Məhkəmə qərarları › İş №2(004)-100/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-100/2022

06.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-100/2022 06.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair" mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə 08.09.2016-cı il tarixli, RB/FS-3895_RES saylı baş kredit xətti müqaviləsi üzrə 341.980 manat əsas borc, 60.524,23 manat faiz borcu, 72.800 manat dəbbə pulu olmaqla, cəmi 475.304,23 manat borcun və ödənilmiş 60 manat dövlət rüsumunun tutulması, tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sahə küçəsində istifadədə olan 0.1221 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 28.8 kv.m. yaşayış, 65 kv.m. yardımçı sahədən ibarət Ş/13 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti müəyyən edilməklə tutmanın həmin əmlaka yönəldilərək açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş pul vəsaiti borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun cavabdehdən tutulması, ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmetinin boşaldılması və boşaldılmış şəkildə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 08.09.2016-cı il tarixli, RB/FS-3895_RES saylı baş kredit xətti müqaviləsinə əsasən borcalana illik 18 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 548000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuş, həmin kredit xətti müqaviləsi üzrə ona 08.09.2016-cı il tarixdə 494980 manat, 14.09.2016-cı il tarixdə 3000 manat, 04.10.2016-cı il tarixdə isə 6000 manat verilmişdir. Cavabdeh1 bank tərəfindən ona ayrılmış kredit xətti üzrə limitindən 503980 manat məbləğini istifadə etmişdir. Sözügedən kredit xətti müqaviləsi üzrə faiz dərəcəsi isə 08.06.2017-ci il tarixində 18 faizdən 16 faizə endirilmişdir. 08.09.2016-cı il tarixli, RB/FS-3895 RES saylı baş kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq öhdəliklərin icra edilməsindən qərəzli olaraq yayınmışdır. 26.04.2021-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 08.09.2016-cı il tarixli, RB/FS-3895 RES saylı baş krediı müqaviləsi üzrə borcu 341980 manat əsasə borc, 60524,23 manat faiz borcu, 72800 manat dəbbə pulu olmaqla, cəmi 475304,23 manat təşkil edir. Baş kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi 08.09.2016-cı il tarixli sonrakı İpoteka müqavilsinə əsasən tam mülkiyyət hüququ ilə cavab Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sahə küçəsində istifadədə olan 0.1221 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, kv.m. yaşayış, 65 kv.m. yardımçı sahədən ibarət Ş/13 nömrəli fərdi yaşayış evi bank qarşısında yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Həmçinin Cavabdeh2 əri həmin əmlakın ipoteka ilə yüklü edilməsinə dair notarial qaydada razılıq vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 317.1, 385.1, 442, 445.1, 448.2, 472, 739-cu, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 34, 36 və 59-cu maddələrinin tələblərini nəzərə alaraq, müəyyən etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 08.09.2016-cı il tarixli, RB/FS-3895_RES saylı baş kredit xətti müqaviləsinə əsasən borcalana illik 18 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 548000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuş, həmin kredit xətti müqaviləsi üzrə ona 08.09.2016-cı il tarixdə 494980 manat, 14.09.2016-cı il tarixdə 3000 manat, 04.10.2016-cı il tarixdə isə 6000 manat məbləğində kredit verilmişdir. Habelə, baş kredit xətti müqaviləsinin təminatı olaraq, 08.09.2016-cı il tarixli sonrakı İpoteka müqavilsinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sahə küçəsində istifadədə olan 0.1221 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, kv.m. yaşayış, 65 kv.m. yardımçı sahədən ibarət Ş/13 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Hazırda iş materiallarına əlavə edilmiş 27.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 müvafiq kredit müqaviləsi üzrə banka borcu 341980 manat əsasə borc, 60524,23 manat faiz borcu, 72800 manat dəbbə pulu olmaqla, cəmi 475304,23 manat təşkil edir. Göründüyü kimi, bank kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin tələblərinə görə bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Odur ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə onu da qeyd edir ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası əsasında “Yeni Dövr” Qiymətləndirilmə mərkəzi tərəfindən tərtib edilmiş 24.09.2021-ci il tarixli, 115 saylı hesabatdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sahə küçəsində istifadədə olan 0.1221 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, kv.m. yaşayış, 65 kv.m. yardımçı sahədən ibarət Ş/13 nömrəli fərdi yaşayış evinin bazar qiyməti 314.000 manat, likvid dəyəri isə 283.500 manat təşkil edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi qanuni və əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh Cavabdeh1 341980 manat əsasə borc, 60524,23 manat faiz borcu, 34000 manat dəbbə pulu olmaqla, cəmi 436504,23 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 60 manat məbləğində vəsait iddiaçının xeyrinə tutulmalı; tutma ipoteka predmetinə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracdan satılmalı, satışdan əldə olunmuş pul vəsaiti tutularaq, banka ödənilməli, poteka predmeti satıldıqdan ən geci bir ay ərzində boşaldılmalıdır. Habelə, məhkəmə AR Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldılmasını məqbul saymışdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ipoteka predmeti satıldıqdan sonra, mülkiyyətçi dəyişdiyinə görə yeni mülkiyyətçinin evin boşaldılmış vəziyyətdə təhvil verilməsini tələb etmə hüququ olduğundan, müvafiq olaraq, iddiaçı bankın cavabdehin mübahisəli evi boşaldılmış vəziyyətdə təhvil verilməsini tələb etməyə dair subyektiv hüququ olmadığından iddia həmin hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 08.09.2016-cı il tarixli, RB/FS-3895_RES saylı baş kredit xətti müqaviləsi üzrə 341 980 manat əsasə borc, 60 524,23 manat faiz borcu, 34 000 manat dəbbə pulu olmaqla, cəmi 436 504,23 (dörd yüz otuz altı min beş yüz dörd manat 23 qəpik) manat borc, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsum və iddia verilməsi üçün məhkəməyə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sahə küçəsində istifadədə olan 0.1221 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, kv.m. yaşayış, 65 kv.m. yardımçı sahədən ibarət Ş/13 nömrəli fərdi yaşayış evinə yönəldilsin və ipoteka predmetinin ilkin satış qiyməti 283.500 (iki yüz səksən üç min beş yüz) manat dəyərində qiymətləndirilməklə, açıq hərracda satılsın. Əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılsın. Əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan borc ödənilsin. Əmlakın satışından artıq qalan vəsait Cavabdeh2 qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar