Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-988/2022 19.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh 29 saylı Birləşmiş Şəhər Xəstəxanasına qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi buraxılmış iş günlərinin ödənilməsinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh 29 saylı Birləşmiş Şəhər Xəstəxanasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 saylı Birləşmiş Şəhər Xəstəxanasına xx.xx.2021-ci il tarixli 418-K əmrinin ləğv edilməsi, onun həmin Xəstəxananın pediatriya şöbəsinə sahə tibb bacısı vəzifəsinə işə bərpa edilməsinə və məcburi buraxılmış iş günlərinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, o, 01.0*.2017-ci ildən 29 saylı Birləşmiş Şəhər Xəstəxanasının Poliklinikasının pediatriya şöbəsində sahə tibb bacısı vəzifəsində çalışır və o, * ilə yaxın müddətdə xidməti sahəsində qüsursuz işləmişdir. Lakin, cavabdeh 29 saylı Birləşmiş Şəhər Xəstəxanası 21 avqust 2021-ci il tarixli 2 418-K nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onun əmək müqaviləsinə xitam vermişdir. Hesab etmişdir ki, həmin əmr əmək qanunvericiliyinə zidd verilmişdir, odur ki, xx.xx.2021-ci il tarixli 418-K nömrəli əmr ləğv edilməlidir. Həmin əmr iddiaçıya R 0*.01.2021-ci il tarixdə təqdim olunmuşdur. Belə ki, ilk növbədə qeyd etmək istəmişdir ki, 29 saylı Birləşmiş Şəhər Xəstəxanası əmrini onunla əsaslandırmışdır ki, guya İddiaçı əmək fəaliyyəti zamanı kobud səhvlərə yol vermiş, hüquq pozuntuları törədərək işə götürənin və müəssisənin mənafeyinə ciddi xələl gətirmişdir. Lakin, verilmiş əmrdə İddiaçı konkret olaraq hansı əmək funksiyasını və əmək müqaviləsi üzrə hansı öhdəliklərini yerinə yetirməməsi göstərilməmiş və əgər əmrdə göstərildiyi kimi əmək fəaliyyəti zamanı kobud səhvlərə yol veribsə, hüquq pozuntuları törədibsə bu pozuntuların nədən ibarət olması qeyd olunmamışdır. O, heç vaxt hüquq pozuntularına yol verməmişdir əmrdə göstərilənlər həqiqətə uygun deyildir. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı 01.0*.2017-ci il tarixdə 163 nömrəli əmrlə 29 saylı Birləşmiş Şəhər Xəstəxanasının Poliklinikasının pediatriya şöbəsində sahə tibb bacısı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2021-ci il tarixli 418-k nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad edilmişdir. İşdə olan İcbari Tibbi Sığorta Agentlyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Bakı şəhər Baş Səhiyyə İdarəsi 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının İddiaçı vəzifədən azad etmə barədə xx.xx.2021-ci il tarixli 418-k nömrəli əmrinin surətindən görünür ki, 29 saylı Birləşmiş Şəhər Xəstəxanasının Poliklinikasının pediatriya şöbəsində sahə tibb bacısı İddiaçı əmək müqaviləsinə, xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi barədə əmr verilmişdir. Həmin əmrin çıxarılmasına əsas Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin "e" bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işə götürənin, müəssisənin mənafeyinə ciddi xələl gətirməsinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və onun tələblərinə görə tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi, “a” bəndi). Əmək münasibətləri üzrə tərəflərdən biri qismində işəgötürən çıxış edir və İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları ƏM-nin 70-ci maddəsində nəzərdə tutulur. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi özündə 3 əsası ehtiva edir: a) İşçi özünün əmək funksiyasını yerinə yetirmədikdə; b) İşçi əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə; c) Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-3-cü hissələrinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 7*-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Əmək Məcəlləsinin 84-cü maddəsində əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununa dair tələblərdə əmək müqaviləsinin ləğv edilməsinin əsasının olması zəruriliyi ilə yanaşı həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi və bəndi öz əksini tapmalıdır. Qeyd olunan Əmək Məcəlləsinin tələblərindən görünür ki, işəgötürən tərəfindən həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalı, həmçinin əmək müqaviləsi işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilməli, əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsası göstərilməlidir. Məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il tarixli 418-k nömrəli əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin "e" bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işə götürənin, müəssisənin mənafeyinə ciddi xələl gətirməsinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə vəzifəsindən azad edilməsi göstərilsə də, işin araşdırılmış halları ilə həmin əsasların mövcüdluğu və əmək müqaviləsinin xitamının zəruriliyi müəyyən edilməmiş, bu barədə cavabdehdən tərəfindən hər hansı bir sübutlar (sənədlər) məhkəməyə təqdim olunmamışdır. Bunula da iddiaçı ilə cavabdeh arasında bağlanılmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi üçün hüquqi əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunaraq iddiaçı 29 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli 418-k saylı əmri ləğv edilməklə əvvəlki işinə bərpa edilməlidir. Həmçinin ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 7*-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İcbari Tibbi Sığorta Agentlyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Bakı şəhər Baş Səhiyyə İdarəsi 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli 418-k nömrəli əmri ləğv edilməli, iddiaçı həmin xəstəxanın pediatriya şöbəsində sahə tibb bacısı vəzifəsinə bərpa edilməli, xx.xx.2021-ci il tarixdən işə çıxdığı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İcbari Tibbi Sığorta Agentlyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Bakı şəhər Baş Səhiyyə İdarəsi 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli 418k nömrəli əmri ləğv edilsin. İddiaçı 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının pediatriya şöbəsində sahə tibb bacısı vəzifəsinə bərpa edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən işə çıxdığı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-988/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-988/2022
19.04.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver