Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-986/2021 18.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə Xəzər rayon Zirə qəsəbəsində yerləşən daş karxanalarından birində iş yoldaşı olmuşdur. Cavabdeh ilə səmimi münasibətləri olmuşdur. Cavabdeh 2020-ci il avqust ayların borc olaraq 1500 manat pul istəmişdir. Borc olaraq ondan aldığı 1500 manatı ən qısa müddətdə (iki həftə müddətində) geri ödəyəcəyini bildirmişdir. Əlavə olaraq cavabdeh bildirmişdi ki, köməyinin qarşılığı olaraq aldığı pulun üzərində 200 manat da əlavə hörmət edəcək. O, isə Cavabdeh bildirdi ki, ona əlavə pul gərək deyil, köməkliyin qarşılığını yalnız söz verdiyin zamanda 1500 manatı ödəsən kifayət edər. Söz verdiyi zaman çatdıqda isə borc olaraq cavabdehə verdiyi 1500 manat puldan ona yalnız 300 manatını geri qaytarıb. Qalıq pul olan 1200 manatın alınması ilə əlaqədar cavabdehin fərdi mənzilinə getsə də, yaxın qohumlarından (qardaşından) xəbər göndərsə də heç bir müsbət irəliləyiş olmadı. Bu iş ilə əlaqədar xx.xx.2020-ci il tarixində DİN-nin 102 Qaynar xəttinə zəng etmişdir.xx.xx.2020-ci il tarixində bu iş ilə əlaqədar İfadə almaq məqsədilə onu Xəzər RPİ dəvət etdilər. Onun İfadəsini polis sahə rəisi, polis mayoru Nəbi Orucova vermişdir. Sonraki mərhələdə ona məlum oldu ki cavabdeh ifadə verməyə belə gəlməmişdir. xx.xx.2020-ci ildə bu iş ilə əlaqədar Xəzər RPİ rəisi, polis polkovniki Əli İbrahimova rəsmi şəkildə ərizə ilə müraciət etmişdir. Rəsmi müraciətinə heç bir cavab gəlmədi. Daha sonra cavabdehdən rəsmi şəkildə Bakı şəhəri BPİ müraciət etmişdir. Müraciətinə rəsmişəkildə cavab gəlmişdir ki, işin halları “mülki xarakterli” olduğu üçün məhkəməyə müraciət etməlidir. Ona görə də cavabdehdən 1200 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı etiraf edərək göstərdi ki, həqiqətən iddiaçıya hazırda 1200 manat borcu vardır. O, iddiaçıdan 1500,0 manat borc pul almışdır. Həmin məbləğdən 300,0 manatını cavbdehə qaytarmışdır. Qalan 1200,0 manat borcunuda qaytaracaqdır.O, iddianın təmin olunması barədə qətnamə çıxarılmasına etirz etmədiyini bildirdi və bu barədə yazdığı ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis idarəsinin İddiaçı ünvanlandığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İlqar Məcudov tərəfindən pulun qaytarılması barəsində müraciətdə göstərdiyiniz xüsusatlar əsasında araşdırma aparılarkən aranızda yaranan mübahisəli məsələnin mülki xarakterli olması müəyyən edilmişdir. Aranızda olan mübahisəli məsələnin həlli ilə bağlı mülki qaydada məhkəmə orqanlarına müraciət etməyi hüququnun olması qeyd edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, o, iddia tələbini etiraf edir və 1200 manat məbləğində iddiaçıya borcu vardır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər Xəzər rayon Zirə qəsəbəsində yerləşən daş karxanalarından birində iş yoldaşı olmuşlar. Cavabdeh iddiaçıdan 2020-ci il avqust ayların borc olaraq 1500 manat pul istəmişdir. Cavabdeh iddaçıdan aldığı 1500 manat puldan yalnız 300 manatını geri qaytarmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsində iddiaçıya 1200 manat borcunun olduğunu etiraf etmişdir. Hazırda cavabdehin iddiaçıya 1200 manat ödənilməyən borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu tam ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Ona görə ki, Cavabdeh məhkəmə iclasında iddiaçının ona 1500 manat məbləğində pul vəsaitini verməsini, hazırda idiaçıya 1200,0 manat borcu olmasını etiraf etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar Cavabdeh tərəfindən etiraf edilərək, qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2. maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3. maddəsinin göstərişinə əsasən isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdehin iddianı tam etiraf edərək onu qəbul etməsi qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlir və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Məhkəmə, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və işin araşdırılan hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı hesab edilərək təmin olunmalı, Cavabdeh 1200,0 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1200 (bir min iki yüz) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-986/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-986/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver