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-980/2021
31.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver