Məhkəmə qərarları › İş №2(003)-985/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-985/2021

03.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-985/2021 03.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1, Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı onun iki azyaşlı övladı qeydiyyatda olduqları ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1, oğlu ilə 27.08.2005-ci il tarixdə nikaha daxil olaraq evlənmişdir. Birgə nikahdan 31.07.2006-cı il tarixdə X4 və 17.01.2010-cu il tarixdə X5 anadan olmuşlar. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuşdur. Bir-birilərini başa düşmürlər və aralarında heç bir narazılıq olmamışdır. Bir müddət keçdikdən sonra ailə münasibətləri tədricən soyuyaraq hazırda tamamilə kəsilmişdir. 2020-ci ildə nikahları məhkəmə qətnaməsilə pozulmuşdur. Qeydiyyatda olduğu ünvan 2 ünvanından, gəlin köçüb yaşadığı evdən məcburi şəkildə qovulmuşdur. 2 azyaşılı övladı ilə çarəsiz vəziyyətdə qalmışdır. Əvvəlcə ona cavabdehlər tərəfindən vəd olundu ki, yaşayış üçün ev alınacaq. Lakin 1 ilə yaxın müddətdir ki, verilən vədlərə əməl olunmadığından məhkəməyə müraciət etməli olmuşdur. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 2005-ci il tarixdən 31.07.2006-cı il təvəllüdlü X4 və 17.01.2010-cu il təvəllüdlü X5 ilə yaşadıqları və məcburi şəkildə çıxarıldıqları Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni sahə adlanan ərazidə yerləşən 5 otaqlı fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi, həmçinin izahatgında bildirdi ki, ev qaynanasının evidir. 2005-ci il tarixdən 2019-cu ilin dekabr ayına kimi həmin evdə yaşamışdır. Onu həmin evdən aralarına mübahisə olduğunda çıxarmışdır. Hazırda kirayədə qalır. Kirayə pulunu alimentlə birlikdə Cavabdeh1 ödəyir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf etməyərək onun rədd olunmasını xahiş etdi və izahatında bildirdi ki, aralarındakı münaqişə iddiaçının xəyanəti ilə əlaqəlidir. Odur ki, iddiaçı evdən getməyə məcbur olmuşdur. Birgə yaşadıqları dövrdə evdə hər hansı tikinti təmir işləri görülməyib. Ola bilər ki, hər hansı cüzi işlər görülüb, hal-hazırda da ev təmirsizdir. Evi atası tikmişdir. Onun evin tikilməsinə heç bir aidiyyəti yoxdur. Evin yerləşdiyi torpaq sahəsi də anasına sərəncamla ayrılmışdır. Yəni torpaq sahəsi onundur. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini etiraf etməyərək iddiaya etiraz təqdim etməklə qeyd etdi ki, ididaçı ilə Cavabdeh1 arasında olan nikah pozulduqdan sonra Cavabdeh1 onlar üçün Bakı şəhəri, Hövsan qəsəbəsində 3 otaqlı mənzil kirayə götürmüş və 1 ilə yaxındır ki, həmin mənzildə yaşayırlar. Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin 03.03.1994-cü il tarixli 170 saylı sərəncamı ilə X1 fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində Böyükxanım Məmmədova və onun əri tərəfindən fərdi ev tikilmişdir. Göründüyü kimi iddiaçının heç bir hüquqi əsası yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20.05.2020-ci il tarixli 2(003)-672/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında 27.08.2005-ci il tarixdə bağlanmış nikah pozulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin 03.03.1994-cü il tarixli 170 saylı sərəncamının surətindən görünür ki, həmin sərəncam X1 Zirə qəsəbəsinin 24 saylı sahəsində fərdi ev tikmək 1200 kv.m torpaq sahəsinin ayrılması haqqında verilmişdir. Beləliklə, işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə müəyyən edilmişdir ki, mübahisəli ev iddiaçı və Cavabdeh1 deyil, Böyükxanım Məmmədovanın şəxsin mülkiyyətindədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, Böyükxanım Məmmədovanın adına Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin 03.03.1994-cü il tarixli 170 saylı sərəncamı ilə Zirə qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmışdır. X3 ayrılmış torpaq sahəsində sonuncu və əri tərəfindən ev inşa edilmiş (işin mübahisələndirilməyən halı), iddiaçı isə 2005-ci il tarixdə Cavabdeh1la ailə qurduqdan sonra həmin evdə yaşamağa başlamışdır. Onların birgə nikahlarından 31.07.2006-cı il təvəllüdlü X4 və 17.01.2010-cu il təvəllüdlü X5 doğulmuşdur. Qeyd edilənlər nəzərə alınmaqla hazırki işlə bağlı ilk növbədə qeyd edilməlidir ki, özbaşına inşa edilmə nəticəsində yaranmış əmlak olan mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, iddiaçının mübahisəli evə dair hər hansı bir hüququ əmələ gəlmədiyindən, o, həmin evə köçürülməsini tələb etməkdə haqlı deyildir. Çünki, Azərbaycan Respublikasının qanunvericiliyi evə hər hansı bir hüququ olmayan şəxs tərəfindən həmin evə köçürülməsinə dair tələblə çıxış etmək hüququnu nəzərdə tutmur. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 noyabr 2018-ci il tarixli qərarında mənzilə köçürülmə tələbinə dair iddialara baxılması zamanı tətbiq edilməli olan normalarla bağlı hüquqi mövqeyini aşağıdakı kimi ifadə etmişdir: Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahələri yalnız “mülki dövriyyənin predmeti olduqda” mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 66.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarına əsasən Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 16-cı maddəsinə əsasən yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. Hazırkı iş üzrə iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin özbaşına tikili olduğu, heç bir hüquq müəyyənedici sənədi olmadığı və beləliklə də həmin evin mülki qanunvericiliyə əsasən də mülki dövriyyənin predmeti olmadığı mübahisəsiz olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci, Mənzil Məcəlləsinin 16-cı maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30.11.2018-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu cür tikililər yaşayış sahəsi hesab edilmədiyindən, həmin tikiliyə köçürülmə tələbi də təmin oluna bilməz. Bunundan əlavə məhkəmə qeyd edir ki, həmin evin inşa edildiyi torpaq sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq digər cavabdeh Böyükxanım Məmmədova sərəncamla ayrılmış torpaq sahəsi üzərində inşa edilmişdir və sonuncunun həmin tikiliyə dair torpaq sahəsinin ona ayrılmasından irəli gələn mülkiyyətə gözlənti hüquqları mövcud olmuşdur. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Lakin məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Belə olan halda həmin evin rəsmi olaraq dövlət reyestrində qeydiyyata alındığı halda belə mülkiyyətçinin razılığı tələb olunmalı olması birbaşa qanunvericilikdə əksini tapmışdır. Hazırki işin halları baxımından isə mülkiyyət kimi qeydiyyata alınmayan evdə iddiaçının yaşaması yuxarıda qeyd edilən normaya istinad edilməklə həmin əmlaka köçürülməsi üçün əsas kimi qəbul edilə bilməz. Eyni zamanda işin məhkəmə zamanı müəyyən edilmiş hallarından da aydın olur ki, iddiaçı həmin evi tərk edərkən ona qarşı hər hansı zor tətəbiq edilməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə barədə iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar