Məhkəmə qərarları › İş №2(003)-994/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-994/2022

14.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-994/2022 14.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin və azyaşlı övladı X2 ünvan 1 ünvanından istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun doğma bacısıdır və doğulduğu 1974-cü il tarixdən 1990-cı il tarixədək ona məxsus evdə yaşamış və 1990-cı ildən evi tərk etmişdir. Xəzər RİH Başçısının Buzovna qəsəbə İƏDN tərəfindən verilmiş 29.11.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh və övladı X5 1990-cı il tarixdən ünvan 1 ünvanında yaşamırlar. Qeyd olunanlara əsasən, cavabdehin və azyaşlı övladı X2 ünvan 1 ünvanından istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X4 ifadəsində göstərmişdir ki, iddiaçının qonşusudur. O, cavabdehi və övladını 32 ildir orada görmür. İddiaçı uşaqlıqdan həmin ünvanda yaşayır, iki bacısı olub, biri ölüb digəri isə 32 ildir orada yaşamır. Digər şahid X6 ifadəsində göstərmişdir ki, iddiaçı onun qonşusudur. O, digər şahidin ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmə, iddiaçının nümayəndə-vəkilinin izahatını, eləcə də şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 10.01.2022-ci il tarixli ******* nömrəli arayışından görünür ki, Cavabdeh və 11.04.2005-ci il təvəllüdlü X5 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarından görünür ki, ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti Başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29.11.2021-ci il tarixli məktubu və ona əlavə edilmiş aktdan görünür ki, qonşuların iştirakı ilə tərtib edilmiş akta əsasən Cavabdeh və X5 ünvan 1 ünvanında yaşamır. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, iddiaçının bacısı olan cavabdeh və onun azyaşlı övladı ünvan 1 ünvanında müvafiq olaraq qeydiyyatda olsalar da, cavabdeh 1990-cı ildən, onun övladı isə doğulduğu tarixdən orada yaşamır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırki iş üzrə tərəflər arasında yaranmış hüquq münasibətləri 2009-cu ilədək yarandığından məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt, yəni 2009cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən, Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Beləliklə, məhkəmə, şərh olunanları, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, Cavabdeh iddiaçının ailə üzvü kimi ona məxsus yaşayış sahəsindən istifadə hüququna malik olsa da, lakin 1990-cı ildən həmin ünvandan köçərək başqa ünvanda daimi yaşamağa başlamasını nəzərə alaraq, iddia tələbi təmin edilməli, Cavabdeh və onun övladı 11.04.2005-ci il təvəllüdlü X2 ünvan 1 ünvanından istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh və onun övladı 11.04.2005-ci il təvəllüdlü X2 ünvan 1 ünvanına istifadə hüququ itirilmiş hesab edilsin. Bu qətnamə, Cavabdeh və 11.04.2005-ci il təvəllüdlü X2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar