Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-983/2020 25.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Çingiz Mustafayev küçəsi, ev 5 ünvanına istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Ç.Mustafayev küçəsi 5 saylı ev onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun qaynatası qohumu olmaqla 2015-ci ildə ondan xahiş etmişdir ki, onu müvəqqəti olaraq evinə pasport qeydiyyatına salısın. O da cavabdehə inanaraq onu müvəqqəti olaraq evinə pasptort qeydiyyatına düşməsinə razılıq vermişdir. Bundan sonra Bakı şəhəri, Xəzər Rayon Məhkəmsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi əsasında qaynatası ilə qaynanası X2 arasında olan nigah qeydiyyatı pozulmuş və cavabdeh də evdən çıxıb getmişdir. Bundan uzun müddət keçməsinə baxmayaraq cavabdeh onun evində pasport qeydiyyatında qalıb və cavabdehi də o tapa bilmir. Cavabdehin əvəzinə də kommunal xidmət haqlarını ödəmək onun üçün maddi çətinlik yaradır. Məhkəmə iclasında iddiaçı X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlıakın alqı-satqısına dair müqavilənin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsini İddiaçı satmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Ç.Mustafayev küçəsi, 5 saylı ev tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Xəzər RPİ QvŞV şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, CavabdehBakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Çingiz Mustafayev küçəsi, ev 5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1272/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X2 ilə Cavabdeh arasında xx.xx.1982-ci il tarixdə bağlanmış və Mingəçüvir nikah evində nikahın pağlanması haqqında akt qeydləri kitabında 06 sayla qeydə alınmış nikah pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Əlavə Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı X3 Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Çingiz Mustafayev küçəsi, 5 saylı evi xx.xx.2018-ci il tarixdə alqısatqı müqaviləsi əsası ilə Cavabdeh alaraq mülkiyyətinə keçirmişdir və hazırda cavabdehlər formal olaraq ona məxsus evdə qeydiyyatda olsa da, həmin evdə yaşamır. İddiaçı cavabdehlərin istifadə hüquqlarının itirilməsini tələb etsə də, cavabdehin mübahisəli mənzilində istifadə hüququ müəyyən edilmir. Belə ki, həmin hüququn yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində, əvvəlki Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələrində, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslar mövcud deyildir. Hər hansı hüquqa xitam verilməsi və ya itirilmiş hesab edilməsi üçün əvvəlcə hüququn olması müəyyən edilməlidir. Cavabdehlərin mənzilə istifadə hüququnun olması müəyyən edilmədiyindən istifadə hüququnun itirilməsi barədə tələb də təmin edilə bilməz. Belə ki, cavabdeh xx.xx.2018-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqısına dair müqavilə görə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsini iddiaçıya rəsmi qaydada satdıqdan sonra onun həmin torpağa və üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqlarına xitam verilmişdir. Cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda olması isə evə istifadə hüquqlarının olması kimi qəbul edilə bilməz. Belə ki, “Yaşayış yeri və oluğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunvericilikdə yaşayış yeri üzrə qeydiyyatın istifadə hüququ kimi hüquqi nəticə doğurması nəzərdə tutulmayıb. Ona görə də cavabdehin mənzildən istifadə hüququnun olması müəyyən edilmədiyindən iddiaçının istifadə hüququna xitam verilməsi barədə iddiası təmin edilməməlidir. Məhkəmədə iddiaçı tərəf cavabdehin istifadə hüququna xitam verilməsi barədə tələb irəli sürməsini yalnız onların həmin mənzildən qeydiyyatdan çıxara bilmədiyi ilə əsaslandırmışdır. Belə olan halda hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin iddiaçının mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Belə ki, həmin maddəyə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Odur ki, şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmadığının müəyyən edilməsi həmin maddənin göstərişinin mənasına uyğundur, şəxsin qeydiyyatdan çıxarılmasına əsas verir. Eyni zamanda məhkəmə qeyd edir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə hesab edir ki, mənzildən istifadə hüququnun olması müəyyən edilməyən cavabdehlərin iddiaçının (mülkiyyətçinin) iradəsinə zidd olaraq onun mənzilində yaşayış yeri üzrə qeydiyyatda qalması mülkiyyətdən maneəsiz istifadə hüququna xələl gətirir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X1 Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna itirilmiş hesab edilməsi barədə iddia tələbi rədd edilsin. Bu qətnamə Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Çingiz Mustafayev küçəsi, 5 saylı evdən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində ondan Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-983/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-983/2020
25.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver